“Onun maaşı uğursuzluqlarına görə endirilib” - Video

onun-maasi-ugursuzluqlarina-gore-endirilib
Oxunma sayı: 4175

Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı millimizin üzvü Davud Məmmədsoyun saytımıza verdiyi müsahibədə federasiya barədə verdiyi açıqlamalara münasibət bildirib. 

“Qafqazinfo”ya danışan E.Babanlı idmançının dedikləri ilə bağlı bildirib ki, Olimpiadadakı uğursuz nəticələrə görə bütün idmançıların maaşlarında azalma olub: “Maaşlar əsassız yerə kəsilməyib. Olimpiadada komandamızdan ən azı 3 medal gözləyirdik. Yalnız Rüstəm Orucov medala yaxınlaşa bildi. Bütün bu uğursuzluqlardan sonra islahatlar labüd idi. Onların məsuliyyətini artırmaq üçün addımlar atmaq məcburiyyətində qaldıq. Cüdoçularda arxayınlıq yaranmasın deyə belə bir addım atdıq. Təsəvvür edin ki, uğursuz olan idmançı əvvəlki maaşını alırsa, onun üçün heç bir maddi çətinlik yaranmırsa, hansı məsuliyyəti hiss edəcək? Bu, hamıya tətbiq olundu. Rio-2016 Yay Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucova, ötən Avropa çempionatının qalibi Orxan Səfərova da aid edildi. Əmək haqları azaldıldı. Davud Məmmədsoy heç demir ki, kirayədə qaldığına görə onun maaşına əlavə 400 manat da yazılıb. Bu da istisna hal kimi ona güzəşt olunaraq edilib”.

Baş katibin sözlərinə görə, federasiyanın tətbiq etdiyi maaş cədvəlində artımlar arasında Qran-pridə iştirak nəzərdə tutulmayıb: “Federasiyanın tətbiq etdiyi maaş cədvəli var. Hər bir yarış üçün əldə olunan yerə görə bir məbləğ göstərilib. O məbləğlər Azərbaycan çempionatı, Avropa çempionatı, dünya çempionatı və Olimpiya Oyunları üçündür. Burada “Böyük Dəbilqə” və ya digər yarışlar nəzərdə tutulmayıb. Davud Məmmədsoy Təl-Əvivdə “Böyük dəbilqə”də qızıl medal qazananda Olimpiya Oyunları öncəsi olduğu üçün, Tokio-2020-yə lisenziya qazanmaq şansı var idi deyə onun maaşını artırıb 1200 manat etdik. Lakin sonrakı iştirak etdiyi turnirlərdə uğursuz oldu. Əsassız olaraq bunu federasiya ilə əlaqələndirir. Deyir ki, COVID-19 xəstələrinin olduğu təlim-məşq toplanışına məni də apardılar və orada koronavirusa yoluxdum. Olimpiada öncəsi elə bir turnir olmayıb ki, orada kimsə virusa tutulsun. Bir dəfə Hidayət Heydərov xaricdə yarışda iştirak etdikdən sonra qayıtdı və komandaya qoşuldu. Həmin vaxt onda simptomlar var idi və onu karantinə göndərdik. Onunla qalan idmançıları da test verməyə göndərdik. Davud hansısa yarışa gedərkən verdiyi test müsbət çıxmışdı, təlim-məşq toplanışında olmamışdı”.

E.Babanlı maaş cədvəlindəki şərtləri də açıqlayıb: “Davudun maaşı uğursuzluqlarına görə 1200 manatdan 900 manata endirilib. Heç özü bu barədə danışmır. Düşünür ki, camaat onu qınayar ki, bu nə danışır?! Müqavilə şərtlərində də göstərilib ki, idmançının yarışlarda göstərdiyi nəticələrin səviyyəsindən asılı olaraq onun məvacibi artırıla, azaldıla və ya tamamilə dayandırıla bilər”. 

Federasiya rəsmisi Davudun baş məşqçi Ruslan Maşurenkonun onu məşq zamanı zədələməsi haqda dediklərinə də münasibət bildirib: “Ruslan Maşurenko ona fənd göstərərkən zədə alıb. Bəlkə Davud özü düzgün yıxılmayıb. Mən orada olmamışam və dəqiq bilmirəm. Qaldı ki, yerli məşqçilərin Maşurenkodan üstün olmasına, elə ukraynalının yanında yerli məşqçilər var idi də”. 

Baş katib D. Məmmədsoyun bəzi idmançıların federasiyaya görə cüdodan uzaqlaşması iddiasına da aydınlıq gətirib: “Rəşad Rufullayev gənclərin  Avropa çempionu olub. Amma əsgərlikdən sonra o, idmana qayıtdı və böyüklər arasında çıxış etdi. Azərbaycan çempionatında 3-cü yeri tutdu. Beynəlxalq yarışlarda uğursuz oldu. Növbəti Azərbaycan çempionatında da nəticə əldə edə bilmədi. O, gördü ki, artıq pik nəticə budur və idmandan ayrıldı”.

Elsevər Məmmədov

Foto-Video: Pərvin Zeynal