“Onsuz yaşaya bilmirəm...” – - Adil Əliyev

onsuz-yasaya-bilmirem-
Oxunma sayı: 7549


Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev “Brifinq” layihəsinin qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, “Gündəlik Teleqraf” qəzetində brifinq keçirən deputat qəzet əməkdaşlarının suallarını cavablandırıb. 1987-ci ildən sonra ilk dəfə redaksiyada qonaq olduğunu söyləyən Adil Əliyev mətbuat nümayəndələri barədə fikirlərini bölüşüb:

- Hər zaman cəmiyyət həyatında daha aktiv fəaliyyət göstərən mətbuat nümayəndələri ilə ünsiyyət qurmağa çalışıram. Ən azından yeni bir xarakter, sima ilə əlaqə yaradıb  cəmiyyətin ab-havasından xəbər tutmaq olur. Mənim anlamımda mətbuatda, ümumiyyətlə, həyatda düşmən mövqeyi tutmaq yoxdur. Hamımız insanıq, ola bilər ki, danışıq əsnasında, problemlər yaşanan ərəfədə kiməsə kin saxlayım, ancaq o, uzun çəkmir.  

Dilqəm Əhməd (redaktor): Dünən Məhəmməd Əmin Rəsulzadənin yubileyi idi. Cənab prezidentin bu barədə sərəncamı da oldu. Şəxsən Sizin üçün  Rəsulzadə kimdir? Ölkə başçısının sərəncamını necə dəyərləndirirsiniz?

- Biz Azərbaycan türkü olaraq öz tariximizə çox vaxt biganə yanaşmışıq. Bunun da nəticəsində başqa dövlətlərin nümayəndələri bizə yuxarıdan aşağı baxıb. Biz öz tariximizi qorumalıyıq. Məhəmməd Əmin Rəsulzadə çox qədim olmasa da, tariximizdir. O, XX əsrin əvvəllərində gözəl tarix yazmış  insanlardan biri olub. Müstəqilliyimizin, Azərbaycanın dövlət kimi region və dünyada tanınmasında onun xüsusi dəsti-xətti var. 

Dilqəm Əhməd: Cəbhə xəttində atəşkəs tez-tez pozulur. Ermənilər Tovuz istiqamətində intensiv həmlə edir. Belə ehtimallar var ki, onlar bizi təxribata çəkib hücum etməyimizi və Azərbaycanı beynəlxalq aləmə işğalçı ölkə kimi təqdim etmək istəyirlər. Bunu necə şərh edərdiniz?

- Gəlin, bir anlığa Azərbaycanla Ermənistanı müqayisə edək. Bu gün iki ölkə dünya ictimaiyyəti tərəfindən hansı səviyyədə qəbul olunur?  

Azərbaycan TAP və TANAP proyektlərinə qoşulursa, Avropa oyunlarına, "Eurovision" mahnı müsabiqəsinə, Avropa və dünya çempionatlarının ölkəmizdə keçirilməsinə ev sahibliyi edirsə, deməli Azərbaycanın fəaliyyəti dünya ictimaiyyəti, söz sahibi olan təşkilatlar tərəfindən yüksək  qiymətləndirilir. Azərbaycan qazı, nefti Avropaya daşınırsa, regionun açarı ölkəmizin əlindədirsə, bu fəallığı ilə nəinki düşmən, düşmən olmayan  ölkələri qıcıqlandırırsa, onda bu prosesə qiymət verə bilərik. Ermənistan kimi cılız dövləti il ərzində 50 min vətəndaşı tərk edir,  müəssisələrinin 51 faizini satmış bir ölkədir. İki inkişaf etmiş ölkə ilə düşmən mövqedə durursa, artıq Ermənistan bu kimi addımları atmağa məcburdur. Robert Köçəryanın dediyi kimi, vaxt gələcək, Ermənistan yalvaracaq ki, gəlin sülh sazişindən istifadə edək, istədiyiniz müqaviləni imzalamağa hazırıq. Artıq Azərbaycanın diqtəsi ilə oturub-durmağa hazır olan dövlətə çevriləcək. Buna zaman lazımdır. Bu zaman çox uzaqda deyil. Son zamanda Tovuz və digər cəbhə boyu ərazilərdə baş verən prosesləri Ermənistanın daxilində olan problemlərlə əlaqələndirirəm. Ermənistan güc  nümayiş etdirmək istəyir. Təbii ki, Azərbaycan ordusu, Müdafiə Nazirliyimizin əməkdaşları alternativ cavabı ilə onları yerində oturtmağı bacarır və sübut edir ki, ölkəmizlə 90-cı illərdəki Azərbaycan kimi davrana bilməzlər. Hələ ki, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dözüb, gözləyən,  onların cavabdehliyini başa düşən dövlət kimi başqa alternativ yollara əl atmırıq, problemlərimizin sülh yolu ilə həll olunmasını gözləyirik. Ermənistan hakimiyyəti narazı insanlara bəyan edir ki, müharibə şəraitində yaşayırıq, bizim təqaüd, məvacibimiz buna görə aşağı səviyyədədir. Bununla öz xalqını aldadaraq vaxt uzadır. 

Nərgiz Ehlamqızı (siyasət müxbiri) : Siz sosial şəbəkələrdə yazaraq şəhid olmaq istədiyinizi vurğulamışdınız. YAP funksioneri Siyavuş Novruzov da bəyan etdi ki, İrəvanı istədiyimiz an qaytara bilərik. Son problemlər fonunda Sizcə, müharibə başlanmalıdır, yoxsa sülhün tərəfdarı olmalıyıq?

- Biz onsuz da insanıq, insan ömrü bəllidir. Müharibə başlayarsa, ali baş komandan əmr verərsə, ön sıralarda getməyə hazıram. Demirəm ki, şəhid olacağam. Ermənilərlə müharibəyə etməyə hazır insan kimi erməni öldürməyə gedəcəyəm. Orada başıma bir iş gələrsə, şəhid olaramsa, sevinərəm ki,  bu dünyadan şəhid kimi köçürəm. Bu gün Azərbaycan vətəndaşları cihad elan edib Suriyaya müharibəyə gedirlər. Müsəlman müsəlmanı qırırsa, orada  şəhidlikdən söhbət gedə bilməz. Mən də üzümü o gənclərimizə tutub deyirəm ki, torpaqlarımız işğal altındadır, müsəlman öz torpaqları, inancı uğrunda vuruşub şəhid olursa, o, şəhid statusu qazanır. Öz gənclərimizi Qarabağımız uğrunda vuruşmağa çağırıram. Tələsmək lazım deyil, biz olmayacağıq, yeni gənclərimiz yetişir, onlar gəlib bu torpaqların sahibi olacaq. Suriyaya gedənlərin hansı səbəbdən cihad etdiklərini, onların  necə yoldan çıxdığını bilirik. Hələ ki, müharibə yoxdur, əmin-amanlıqda yaşayırıq. Dövlətimizin, millətimizin, xalqımızın hansı intellektual səviyyədə olmasını hərə öz sahəsi üzrə dünya ictimaiyyətinə göstərərək mübarizə aparmalıdır. 

D.Əhməd: Deputat Aydın Mirzəzadə təklif edir ki, Cinayət Məcəlləsinə dəyişiklik etməklə başqa ölkədə mübarizə aparan cinayət məsuliyyəti daşısın. Rəsmi şəkildə heç kəsin qarşısı alınmır. Turist kimi Türkiyəyə gedib Suriyaya keçirlər. Bəs Siz necə düşünürsünüz?

- Aydın müəllim çox gözəl deyib. Mənim düşündüyüm daha kəskin fikir var. Suriyaya vuruşmağa gedənləri vətəndaşlıqdan çıxarıb onların Azərbaycana  qayıdışının qarşısını alardım. Sabah onlar Azərbaycan üçün təhlükəyə çevriləcəklər. Yarısı öləcək, digərləri vuruşmaq üçün başqa dövlətlərə üz  tutacaqlar, kimisini pul, məzhəb maraqlandıracaq. Müəyyən bir hissəsi də Azərbaycana qayıdacaq. Onlar kimlər vasitəsilə gediblər, kimlərə xidmət edirlər? Qayıdıb kimlərinsə diqtəsi ilə Azərbaycanda müəyyən hadisələr törətməyə qadir olacaqlar. Bizim xüsusi xidmət orqanları onları  vətəndaşlıqdan çıxarıb sərhəddən Azərbaycana qayıtmasının qarşısını almalıdır. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bu addımı atmağın vaxtıdır. 

N. Ehlamqızı: Bu məsələnin qanuni həlli üçün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsi məsələ qoya bilərmi? 

- Birbaşa plenar iclasa belə məsələlər çıxarılmır. Kimsə pafoslu çıxış edib gündəlikdəki məsələ ilə bağlı fikir söyləyə bilər. Bu cür problemlər komitənin iclasında müzakirə olunur, millət vəkilləri tərəfindən qanun layihəsi şəklində hazırlanıb təqdim edilməlidir. 

Səxavət Həmid (siyasət müxbiri) : Ola bilərmi, Azərbaycandan Suriyaya gedib döyüşənlər Qarabağda müharibə başlayanda bizə kömək etsinlər. Bu, nəzəri cəhətdən mümkündür?

- Onların hansı adla getdiyi barədə məsələnin dərinliyini bilsəniz... Hesab edirəm ki, gəlib ermənilər tərəfindən vuruşacaqlar.

D. Əhməd: Müxalif cəbhəni izləyirsiniz? Prezident seçkiləri ərəfəsində Azərbaycanda Milli Şura adlı qurum yaradıb vahid namizəd seçdilər. Lakin  seçkidə məğlub olandan sonra ənənəvi qalmaqallar baş verdi. Siz Milli Şura prosesini necə dəyərləndirirsiniz?

- Bunların ağılları keçən əsrin əvvəllərindəki Milli Şuraya gedib. Biz hansı zəmanədə yaşayırıq? Bunlar öz aralarında danışığa gələ bilmirsə,  hansı vətəndaşın taleyi ilə məşğul ola bilərlər? Yanaşma düzgün deyil. Axı o insanlar nə istəyirlər, iqtidardan tələbləri nədir? Əgər iqtidara  nəsə diqtə etmək istəyirsənsə, ən azından bugünkü günə qədər ortalığa müəyyən layihələr qoymalı idin. Bunların heç platforması üzə çıxmadı. İki  müxalif partiya yola getmir, gündə bir-birini qırır. Sistemləri, yanaşmaları tamam dəyişməlidir. Milli Şurada, ümumilikdə müxalifətdə sağlam fikir, ideya və düşüncə tərzi ilə çıxış edən insan görmədim. 

N. Ehlamqızı: Deputat seçkilərində Müsavat başqanı İsa Qəmbərə qalib gəlmisiniz. Polis zabiti üçün müxalifətin tanınmış liderinə qalib gəlmək çətin olmadı ki?

- Çox çətin oldu. Nərimanov rayon 16-cı polis bölməsində işləyirdim. Bu rayonun 20 saylı seçki dairəsinin ərazisi Azərbaycanın idman ictimaiyyətinin cəmləşdiyi ərazidir. Gənclər və İdman Nazirliyi, Tofiq Bəhramov adına stadion, Milli Olimpiya Komitəsi həmin ərazidə yerləşir.  

Orta məktəbi idman təmayüllü internat məktəbində oxumuşam. SSRİ dövründə 16 dənə idman təmayüllü internat məktəblərindən biri Azərbaycanda idi.

Müxtəlif bölgələrimizdən, Bakı şəhərindən idmana meylli, idmanda bir balaca nailiyyət qazana biləcək istedadlı idmançıları həmin məktəbə cəlb  edirdilər. Ondan sonra həmin insanlar təbii ki, İdman İnstitutuna qəbul olunurdu. Mən namizədliyimi verəndə özümə 60 faiz arxayın idim. Bilirdim ki, bu, asan mübarizə olmayacaq. Mən polis rəisi ola-ola həmin insanların rəğbətini qazanmışdım. Bu gün deyirlər ki, kiminsə haqqını tapdalayıb.

İsa Qəmbər sağ, mən sağ. Həmin ərəfədə İsa Qəmbərin, o cümlədən müxalifətin ölkəmizə cəlb elədiyi beynəlxalq müşahidəçilərin sayı 2005-ci ildəkilərdən çox idi. 32 məntəqənin hər birində müşahidəçilər xarici müşahidəçilərdən ibarət idi. Hələ bu gün Müsavat Partiyası parçalanıb,  sönüb, insanları ətrafına toplaya bilmir. O vaxt bir az güclü vaxtları idi. Mən həmin ərazidə təxminən 60-a yaxın görüş, İsa Qəmbər isə cəmi 2  görüş keçirdi. O, özünün müxalifət lideri olmağına, prezident seçkilərində iştirak etməyinə arxayın oldu. Onun görüşlərinə başqa rayonlardan avtobusla gəlirdilər. O seçicilərin bizim ərazimizə heç bir aidiyyatı yox idi. Ancaq mən qapı-qapı insanlarla işləyirdim. Çox əziyyət çəkdik, ərazidə yaşayan, mənə etimad göstərən insanlar sağ olsunlar ki, əziyyətimi yerə vurmadılar. Onlar seçki gününə qədər keçirdiyimiz görüşdə iştirak etdilər və məni özlərinə millət vəkili seçdilər. İkinci dəfə həmin ərazidən öz namizədliyimi irəli sürdüm və yenidən deputat seçildim.  

Təvazökarlıqdan uzaq olsun, üçüncü dəfə seçkilərə gedəcəyəmsə, yenə namizədliyimi həmin ərazidən verəcəyəm. Millət vəkilinin ilk növbədə öz ərazisində hörməti olmalıdır. Ondan sonra təbii ki, plenar iclaslardakı çıxışları, qanunların dəstəklənməsi, onlara münasibət bildirilməsində iştirakı vacib sayıram.

N. Ehlamqızı: Yəni, seçicilərlə işləməyi parlamentin iclaslarında danışmaqdan üstün tutursunuz?

- Bəli, bu gün mən qəti deyə bilərəm ki, mən seçildiyim ərazidə yaşayan insanların vəkiliyəm, onların hüququnu qorumalıyam. Təbii ki, qəbul olunan qanunlar bütövlükdə Azərbaycan vətəndaşlarına aiddir. 125 millət vəkilinin hamısı 1 qanundan danışsa, bizə bunun qəbulu üçün aylarla vaxt lazım olar. Təbii ki, hamı orada öz sözünü deyir. Ancaq səndən öncə bir deputat sənin fikirlərinlə üst-üstə düşən məqamı vurğulayıbsa, ikinci dəfə onu deməyə ehtiyac varmı? Elə insanlar var ki, təkid edir ki, hökmən mən də həmin sözü təkrarlamalıyam.

D. Əhməd: Bəzən, bizə elə gəlir ki, sanki Milli Məclisdə 125 nəfər deyil, uzağı 50 deputat var ki, vətəndaşlar onları tanıyır. Siz özünüzü azlıqda, yoxsa çoxluqda hiss edirsiniz?

- Mən özümü 125 nəfərin içində hiss edirəm. Bu gün parlament işini elə tənzimləyib ki, deputatların hamısı iclasda otura bilməz. Çünki beynəlxalq təşkilatların üzvləri var. AŞPA, ATƏT, MDB Parlament Assambleyasının üzvləri, TÜRKPA, Qara Dəniz Təşkilatına üzv deputatlar bu beynəlxalq qurumların tədbirlərində iştirak edirlər. İş elə tənzimlənir ki, yetərsay olsun. Milli Məclisin rəhbərliyi bu işləri nizama salaraq deputatları müvafiq beynəlxalq tədbirlərə göndərir. Parlamentin fəaliyyəti təkcə qanunların qəbulundan ibarət deyil axı. Millət vəkillərinin hamısına böyük hörmətim var, onların hər birinin dəsti-xətti var. Bizə elə gəlir ki, orada 50 faizi danışır, qalanı susur. Sadəcə heç kim öz işini reklam eləmir. Mən də o insanların içərisində idim ki, görüşlərimizi, tədbirlərimizi işıqlandırmırıq. Sonra da “lal deputatlar” deyirlər. Qıraqdan baxana elə gəlir.

D. Əhməd: Facebook-da elə deputatlar var ki, kimlə görüşsə, dərhal şəkillərini paylaşır...

- Facebook-da olan deputatların sayı 5-10 nəfərdir. Bu sosial şəbəkə çıxanda, siqnal mənə də çatanda mən də aktivləşdim. Amma hamısını qoymuram, elə işlər var ki, onları işıqlandırmaq ayıbıma gəlir. Sağ əlin elədiyini sol əl bilməməlidir. Elə insan var ki, hamısını qoyur, eləsi də var ki, heç birini qoymur, ya da mən burdayam narahat olmayın, bəzi şeyləri qoyur. 

N. Ehlamqızı: Sizin Facebook-da ən çox qaldırdığınız məsələ “Sən haralısan” sualıdır...

- Azərbaycanı yetərincə parçalayıblar. Cənubi Azərbaycan, Dərbənd qapıları, Ermənistan ərazisindəki Zəngəzurumuz zaman-zaman parçalanıb.

Azərbaycan indi elə tarixi dövrünü yaşayır ki, heç vaxt bugünkü gün qədər güclü dövlət olmayıb. Bu gün bizə birlik lazımdır. Xarici qüvvələrin diqtəsi altında qəlbi qara, ölkəmizin uğuruna sevinməyən, vətəndaşlarımızın gələcəyini düşünməyən insanlar “sən haralısan” deməklə, yerlibazlıq söhbətini Azərbaycanımızı parçalamaq, gözdən salmaq, bir-birinə düşmənə çevirmək üçün ortaya atırlar. Biz öz soykökümüzü bilməliyik, dövlətimizin bütövlüyü naminə mübarizə aparmalıyıq, bir olmalıyıq. Bütöv Azərbaycan bu dövlətimizi güclü edib. Biz bir olmalıyıq, tək əldən səs çıxmaz. Hər kəs özündən başlamalıdır. Artıq heç kimdən “sən haralısan” deyə soruşmuram. Çalışıram ki, bu sualı da mənə verməsinlər. Azərbaycanlılar bugünkü uğurlarımıza sevinib, o uğuru aparan insanlara yardımçı olmalıdırlar. Kini, küdurəti qəlblərindən çıxarmalıdırlar. O, sizin taleyiniz, qismətinizdir. İstəsəniz də, istəməsəniz də bu taleyi yaşamalısınız. Əgər alnınıza 5 ildən sonra millət vəkili, icra başçısı olacağınız yazılıbsa, onu qabaqcadan heç kəs bilə-bilməz. Bu gün vəzifə tutan şəxslərin, millət vəkillərinin heç biri 20 il öncə düşünə bilməzdilər ki, onlar gəlib bu səviyyəyə çatacaqlar.

N. Ehlamqızı: Siz polis rəisi olmusunuz, necə oldu ki, deputatlıq barədə düşündünüz? Bu, statusdurmu? Yoxsa arzunuz olub?

- 2005-ci ilin mayına qədər deputatlıq haqqında düşünməmişəm. 

Nərmin Muradova (mədəniyyət müxbiri): Bəs nə səbəbə namizədliyinizi verdiniz?

- O səbəbi açıqlamayacağam. Açığı elə bir səbəb də deyil. Bu gün çoxları mənim şəhidliklə bağlı dediyim fikirlərə ironiya ilə yanaşırlar. İndi durub gedim şəhid olum, bunlar inansınlar ki, bunu doğrudan ürəkdən istəyirdim? Həmin ərəfədə belə hal yaşandı.

S. Həmid: Polis rəisliyindən istefa vermişdiniz?

- İstefa vermişdim.

S. Həmid: Seçilməmək şansınız da var idi...

- Seçilməsəydim, polis rəisliyinə qayıda bilirdim.

S. Həmid: Şər deməsən, xeyir gəlməz. 2015-ci ildə deputat seçilməsəniz, bərpa oluna bilərsiniz?

- Hər şey ola bilər. Mən hərbçiyəm, birinci ali təhsilim Ali Hərbi Dənizçilik Akademiyası olub. İkinci ali təhsilim Polis Akademiyasıdır, sonra  BDU-nun magistraturasını, aspiranturasını bitirmişəm, elmi iş müdafiə etmişəm. Milli Məclisdə  tədris üzrə müdafiə məsələləri üzrə komitənin üzvüyəm. Hüquqşünas, Təhlükəsizlik və müdafiə komitəsinin üzvü kimi işimi o sahə üzrə davam etdirmək fikirləri ağlımdan keçir. Deputat seçilmərəmsə, çalışacağam o sahələrdə fəaliyyətimi davam etdirim. Alınmayacaqsa, bir iş tapıb başımızı qarışdıracağıq.

N. Muradova: 9 il ərzində deputat kimi uğurlu işiniz nədir?

- Milli Məclis elə yerdir ki, Azərbaycanın istedadlı insanlarından ibarətdir və oranı özümə məktəb kimi qəbul edirəm. Nailiyyətlərim çox oldu, Azərbaycanın sağlam gəncliyinin, ordumuzun yetişdirilməsi istiqamətində işlərlə məşğul olmaq üçün vaxt ayıra bildim. Milli Məclisdə çox işlər görmüşük. Şəxsi həyatımda elmi iş müdafiə etdim, veteranlar arasında yarışda iştirak edib qalib oldum, Azərbaycanda yarışlar keçirirəm, idmançıları yarışlara hazırlayırıq.

N. Muradova: Deputat kimi gününüz necə keçir? 

- Bir dəfə bu barədə status da yazmışdım. Səhər idmanından sonra evə gəlib telefonu açanda jurnalistlərin zəngi başlayır. Statusumda da qeyd  etmişdim. Ziyalı xanım var, səhər tezdən zəng etdi ki, qonşuluqda ev satırlar, Sizə ev lazım deyil? Dedim, vallah mən axı deməmişəm evə ehtiyacım var. Başqası zəng etdi ki, xəbərin yoxdur mağar qurulub, kimindi? Günüm belə başlayır. Hər ayın 1-i qəbul günlərim olur. Dostlarımın sayı çoxalıb, toylarımın sayı artıb. Gündə 2-3 toya gedirəm. Xeyirlə şər qardaşdır, yaslara gedib iştirak edirik. Tədbirlərə gedirik. Artıq  

səfirliklər məni dəvət etmirlər. Görürlər ki, getmirəm, çoxu dəvət etmir. Milli Məclisdə görüşlər, komitənin iclasları olur. 

N. Muradova: Boş vaxtlarınızda nə edirsiniz?

- Ancaq idman edirəm. İdman mənim həyat tərzimdir, onsuz yaşaya bilmirəm. İdmanda “qazandığım” problemlərim var. Belimdəki yırtıqlar əziyyət verir. Seçkiyə gedəndə 100 kiloya yaxın olmuşdum. Polislikdə vaxt az, gecə-gündüz yox, hadisələr, ölüm işləri, axtarışlar olurdu. İdmanla məşğul olmağa imkan tapmırdım. Kökəlmişdim, Milli Məclis idmanla məşğul olmağa, özümə daha çox vaxt ayırmağa imkan verdi. 

S. Həmid: Yəqin toylara seçicilər tərəfindən dəvət olur? 

- Hesab edirəm ki, məndən çox dostu olan insan yoxdur. Mən də dost sevən insanam, mənim dostlarım da dost sevən insan olurlar. Hərdən özümə deyirəm ki, axı niyə bu qədər isti münasibət yaratdım ki, tanımadığım insan da dosta çevrildi. Sinif yoldaşlarımın demək olar ki, hamısı ilə ünsiyyətdəyəm və görüşürəm. Ali təhsil aldığım, iş yerlərimdəki əməkdaşlarla əlaqəm var, üstəlik də Nərimanov rayon ərazisində insanlarla ünsiyyətim olub, dosta çevrilib. Toyuna dəvət edir mütləq getməliyəm, insanlara diqqətlə yanaşmaq üçün heç kimi üzmürsən. Gündə şəhərin  başqa-başqa tərəflərində 3-4 toy olanda artıq başımı itirirəm. 

S. Həmid: Çox toya çağırılmaq həm də xərc-xəsarətdir. Necə çatdırırsınız?

- Çox böyük xərc-xəsarətdir. İnanın Allaha, zülmlə çatdırıram.

D. Əhməd: Polis olanda toya çox pul salırdınız, yoxsa millət vəkili olandan sonra?

- Əlbəttə, millət vəkili olanda. Əvvəla, polis olanda mənim tay-tuşlarımın övladları balaca idi. Həftədə bir dəfə toy olanda deyirdik gələn həftə toyum var. Allah hamısını xoşbəxt eləsin. İnsan kimi çağırsın? Xarici ölkələrdə adamları bu qədər toya dəvət etmirlər. Açığı insanların bir-birinə bu cür kömək etməsini alqışlayıram. Toya gedib iştirak edirsən, nəməri yazdırırsan, toy edən də xərcini ödəyir, bir az pulu qalır, evini təmir edir, ehtiyaclarını ödəyir.

N. Muradova: Toylarımız xoşunuza gəlir?

- Bu, bir ənənədir. Toylarda israfçılıq xoşuma gəlmir. İnsanın nə qədər mədəsi var axı, nə qədər yemək yeyər?

N. Muradova: Bəs musiqi ilə aranız necədir?

- Elə toyxanalar var ki, akustika sistemi yoxdur. Toya gedirsən, oturursan, insanlar söhbət edir dinləyə bilirsən. Beyinə də çox pis təsir etmir. Elə restoranlar da var ki, nə yediyini bilirsən. Nə musiqisini, nə də söhbətini. Zombi kimi gedib qayıdırsan.

N. Ehlamqızı: Hobbiniz yalnız idmanla məşğul olmaqdır?

- Bu gün bəli. Mən göyərçin saxlayıram. Əvvəl 200-ə yaxın idi, indi 60-70 göyərçinim var. Bağdadır, vaxtım olanda istirahət günləri uşaqlarla  gedirəm. Yayda çox vaxt olmasa da, yayda gedib uçururuq. Bu da heyvanlara, quşlara olan sevgimdən irəli gəlir.

D. Əhməd: Papanın göyərçininin qarğaların hücumuna məruz qalmasından yəqin ki, xəbəriniz var...

- Qarğaların hücumuna tək papanın göyərçinləri məruz qalmır. Göyərçinlərin elə bir dövrü var ki, onlar sürətli uçmurlar, oynaya-oynaya uçurlar. O göyərçinləri qırğılar daha tez vurur. Onlar, mənim üçün daha qiymətlidir. Dövrə vurur, hiss etmir, uçur bu anda qırğı gəlib onu vurur.

D. Əhməd: Azərbaycan idman sahəsindəki uğurları ilə daha çox tanınır. İstərdim ki, kino sənayesi, ədəbiyyat, musiqidə daha çox uğur qazanaq. Sizcə, bu, nədən qaynaqlanır?

- Kim deyir ki, biz uğur qazanmırıq. Sadəcə idmandakı uğurlarımız o qədər çoxdur ki, o biri uğurlar kölgədə qalır. Kino, mədəniyyət sahəsindəki insanlara uğurlarını işıqlandırmağa kim mane olur? 

N. Muradova: Zəifdir deyə uğurlu olmur?

- Uğurlar çoxdur, sadəcə Azərbaycanın bu gün sağlam gəncliyə, əsgərə ehtiyacının çox olduğu zamanda idman sahəsinə daha çox diqqət yetiririk. 

Cənab prezident federasiyalar qarşısında tapşırıq qoyub ki, olimpiya və qeyri-olimpiya növündən asılı olmayaraq bütün federasiyalar idmanda kütləviliyi təmin etməlidir. Bu gün məqsəd o deyil ki, on min idmançı içərisindən min nəfər çempion olsun. Ən azından 5 min nəfəri rinqə çıxıb öz rəqibi ilə gözü qorxmadan vuruşa bilirsə, zərbələrə alışırsa, sabah səngərdə düşmənlə üz-üzə duranda o, qorxmayacaq, ordunun sağlam əsgəri olacaq. Biz ordumuza sağlam insan yetişdirək. Kikboksinq Federasiyası kimi hesab edirik ki, cənab prezidentin qarşımıza qoyduğu məsələnin öhdəsindən qismən də olsa gələ bilmişik. 

Rövşən Danyeri (ədəbiyyat yazarı): Bəs indi rinqə çıxırsınız?

- Bəli.

R. Danyeri: Qorxmursunuz zədə alarsınız, gözünüz qaraltı halda beynəlxalq tədbirə necə gedərsiniz?

- Nədən qorxmalıyam? O cür hallarla rastlaşmışam və o cür də tədbirə qatılmışam. Bunu normal qəbul edirəm. Məndə kompleks yoxdur. Nə yeməyə, nə geyimə, nə də münasibətə. Nə də mənə qarşı münasibətə kompleks yoxdur. Allaha çox şükür olsun ki, müəyyən uğurlar qazanmışam, cəmiyyətdə tanınmış  insan olmuşam. Hər şeyi görən insan kimi artıq axirət barədə düşünmək məni daha çox cəlb edir, nəinki komplekslə yaşamaq.

S. Həmid: Sanki ibadətə meylli insansınız. Axirət barədə düşündüyünüzü dediniz. Nə edirsiniz, sadəcə düşünməklə kifayətlənirsiniz, yoxsa hansısa addımlar atırsınız...

- Mənim böyük işlərim, planlarım var. Bu barədə danışıb reklam etmək istəmirəm. Çünki onu özüm, Allahım üçün edirəm. Axirət hamımız üçün var. XII əsrin fars filosofu Əl-Qəzalinin gözəl kitabı var. O kitabda çoxşaxəli cavablar var. Kitabda 25 və 27-ci səhifədəki başlıqlarda axirəti necə  qarşılamaq, fani dünya barəsində fikirlər var. Artıq insan bunu təbii qarşılamalıdır. Bu gün başımız gündəlik həyatımıza, problemlərimizə  qarışıb. Bu gün insanlara olan münasibəti, pula olan hərisliyi, səbirlə yaşamağı öyrənib insan kimi bu dünyadan köçməlisən. Axirət hamımız üçün var. 

D.Əhməd: Elmi iş müdafiə etdiyinizi dediniz, hansı mövzudadır?

- Kütləvi iğtişaşlarla mübarizənin cinayət hüququ və kriminoloji problemlər üzrə elmi işi müdafiə etmişəm. Çünki bu sahəni gözəl bilirəm. Bu sahə ilə Azərbaycanda heç kim məşğul olmadığından və özüm yaşadığımdan bu istiqamətdə müdafiə etdim. Bundan başqa, elmi işimdə futbol azarkeşlərinin kütləvi iğtişaşa təhrik olunması, bunun qarşısının alınması, iğtişaşlara təhrik edən insanlarla mübarizənin metodları öz əksini tapdı. Hüquq üzrə fəlsəfə doktoru elmi adını aldım. 

N. Muradova: Bədii ədəbiyyat oxuyursunuz?

- Vaxt olmur, səfərlərdə oxuyuram. Son oxuduğum kitab Xalid Hüseyninin “Çərpələng uçuran” kitabı olub.

N. Ehlamqızı: Jurnalistlər barənizdə deyirlər ki, Adil Əliyev hələ də özünü  polis kimi aparır. Bu iradlarla razılaşırsız?

- Bəzi jurnalistlərə qarşı elə polis kimi davranmaq lazımdır. Bu gün çox gözəl münasibətim olduğu jurnalistlər var. Tanınmış jurnalistlərə  hörmətim var, 20-30 il jurnalist olan insanlarla dostluğum da var. Onlarla sayt, qəzetlər zəng edir. Mən nəyi danışıb, nəyi müzakirə etməliyəm.

 Axı o sahələr üzrə məsuliyyətli insanlar, mütəxəssislər var ki, onlar danışmalıdır. Mən özümü bir balaca pafosdan, özünü reklamdan saxlayan insanam. Ona görə mətbuatdan bir az qaçıram. Deyəcəklər, hər gün danışır, bu da bezdirib bizi. Bu addan qaçıram. Hərdən sərt cavab verirsən. Onda da həmin şəxs üçün polis olursan.