“Onun əvəzlənməsinə sərt reaksiya verməsinə sevinirəm” - Reqhekampf

“Onun əvəzlənməsinə sərt reaksiya verməsinə sevinirəm”
Oxunma sayı: 3608

Azərbaycan Premyer Liqasında VIII turun “Qarabağ” – “Neftçi” (3:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Laurentsiu Reqhekampf jurnalistlərin suallarını cavablandırdı.

“Qafqazinfo” xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...

- Bizim üçün bir qədər üzücüdür. İlk hissə çox yaxşı oynadıq. Qol vurduq, 2-3 yaxşı imkanımız da oldu. Hesabı artıra bilərdik. Bəzi epizodlarda daha sürətli olmalıydıq. İkinci hissədə məğlub olduq. Futbolçularımız başa düşməlidir ki, oyun 90 dəqiqədir. Son saniyəyə qədər mübarizə aparmalıyıq. İkinci hissədə sadə səhvlər etdik və rəqib üçün oyunu asanlaşdırdıq. “Qarabağ”a qarşı ilk oyunu uduzduq. Rəqibi təbrik edirəm. Növbəti oyunda daha güclü olacağıq.

- Qələbə üçün nə çatışmadı?

- Bilmirəm. Analiz etməliyik. Düşünürəm ki, oyunçularım ilk hissədən sonra bir qədər boşaldılar. İkinci hissədə rəqibə çoxlu boşluq verdik. Daha çox qol buraxa da bilərdik. İlk qolda pressinq edirdik, rahatca müdafiədən çıxıb hesabı bərabərləşdirdilər. Ağlımda çox şeylər var. Oyunçularla danışacağam. İki fərqli hissə oldu.

- Çempionatda iki məğlubiyyətiniz var və hər ikisində hesabda öndə olmusuz, ancaq üstünlüyü əldən vermisiz. 

- Düşünürəm ki, “Sabah”la matç fərqli idi. Qapımıza 3 penalti təyin edilmişdi. Bu gün eyni ssenari baş vermədi. Biz yaxşı oynadıq. İlk hissədən sonra özümüzə inam var idi. Problem odur ki, hücumdan müdafiəyə tez keçməliyik. Keçid fazalarından istifadə edə bilmirik. Buna görə də “Qarabağ” bu qədər çoxlu qol imkanı qazandı.

- Kvirkveliyanın yaxşı karyerası var, amma burada Mbodja uduzur...

- Millinin düşərgəsində idi. Oyundan 3 gün əvvəl komandaya qoşuldu və cəmi bir bərpa məşqi keçdi. Fasilə boyu Mbodj yaxşı məşq edirdi. Buna görə onu seçdik.

- Əvəzetmələr oyuna mənfi təsir etmədi?

- Futbolçular və komanda barədə danışmaq istəmirəm. Hamı ən yaxşısını etməyə çalışır. Bütün oyunçularımıza inanırıq. İstəmirəm özümüzü “Qarabağ” və ya başqa komanda ilə müqayisə edək. Hazırda situasiya belədir. Qarşımızdakı dövrdə hansı mövqeyi gücləndirməyin lazım olduğuna baxacağıq.

- Heyətin kasad olması işinizə təsir edir?

- İstəmirəm, prizmadan baxım ki, əvəzetmələr düzgün olmadı. Hər bir halda eyni ssenari olacaqdı. İsmayıl “Qəbələ” ilə matçda meydana çıxdıqdan sonra oyunu dəyişmişdi. Bu gün də həmin görüşdəki kimi asmalar etməliydi, amma iki epizodda geri ötürmə etdi. Özünə inamı itirirdi, ona görə də onu əvəzlədim. Bu gün onun günü deyildi. Bütün oyunçular mənim üçün çox vacibdir.

- İlk dəfə “Qarabağ”la qarşılaşdız...

- Bizim nə etmək istədiyimizi gördüyünüzü düşünürəm. İlk dəqiqələrdən müdafiə olunmamağa, futbol oynamağa çalışdıq. Bir çox epizodda bunu yaxşı yerinə yetirdik. İlk hissədə rəqibin də qol epizodları oldu. Çünki rəqib yaxşı oyunçulara, geniş heyətə malikdir. Bu riski üzərimə götürdüm. Komandamın futbol oynamasını xoşlayıram. Bu oyundan dərs götürməliyik. Dərk etməliyik ki, matç 90 dəqiqədir.

- İsmayıl əvəzlənməyinə görə etiraz etdi. Bunu onun gəncliyinə bağışlayırsız, yoxsa düzgün saymırsız?

- Bunu görməmişəm. Elə reaksiya verməsinə sevinirəm. Oyunçu əvəzlənməyindən narazıdırsa, bu, yaxşıdır. Futbolçularla oyundan sonra danışdıq. O, inkişaf etməli, həqiqəti görməlidir. Oyunçuların adını pis mənada hallandırmağı sevmirəm. Onu niyə əvəzlədiyimi açıqladım. Bunu elə də böyütmək lazım deyil.

- Azarkeşlər üçün “Qarabağ”a məğlubiyyət ikiqat üzücüdür. Onlara nəsə sözünüz var?

- Mənim üçün maksimum üzücüdür. Çünki komandanı qələbə qazanmaq üçün hazırlamışdım. Azarkeşlər də bunu gördü. Oyun bitəndən sonra futbolçularla onlara tərəf getdik. Sağ olsunlar ki, həmişə bizim arxamızdadırlar. Üzülmələri normaldır, mən də belə hiss edirəm. Onlara deyə bilərəm ki, “Qarabağ”la növbəti oyuna hazırlaşıb, daha yaxşı oynamaqla qələbə qazanmalıyıq.

- “Qarabağ”a çatmaq üçün “Neftçi”yə nə qədər vaxt lazımdır?

- Yalnız bu oyun barədə danışa bilərəm. Bu gün qalib gəldilər. Onları təbrik etmişəm. Bu yalnız bir matçdır. Oyuna yenidən baxmalı, analiz etməli, səhvlərimizə baxmalıyıq. “Neftçi”yik, bizə heç kimə çatmağa ehtiyac yoxdur. Hər oyunda qələbə qazanıb, titula sahib olmağa çalışmalıyıq. Planımız budur. Bu təkcə “Neftçi” və “Qarabağ” arasında olan mübarizə deyil.