“Onu deyənlər bizə hörmət etmir”

onu-deyenler-bize-hormet-etmir
Oxunma sayı: 671

Azərbaycan kubokunun ¼ final mərhələsində “Rəvan” üzərində 3:0 hesablı qələbə qazanıb yarımfinala adlayan “İnter”in müdafiəçisi Zurab Xizanişvilinin “Qafqazinfo”ya müsahibəsi:

- Bu gün qazandığınız 3:0 hesablı qələbə haqqında nə deyə bilərsiz?

- Heç də asan matç olmadı. Səfərdə 1:2 hesabı ilə uduzmuşduq və bu gün mütləq qələbə qazanmalıydıq. Bunu bacardıq. Çətin matç olmasına baxmayaraq 3:0 hesablı qələbə yaxşı nəticədir.

- Evdəki oyun göstərdi ki, ötən həftə “Rəvan”a 1:2 hesablı məğlubiyyət təsadüfüdür...

- Futbolda belə hallar normaldır. Səfərdə uduzmuşduq. İlk qolu buraxdıqdan sonra bir az konsentrasiyanı itirdik. Onun nəticəsində də meydandan məğlub ayrıldıq. Futbolda hər zaman digər komandalara hörmət etmək lazımdır.

- “Rəvan”a uduzduğunuz oyundan sonra “İnter”in pul qoyuluşu kontorları üçün qarşılaşmada məğlub olduğu deyilirdi...

- Mən sizi başa düşürəm. Amma buna şərh verə bilmərəm. Əgər kimsə mənə bunu gətirib sübut etsə, o zaman cavab verərəm. Bilirsiz, nə mənim, nə də indiyə qədər oynadığım komandaların adı belə şeylərdə hallanmayıb. Bu peşəkarlıq deyil. Kim belə söz-söhbət çıxarırsa, bizə hörmət etmir.

- Kubokun yarımfinalında “Qarabağ”la qarşılaşacaqsız. Kubokda nəyə ümid edirsiz?

- Kubok bizim üçün vacib turnirdir. Burda qalib olmaq yaxşı nəticə sayılacaq. Amma “Qarabağ” çox güclü komandadır. Heyətlərində əla keyfiyyətlərə malik futbolçular var. Bizim üçün çətin rəqibdir.

- Siz Türkiyədə, İngiltərədə oynamısız və indi də Azərbaycan çıxış edirsiz. Bu çempionatları necə müqayisə edirsiz?

- Azərbaycan çempionatı Türkiyə Superliqasına oxşayır. Azarkeşlər, atmosfer nisbətən ora daha yaxındır. İngiltərə çempionatı ilə müqayisə etmək isə olmaz. Oralar çox yuxarıdadırlar.

- Bu atmosferdə oynamaq sizə çətin deyil? Çünki azarkeş yoxdur...

- Əlbəttə ki, çətindir. Azarkeşlər olmayan matçlarda çıxış etmək yorucudur. Məsələn, elə matç ola bilər ki, çox asan keçəcəyini düşünəsən. Amma azarkeş o səviyyəyə gətirir ki, matç həddən artıq çətin olur. Azarkeş komandanın 12-ci oyunçusudur.

- Həmyerliniz Kaxaber Sxadadzenin “Neftçi”nin baş məşqçisi olacağı haqqında söz-söhbətlər var...

- O, güclü məşqçidir. Əgər “Neftçi”yə gəlirsə, xoş gəlir. Fikrimcə, uğur qazana bilər.

Elsevər