“Ora bomba düşdü, mənim başım...” - “İŞİD” döyüşçüsü məhkəmədə

ora-bomba-dusdu-menim-basim
Oxunma sayı: 2492

Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD" terror qruplaşmasının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin məhkəməsi keçirilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, adıçəkilən şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gücüstan vətəndaşı Sərxan Bakraşvilinin rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində odlu silah "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

E. Quliyev ittihamı eşitmədiyini deyib: "Mənə heç kim deməyib ki, niyə tutublar".

F. Əliverdiyev və A. Baxışov özlərini təqsirli bilmədiklərini deyib. 

E. Quliyevə sərbəst ifadə vermək təklif olunsa da, o susaraq heç nə deməyib. Bir neçə dəqiqə sonra vəkilinə müraciət edərək "nə soruşurlar, nə danışım" deyib. 

Məhkəmədə E. Quliyevin istintaq ifadələri elan olunub. Bəlli olub ki, ilkin mərhələdə etirafedici ifadələr versə də, sonradan özünü təqsirli bilmədiyini deyib. O, Qaraçuxur qəsəbəsində vəhhabi məscidinə gedərək ibadət etdiyini deyib:  "Suriyada baş verən döyüşlərdə insanlara kömək etmək üçün cihada getmək istədim. Burdakı və Türkiyədəki şəxslər vasitəsilə Suriyaya getdim. Atma şəhərində Asim və Teyfurla təlimlərlə tanış olduq. Aşurov Nicatın rəhbərlik etdiyi "Azəri" camaatının olduğunu eşitdik. Bir müddət sonra məni ora aparan Cəmilin döyüşlərdə öldüyünü öyrəndik. 
Bir müddət sonra Bəşər Əsədin ordusunun nəzarətində olan "Batar Minna" hava limanı uğrunda gedən döyüşlərdə ayağımdan və qolumdan yaralandım. Suriyada bir müddət xəstəxanaya qalsam da, yaram ciddi olduğu üçün Türkiyəyə getməyimi məsləhət bildilər. İstanbula gəlib orada müalicə olundum, sonra da Azərbaycana qayıtdım". 

E. Quliyev öncə ittihamda yazılanların düz olduğunu desə də, sonradan Suriyada döyüşmədiyini, avtomatdan istifadə etmədiyini deyib:  "Məni ora Cəmil aparmışdı, dedi "veş" daşımağa kömək edərsən. Ora bomba düşdü, partladı, mənim də başım əzildi". 

Teyfur Əliverdiyev ifadəsində deyib ki, Bakıda sement zavodunda işləyib:  "Toza görə orada işləmək istəmədim, dostum Astarxanda işləyirdi, ondan mənə iş tapmasını istədim. O da bir gün dedi ki," XeXe" adlı yardım təşkilatında iş var, qaçqınlara kömək edəcəyik. Mən də gedib Reyhanlıda kampda qaldım, orada bir uşaqla güləşəndə ayağım çıxdı. İki gün sonra Bakıya qayıtdım. Mən Suriya ərazisinə keçmədim". 

T. Əliverdiyev deyib ki, ilkin ifadəsini təzyiq altında verib:  "Məni yuxarı mərtəbəyə qaldırıb kağıza güclə qol çəkdirdilər. Özüm isə orada yazılanları bir ay sonra oxudum".

Hakim onun istintaq ifadəsini elan edib. O, həmin ifadəsində Suriyaya necə getməsi və orada hansı təlimləri keçməsini ətraflı izah edib.

A. Baxışov Azərbaycan dilində yaxşı danışa bilmədiyi üçün rus dilindən tərcüməçi istəyib. 

Tərcüməçinin vasitəsi ilə rus dilində ifadə verən A. Baxışov bildirib ki, uzun müddət Sankt-Peterburqda işləyib. Dostu Fəridin təklifi ilə "HH" adlı yardım təşkilatında insanlara kömək edərək işləmək üçün Türkiyəyə sərhəd yaxınlığında yerləşən şəhərə getdiyini deyib. Bir ay yarım sonra da İstanbula qayıtdığını qeyd edib və Atma şəhərində olmadığını, silahlı qruplarda iştirak etmədiyini deyib.