Onların Saxlanma Mərkəzində qalma müddəti dəyişir - Yenilənib

onlarin-saxlanma-merkezinde-qalma-muddeti-deyisir
Oxunma sayı: 1599

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, qanunsuz miqrantların Saxlanma Mərkəzində saxlanılması müddəti ilə bağlı yeni qaydalar müəyyənləşir.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, onların saxlanma müddəti Mərkəzdə yerləşdirilməsi barədə qərara uyğun olaraq Mərkəzə qəbul edildikləri andan hesablanır.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların Mərkəzdə yerləşdirilməsi barədə qəbul edilmiş qərarda göstərilən müddətdən artıq Mərkəzdə saxlanıla bilməzlər.

Bu müddət başa çatanadək həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) məsələsi həll olunmalıdır. Mərkəz rəisi bu barədə əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə yerləşdirilməsi müddətinin başa çatmasına 1 (bir) iş günü qalmış müvafiq icra hakimiyyəti orqanına şifahi və ya yazılı qaydada məlumat verir.

Məhkəmənin qərarı əsasında uzadılma halları istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Mərkəzdə saxlanılması müddətinin uzadılması, yaxud azad edilməsi (ve ya buraxılması) haqqında qərar qəbul edir. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Merkezde yerləşdirilməsi müddətinin uzadılması, yaxud azad edilməsi (və ya buraxılması) haqqında qərar Mərkəzə daxil olduqda bu Məcəllənin 82.6-cı maddəsi nəzərə alınmaqla dərhal icra edilməlidir.

***

Həmçinin Saxlanma Mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yazışmaları ilə bağlı yeni prosedur müəyyən edilir. 

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllənin 88-2.4-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, məhdudiyyətsiz sayda məktub, teleqram almaq və ya öz vəsaitləri hesabına göndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət hesabına bir ay ərzində iki dəfə məktub və ya teleqram göndərmək hüququna malikdirlər.

Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məktub və teleqram göndərməsi bu Məcəllənin 88-3.2-ci maddəsində müəyyən edilmiş müddətdə və senzura qaydalarına uyğun olaraq həyata keçirilir.

***

Saxlanma Mərkəzində saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə onun dəfni ilə bağlı yeni qayda müəyyən olunur.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs ağır xəstəliyə tutulduqda və ya vəfat etdikdə, Mərkəzin rəisi bu barədə dərhal həmin şəxsin yaxın qohumlarına (teleqram vasitəsilə), vəfat etdikdə, həmçinin onların vətəndaşı olduqları və ya daimi yaşadıqları dövlətin Azərbaycan Respublikasındakı diplomatik və ya konsulluq nümayəndəliklərinə, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxsə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlara və aidiyyəti dövlət orqanlarına məlumat verilməsini təmin edir.

Mərkəzdə saxlanılan əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə özünə və ya ətrafdakılara qarşı təhlükəli davranışla müşahidə olunan psixi pozuntu halları olduqda, o tibb işçisinin rəyinə əsasən ən geci 24 saat müddətində təcrid edilməklə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır. Bu müddətdə həyata keçirilən tibbi tədbirlər səmərəli olmadıqda, hemin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin psixiatriya yardımı almaq üçün müvafiq ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi üçün tədbirlər görülür.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin meyiti məhkəmə-tibb ekspertizası keçirildikdən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş digər prosessual hərəkətlər aparıldıqdan sonra onun qohumlarına təhvil verilir.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin öldüyü vaxtdan 7 gün müddətində meyitin təhvil verilməsi barədə müraciət daxil olmadıqda o, dövlət vəsaiti hesabına dəfn edilir. Həmin müddətdə meyitin daha uzun müddət saxlanılması barədə müraciət daxil olduqda, meyit müraciət edən şəxsin vəsaiti hesabına 30 günədək müddətdə müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumunun meyitxanasında saxlanılır.

Nuranə Daxilqızı