Ordumuz dünya hərb tarixinə yeni səhifə yazdı...

ordumuz-dunya-herb-tarixine-yeni-sehife-yazdi
Oxunma sayı: 1081

“Ötən il Xankəndi şəhərində keçirilən Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda dövlət başçısı İlham Əliyev beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paraddakı çıxışında “Gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır” çağırışını xatırlayaraq böyük qürur hissi ilə bildirdi ki, bu gün gəldi. Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovdu. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, Şuşa əməliyyatı, 44 gün ərzində aparılan  bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır:

“Düşmən ordusu Azərbaycan Ordusunun peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə düşürdü. Özlərinin də etirafına görə, 44 günlük müharibə zamanı Ermənistan ordusunda 12 min fərari olub.  Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etmədi. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi.

Tarixi Zəfərimiz, onun ardınca suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin, döyüş ruhunun yüksək səviyyədə olmasının təqdimatı oldu. Müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun bu günü  və gələcəyi ilə bağlı möhkəm təməlin yaradılması Zəfərlərimizi şərtləndirən mühüm amillər sırasındadır. 1993-cü ildə, Azərbaycanın ən çətin günlərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət göstərdiyi sahələrdən biri məhz ordu quruculuğu oldu”.

Deputat vurğulayıb ki, son 20 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir: “Torpaqlaımızın işğaldan azad, ərazi bütövlüyümüzün tam təmin edilməsi qarşıda dayanan əsas hədəf idi. Azərbaycan 30 illik işğal dövründə münaqişənin sülh danışıqları əsasında nizamlanmasına səy göstərdi. Ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfində olduğu halda dünyanın ikili standartlara əsaslanan siyasəti münaqişənin həlli prosesinin uzanmasına, sonda 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu. 30 illik işğal dövründə Azərbaycan düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bütün sahələrdə davamlı uğurlara imza atdı.

Tarixi Zəfərimizə qədər Azərbaycan Silahlı Qüvvələri mühüm uğurlara imza atdı.  2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında qələbəmiz Ermənistan silahlı qüvvələrinə dərs olmadı. İşğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planı 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsinə gətirib çıxardı. Azərbaycan Ordusu Ermənistan ordusuna tarixdə unuda bilməyəcəyi dərsi verdi. 44 gündə 30 ilin işğalına son qoyulması Silahlı Qüvvələrimizin gücünün, torpaq, Vətən sevgisinin təqdimatı oldu”.

Malik Həsənov bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə çevik və sürətli manevrə malik, yüksək dağlıq və çətin şəraitdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirə biləcək yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu.