“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukraynanın “Sport Ekspress” saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Bir paraşütçünün 2-ci tullanışı 1-cidən daha çətin olur. “Qəbələ”də ikinci mövsüm necə keçdi?
- Ötən mövsüm elə də asan olmadı. İlk mövsümü 2 hissəyə bölmək olar. Ötən mövsüm Avropa Liqasında 4 təsnifat mərhələsi adlayıb qrupa düşdük. İkinci hissə isə Azərbaycan çempionatı idi ki, burda bizə çox çətin oldu. Deyə bilərəm ki, ötən mövsüm məşqçi kimi karyeramda ən çətin mərhələ idi.
- Bürünc medal qazanmağınız sizin üçün uğurdur, yoxsa böhranla əlaqədar olan narahatlıq?
- Məyusluqdan və narahatlıqdan heç bir söhbət gedə bilməz. Mən düşünürəm ki, nəticənin qiymətləndirilməsi ilə bağlı bütün neqativ halları istisna etmək lazımdır. Allaha üsyan etmək lazım deyil. Əldə etdiyimiz hər şeyi qiymətləndirməliyik. Bu nəticəni müsbət adlandırardım. Sualın emosional tərəfinə gəlincə, biz düşünürdük ki, yaxşı oyun göstərib “Qarabağ”la birinci yer üçün mübarizə aparacağıq. Bu barədə açıq aşkar danışırdıq və bildirirdik ki, mümkünsüz heç nə yoxdur.
- Bəs, nəyi etmək lazım deyildi?
- Düşünürəm ki, insanlar iddialı hədəflər müəyyən etməli və ambisiyalı hədəflər qoymalıdır. Amma ağılla analiz etsək, görərik ki, hazırki Azərbaycan çempionu bizdən daha güclüdür və layiq olduğu yerdədir.
- Siz məşqlərdə intensiv olaraq nəyi dəyişirdiniz?
- Bu cür yanaşma bizə yaxşı tanışdır. Ağır yüklü elə prosesləri “Çernomorets”də keçmişik. Detallı olaraq mövsümün necə keçdiyini yada salsaq, “Qarabağ”la 1-2 oyun istisna olmaqla digər oyunlarda qələbə qazana bilərdik. Əksər oyunlarda biz oyunları üstün keçirirdik. Amma qol şanslarımızı boşa verirdik.
- “Qarabağ”ın hegemonluğu nə ilə bağlıdır?
- “Qarabağ” bizim əsas rəqibimizdir. Onlar haqqında “yaxşı” deməklə iş bitmir. Daha yüksək tonda danışırlar. Uğur qazanmaq üçün bu klubda hər şey yüksək səviyyədə cəmləşdirilib. Mən səmimi şəkildə deyirəm ki, onlar Çempionlar Liqasının qrupuna düşəcəklər.
- Mən bilirəm ki, siz Qurban Qurbanova hörmət edirsiz. Onun bir hərəkəti Avropada da müzakirə olundu. “İnter”lə oyunda hakimin yanlış penaltisini vurmamaq əmrini verdi. Bu ona olan hörmətinizi artırdı...
- O, möhtəşəm məşqçidir və gözəl insandır. Bu hərəkəti isə məni təəccübləndirmədi. Çox şadam ki, onunla yaxşı münasibətim var. Qurbanovla hər zaman telefonda danışa və istənilən mövzunu müzakirə edə bilərik.
- Biz dəfələrlə azərbaycanlıların menatiletini müzakirə etmişik. Məni isə bir sual maraqlandırır. Siz yerli futbolçuların oruc tutmaq problemini necə həll edirsiz? Bu onların səhhətinə ziyan edə bilər...
- Mən açıq danışacam. Bizim komandanın futbolçularının əksəriyyəti inanclıdır və oruc tuturlar. Yayda özlərini nəinki yeməkdən, sudan da məhrum edirlər. Yalnız axşamlar qidalanırlar. Bu kifayət qədər çətindir. Çünki mövsümöncəsi hazırlıq dönəminə təsadüf edir. Buna baxmayaraq mən onları anlayıram. Xüsusi qrafiklər tərtib edirəm ki, onların dua etməyə vaxtları olsun. Din məsələlərinə hörmətlə yanaşmaq lazımdır.
- "Qəbələ"nin akademiyasında olan oğlunuz Tamerlanın vəziyyəti necədir?
- Bizim klubun uşaq futbol məktəbində işləmək üçün əla şərait yaradılıb. İşə münasibət çox ciddidir. Oğlum kiçik qrup ilə işləyir. Növbəti mövsümdən onun həmyaşıdları arasında çempionat başladacaq. Onun işə münasibətini onda görəcəyik. Ümumilikdə isə mən onun şəxsi istəklərini rəhbər tuturam. Əgər istəyirsə, qoy, məşq etsin.
- Ukraynada bir həftəlik məzuniyyəti necə keçirmək fikrindəsiniz?
- Bakıdan Odessaya gəlmişəm. Bir müddət burda olacam. Sonra qızım gələcək və biz hamımız doğma diyarım Kolimaya gedəcəyik.
- Mövsüm ərzində başqa klublarda təklif gəlib?
- Bəli, qışda təkliflər almışdım. Bəziləri çox ciddi idi. Amma mən işlədiyim kluba hörmət edirəm. Buna görə də heç biri ilə danışıq aparmamışam. Anlayırdım ki, hər an "Qəbələ"də olmalıyam.
- Müqaviləniz 2017-ci ilə qədər nəzərdə tutulub?
- Bəli. Amma rəhbərliklə şifahi razılaşmışam ki, əgər çox ciddi və mənə maraqlı təklif olsa, onlar anlayışla qarşılayacaq.
- Şənbə günü Çempionlar Liqasının finalı baş tutdu. Oyuna necə baxdınız? Təhlil apardınız?
- Bir neçə dəfə təkrara baxmadan ciddi təhlil aparmaq olmaz. Bu səbəbdən də həmin oyunların videoyazısına sonradan baxıram.
- Sizin Dieqo Simyonenin komandasına münasibətiniz necədir?
- Bu kluba hörmət etməmək olmaz. Möhtəşəm nəticələr var. Futbolda isə nəticə məclisin başında əyləşir. Amma gözəl oyunla qazanılan nəticə daha yaxşıdır. Bu səbəbdən özümü "Atletiko" azarkeşi adlandıra bilmərəm. Mənim zövqümcə futbol başqa cür olmalıdır.
- Aleksey Antonov lazımi formasını yığa bilib?
- O, mövsümə avrokuboklarda başladı. Komandanın qrupa düşməsinə kömək etdi. Düşünürəm ki, Antonov həmin mərhələdə özünü çox yaxşı tərəfdən göstərdi. Topaz Premyer Liqasının sonuncu mərhələsində xoşagəlməz zədə aldı. Həmin zədədən döndükdən sonra asan olmadı.
- Aleksey Qay yaşlı olmasına baxmayaraq klubun bombardiri oldu və "Kəpəz"lə oyunda bürünc medal qazandıran qola imza atdı...
- Həmin oyunda hamı yaxşı oynadı. Bütün futbolçulara təşəkkür edirəm. Qaya gəlincə, şişirtmədən demək olar ki, o, klubun ən yaxşı oyunçusudur və sistemin əsas futbolçusu hesab olunur. Bura onun yüksək nəticələrini də əlavə edək.
- Mətbuatdan öyrəndik ki, Qay "Qəbələ"dən gedəcək...
- Mən bilirəm ki, o, Ukraynaya qayıtmaq qərarı alıb. Fikrimcə, Aleksey kimi adamları fikrindən döndərmək çətindir. Onun həyatında hər şey plan üzrə gedir. Mən birgə əməkdaşlığa görə Alekseyə minnətdaram. O, yüksək peşəkarlıq nümunəsidir. Qay gənclərə nümunədir.
- Dmitri Bezotosnı özünü necə göstərdi? 6 il əvvəl mütəxəsssilər onun heç vaxt güclü qapıçı olmayacağını deyirdilər. Vaxt gəldi ki, o, milliyə belə namizəd oldu...
- Dima güclənməyə davam edir və mövsümü yaxşı başa vurdu. Fikrimcə, hamı ondan razıdır. O, klub üçün əhəmiyyətli fiqurdur. Artıq qəti şəkildə deyə bilərik ki, o gələn mövsüm də "Qəbələ"də olacaq.
- Ukrayna millisi ənənəvi olaraq keyfiyyəti müdafiəçi baxımından əziyyət çəkir. Vitali Vernidub yığmanın siyahısında ola bilərmi?
- Vitalik Avroliqada güclü oynadı. Çempionatda meydana az çıxırdı. Amma yenə də onun peşəkarlığını qeyd etmək lazımdır. O, bir müddət oyun təcrübəsindən əziyyət çəkirdi. Buna baxmayaraq özünü məsuliyyətli aparırdı və formasını qoruyurdu. Oynadığı matçları da yüksək səviyyədə başa vurub.
- Üç cəbhədə mübarizə aparmağınız məşq prosesinə fərqli yanaşmağı tələb edirdi?
- Deməzdim. Belə hallarda yanaşma və iş bizə məlumdur. Buna oxşar vəziyyətlə 2 il öncə "Çernomorets"də olarkən üzləşmişdim. Mən səmimi olaraq deyirəm ki, 2 klubda da yaşadığım vəziyyəti təhlil etdim. Bu mənim təkmilləşməyim üçün əla idi.Həm də unutmaq lazım deyil ki, futbolçulardan bəziləri hər iki komandada çıxış ediblər və bu qrafikə öyrəşmişdilər. Ümumi olaraq düz addımlar atmışıq.
- Bəs, komandanın 10 oyunluq qələbəsizlik seriyasını nə ilə əlaqləndirirsiz?
- Bu oyunlarda biz fərqli səbəblərdən bir neçə vacib oyunçularımızı itirdik. Əsas olaraq da oyun stilimizi müəyyənləşdirən Cavid Hüseynovu. Eyni şeyi Dodo haqqında da demək olar. İkinci zədə səbəbindən uzun müddət oynamadı. Argentinalı Fakundo Perreyra da oynamadı. Hansı ki, o bizim oyun sistemimizə tam uyğun idi. Onun komandada qalmasını istəyirdik. Lakin ailə problemləri səbəbindən ayrıldı. Yeni heyəti isə iyunda topladıq. Heyəti Avroliqada 4 mərhələ keçməklə balanslaşdırdıq. Bu dönəmdə əsas ifaçıları itirmək çətin oldu. Bunu hiss etdik. Çox paradoksal vəziyyət yaranmışdı. Xal qazanmaq çətin olsa da, oyunları yüksək səviyyədə keçirirdik. Bəzi oyunlarda hücum xəttində son nöqtəni qoya bilmirdik. Buna ustalığımız çatmırdı. Bəzi hallarda isə hakimlərin qərəzli qərarları ilə rastlaşdıq.
- Aprel ayında çox ciddi hakim səhvlərindən şikayətlənirdiniz. Bu sadəcə səhvlər idi, yoxsa "Qəbələ"yə kimsə mane olurdu?
- Belə şeylərə sadə yanaşıram. Hakimlər də adi insanlardır. Onların səhv etmək haqqı var. Sadəcə biz mövsüm ərzində bununla çox rastlaşdıq. Bu səbəbdən xallar itirirdik. Burda qərəz görmürəm, amma hörmətsizlik kimi qəbul edirəm. Azərbaycanda da səviyyəli hakimlər var.
- "Rəvan"la oyunda meydanda qovuldunuz. Əvvəl də belə hadisələrlə üzləşmisiniz?
- Bir dəfə "Çernomorets"də oyunu buraxmaq məcburiyyətində qalmışdım. Azərbaycan isə belə vəziyyət ilk dəfə idi və ümid edirəm ki, bir də olmaz. Hakimə elə gəldi ki, mən texniki zonanın kənarına çıxdım. Odur ki, ona qarşı iradım yoxdur. Cəzamı qəbul etdim və çəkdim.
- Ondan sonrakı "Xəzər Lənkəran"la oyunda Mixail Savko ilə necə əlaqə qururdunuz?
- Oyun sakit məcrada keçdi. Bir böyükhesabla qalib gələ bilərdik. Odur ki, heç bir problem omadı.
- Andrey Qluşenko mövsümün əvvəlində niyə getdi?
- Mənim köməkçilərimin bir problemi var ki, onlar ailələrini yanlarına gətirə bilmirlər. Bu digər məşqçilərə də aiddir. Sadəcə Qluşenko ailəsindən ayrı qala bilmədi və ayrı qaldığı müddərdə çox acılar çəkdi. Bu da onun ayrılmasına gətirib çıxardı.