“Ora pul ayrılırsa, deməli, müəyyən qrupların şəxsi marağı var”

ora-pul-ayrilirsa-demeli-mueyyen-qruplarin-sexsi-maragi-var
Oxunma sayı: 1791

İqtisadçı ekspert Natiq Cəfərli “Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun mənimsədiyi vəsait və onun bu gün yekunlaşan istintaqı barədə yazıb. “Qafqazinfo”xəbər verir ki, N. Cəfərlinin sözlərinə görə, dəfələrlə dövlətin iqtisadiyyatda hegemon oyunçu olmaq istəyini tənqid edib:

“Amma hökumət bunu qulaqardına vurub. 2019-cu ildə, 2 il yarım öncə mətbuata verdiyim açıqlamada bildirmişdim ki, Azərbaycanda xalçaçılığa biznes məntiqi və bazarın öyrənilməsi baxımından yanaşılsaydı, effektiv olardı. Xalça kimi çox primitiv sahənin dövlət tərəfindən təminatı və təşkil olunması tamamilə məntiqsizdir, sponsor və investor dövlət olduğundan rentabellik və qazanc arxa plana keçir. Korrupsiya sxemlərinin də geniş yayıldığını nəzərə aldıqda bu tipli layihələrdə pul qazanmaq önə çıxır. 

Dövlət büdcəsi hesabına maliyyələşdirilən iqtisadi layihələrin bir daha qeyri-effektiv və korrupsiya sxemlərinə yem olması təbiidir. Deməli, bu sahəyə rəhbərlik edənlərin də şəxsi maraqları var. Əks təqdirdə, dövlət vəsaitinin qeyri-rasional xərclənməsinə yol vermək olmazdı”. 

N. Cəfərli qeyd edib ki, bugünə qədər “Azərxalça”nın ümumi ziyanı 60 milyona yaxınlaşıb:

“Dövlətdən kifayət qədər vəsait alınıb xərclənib, amma satışın həcmi və gəlirlik səviyyəsi təmin edilməyib. Deməli, layihə qeyri-rentabellidir. Ona görə dövlətin “Azərxalça”ya vəsait ayırması doğru deyil, ayrılırsa, onda müəyyən qrupların şəxsi marağı var. 

Dövlət əsas iqtisadi oyunçu olmaq həvəsindən vaz keçməlidir, dövlət iqtisadiyyatda ən pis menecerdir, birbaşa iştirakçı olması həmişə korrupsiya sxemlərinə yol açır. Dövlət iqtisadiyyatda ədalətli hakim və “startup” rolunu oynamalıdır – məmur iqtisadiyyatına, eybəcər “dövlət kapitalizminə” son verilməlidir, başqa yol, sadəcə, yoxdur!”.