“Media forum” saytı xəbər verir ki, səfirlik bu mövqeyini iyunun 6-da yaydığı açıqlamada ifadə edib. Açıqlama İTAR-TASS agentliyinin Milli Məclisin sədri Oqtay Əsədovun iyunun 5-də Moskvada Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşü haqda yaydığı məlumatla əlaqədardır.
Səfirliyin açıqlamasında deyilir ki, Oqtay Əsədovun Sergey Narışkinlə görüşündə ATƏT Parlament Assambleyasının bu il iyunun 28-dən iyulun 2-dək Bakıda keçiriləcək 23-cü illik sessiyasında Azərbaycanın Ukrayna məsələsi ilə əlaqədar Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etdiyi barədə İTAR-TASS agentliyinin yaydığı məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur: “Azərbaycan Respublikası Milli Məclisinin sədri belə bir mövqe bildirməyib və bildirməz də. Çünki Azərbaycan Respublikasının mövqeyi məlumdur və birmənalıdır. Bu, mart ayında BMT Baş Assambleyasında Krımla əlaqədar səsvermədə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsində açıq ifadə olunub”.
Səfirliyin açıqlamasında deyilir ki, Azərbaycan prezidenti İlham Əliyev dost Ukrayna dövləti ilə münasibətlərə bir strateji tərəfdaş olaraq önəm verir və Ukraynanın seçilmiş prezidenti Pyotr Poroşenkonu ilk təbrik edənlər sırasında ona və dost Ukrayna xalqına xoş arzularını yetirib: “İyunun 7-də cənab Pyotr Poroşenkonun dövlət başçısı vəzifəsinə başlaması ilə əlaqədar andiçmə mərasiminə Milli Məclisin sədri Oqtay Əsədovun göndərilməsi ölkəmizin dövlət başçısının Ukrayna xalqının seçiminə yüksək diqqətinin nümunəsidir”.
Azərbaycanın Ukraynadakı səfirliyi hesab edir ki, İTAR-TASS agentliyinin yaydığı xəbər qərəzli xarakter daşıyır və Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmağa yönəlib.
Son xəbərlər
Son Xəbərlər