Öpüşə çığır-bağır, təcavüzə səssizlik

opuse-cigir-bagir-tecavuze-sessizlik
Oxunma sayı: 4486



Müasir  dünya haqqındakı hirsli və içdən düşüncələrim sanıram  heç vaxt dəyişməyəcək. İçində  bəlkə  də ən çox nifrət etdiyim mövzulardan biri toplumsal hadisələrə bəslədiyimiz münsibətlərdir. Pisliklərin bir ucu ancaq sevdiyimiz, ya da bizi maraqlandıran şəxslərə toxunduğu zaman gözümüzə girir, o zaman bizi daha çox incidir. Amma hamımız bal kimi bilirik ki, bu belə olmamalıdır. Hamımızın insani münasibətlərində özünə əməllicə yer etmiş  ikiüzlülük  qüvvətli şəkildə  damarlarımıza işləyib. Əgər küçənin başında söylədiyimiz,  sözdən eyni küçənin sonuna çatanda  dönə biliriksə deməli  ortada  çox böyük bir sıxıntı var. Bizlər əsla səmimi ola bilmirik. 

 Bizim məmləkətdə hələ də qız uşağının  duyğu bəslədiyi oğlanla görüşməyi ayıb sayılır. Şəhərlərdə bir az alışmışıq, amma əyalətlərdə, kiçik qəsəbələrdə hələ də bir qızı oğlan evinə qədər ötürsə səhərisi gün el dili ilə desək “dalının vedrəsi” hazır olur . Bir qızın həyatında oğlan olubsa və anlaşa bilməyib ayrılıblarsa o qız “təmiz qız” sayılmır. Bizdə hələ də qızları “ev qızı” ,“çöl qızı” qruplarına ayırırlar. Amma bir oğlan  eyni vəziyyətdə olduğu zaman  valideynləri qəhrəmanlıq etmiş kimi ehmalca kürəyini oxşayır. 3 dəfə arvad boşamış kişi qırmızı-qırmızı qız uşağı axtarır evlənməyə, amma ərindən ayrılan qadın subay oğlanla evlənə bilməz. Bizim cəmiyyətimizdə hələ də qadın bir səhv etdiyi zaman yerdən-yerə vurulur, amma eyni şeyi kişi etdimi “böyük adam” olur. Yəni onlara ədatdır, bizlərə bedat. Əlbətdə ki, mənim burda bəhs etdiyim şeylər  bəzi “azad adamların” beynimizə soxmağa çalışdıqları o içi boş azadlıq deyil. Hər zaman söylədiyim kimi insanın beldən aşağısının azadlığı olmamalıdır, biz əvvəlcə qəlb və ruhlarımızı azad buraxa bilməyi öyrənməliyik. Burda sözünü etdiyim şey əsasən  qadınlıq, kişilik də deyil, insanlıqdır. 

 İnsan olasaq, insan kimi  qalmağı  bacarsaq, inanın  elə bu uçuruma doğru gedən dünyanı qurtarmaq üçün yetərli olacaq. Amma bu da danılmaz faktdır ki, yaşadığımız dövrdə  sorğuya çəkməyimizin vacib olduğu mövzulardan biri də “kişilik” anlayışıdır. Üzr istəyərək söyləyirəm  ki, kişilik şalvar geyinməklə deyil xarakterlə ölçülür, qadınlıq da ucuz instinktlərlə deyil ruhun saflığı ilə ölçülür. Təssüf ki, cəmiyyətimizdə insanlığa sığmayacaq xəyanətlər var. 

Təcavüz hadisələrinin tüğyan etdiyi bir məmləkətə çevirildiksə, hər günün baş xəbərləri sırasında ilk üçlüyü bu qəbildən olan xəbərlər zəbt edirsə, bu təkcə təcavüzkarın günahı deyil. Bu həm də bu təcavüzlərə səssiz qalan cəmiyyətin günahıdır. Günahı təktərəfli axtarmağa, başqalarının yalnışını tutmağa çox maraqlı bir toplumuq, amma təssüf ki, maraqlı oldğumuz qədər duyarlı deyilik. Əgər hələ də az yaşlı qızlar  ataları, qardaşları, əmiləri, babaları yaşdakı kişilər  tərəfindən zorlanırsa demək ki, qüsurlu olan yalnız fərdlər deyil, bütün cəmiyyətdir. Bu insanlıq ayıbıdır. 

Ortada bir günah, bir yalnış varsa hamımızın o günahda, yalnışda bir payı mütləq vardır. Qəbul etməyənlərin sayının çox olacağını bilirəm. Çünki biz ömrü boyu “mənə toxunmayan ilan min il yaşasın” düşüncəsi ilə bəslənmişik. Bu dünyada təcavüz deyilən qavram insanı heyvandan da aşağı salan bir iyrənclikdir. Küçədə qucaqlaşan iki gənci əxlaqsız adlandırmağa tələsən, ayıbdır deyə yerində  qurcunan bığıburma kişilərə tez-tez rast gəlirik.  Amma  nə hikmətdirsə təcavüz qədər iyrənc bir hadisə ortaya çıxınca bu ayıblamaların kökü kəsilir. “Sahil bağı”nda bir-birinə sığınan sevgililərə tərs-tərs baxan bu insanlar balaca bir qıza təcavüz edildiyi zaman reaksiyasız qalırlar və ictimayi təzyiq yaratmaq zəhmətinə belə girmirlər.  Qüsuruma baxmayın, amma mən bizi səmimiyyətsiz qəbul edirəm. Bu dünyada şiddətə və şiddətin bir güc göstəricisi olaraq qəbul edilməsinə qarşıyam, amma təcavüzçülər əlimə keçsə onları  öldürə bilərəm. Kiçik bir qız uşağının  cinsi istismara uğraması onun təkcə gələcəyini qaraltmır, həm də  ağıl və ruh sağlığı baxımından  ciddi  zərər verir. Hansısa heyvani hisslərlə bəslənən birinin beş dəqiqəlik zövqü üzündən  ömür boyu sürəcək psixolojik xəstəliyə yol açan bu Təcavüzlərə bu cəmiyyət necə səssiz qalır anlamaqda çətinlik çəkirəm. Biz ancaq sosial şəbəkələrdə “Allah bəlasını versin” deməklə kifayətlənməməliyik. Qadınların hüquqlarını müdafiə edən QHT-lərin əksəriyyəti lazımsız seminarlar keçirtmək əvəzinə bu təcavüzlərə qarşı dövlətə təkliflər təqdim etsinlər. Qadınları başlarına yığıb “ərin sənə şillə vursa sən ona təpik at” xarakterli  “nəsihətlər”lə “maarifləndirmək” əvəzinə kişilərə seminarlar keçirtsələr doğru olmazmı? Sanıram əsas seminarlar kişilərə keçirilməlidir. Feminist ruhlu qadınlar sosial şəbəkələrdə, saytların künc-bucağında həftənin beş günü tumanların başlarına keçirdib   dil qəfəsə qoymurlar.  Bir dəfə heç olmasa bircə dəfə təcavüz hadisələrinə etiraz məqsədi ilə küçələrə  axışsalar, ömürlərində heç olmasa bircə dəfə səmimi olsalar. Yazdıqları ilə əməlləri üst-üstdə düşsə.  Bəlkə də bunun təcavüzkarların sayının azalmasına bir xeyri olmayacaq, amma ən azından təcavüzə uğrayan, psixoloji travmba alan qızlar tək olmadıqlarını hiss edib həyata tutunacaqlar. İki il əvvəl Hindistandakı feminist qruplar  bunu həyata keçirtdilər. Cəza ədalət sistemində təcavüzdən  zərər çəkmişlərə daha həssas yanaşılması və təcavüzçülərə verilən  cəza nisbətlərinin artırılmasına görə ayağa qalxdılar və nəticə əldə etdilər.

Yəni biz Hindistan qədər də ola bilmirik? Burdan da görünür ki, heç nədə səmimi deyilik. 
Bu insanlıq günahını işləyənlər qədər bu günaha səssiz qalanlar da mənim vicdan məhkəməmdə günahkardırlar. Elə özüm də günahkaram.