Xalq artisti Naibə Allahverdiyeva doğum gününü “Qonaqcanlı” verilişində qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, proqram zamanı təsirli anlar yaşanıb.
Belə ki, aktrisanı təbrik etməyə Xalq artisti Lətifə Əliyeva gəlib. Uzun müddətdir görüşmədiklərini deyən aktrisalar kövrəliblər.
N. Allahverdiyeva bildirib ki, Gənc Tamaşaçılar Teatrına işə düzəlməsinin ən böyük səbəbkarı Lətifə Əliyeva olub: “Uzun illər əvvəl Naxçıvandan Bakıya gəlmişdim. Məni teatra işə götürmürdülər. Əvvəllər orada administratorun köməkçisi vəzifəsində çalışırdım. Gəlişim teatrın yubileyinə təsadüf etmişdi. Dedim ki, Mədəniyyət Nazirliyindən mənə yer ayrılıb, bu teatrda çalışmağa gəlmişəm. Teatrın yubileyidir, mənə də paltarımı dəyişməyə otaq lazımdır. Filan otağa getməyimi söylədilər. Getdim gördüm ki, orada çox sayda aktrisa əyləşib. Əlimdə çantamla girdim otağa dedim ki, məni bura göndəriblər. Onlar mənə söylədilər ki, sənə burada yer yoxdur. Həm də o ərəfədə teatrın təmirdən sonra açılışı idi. Dəhlizdə boynubükük, beləcə durdum... Birdən məni ağlamaq tutdu. Ürəyimdə fikirləşdim ki, dəyəsən, burada mənə yer yoxdur, çıxım gedim. Ayağımı atanda bir də gördüm ki, Lətifə xanım yuxarıdan çıxır. Məni görüb dedi ki, qızım, hara gedirsən? Bəs, sən teatrın yubileyinə gəlmirsən? Cavab verdim ki, teatrda yer istədim, amma mənə o yeri vermədilər. Deyəsən, mənim bu teatrda yerim yoxdur. Ona görə də mən gedirəm. Lətifə xanım məni qucaqlayıb söylədi ki, mənin otağım sənə qurbandır".