“Ordumuz göstərdi ki, heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik”

“Ordumuz göstərdi ki, heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik”
Oxunma sayı: 602

“Zəngilan hava limanı gələn il istifadəyə veriləcək. Zəngilan, Qubadlı faktiki olaraq bir zonadır, məsafə də çox böyük deyil. Ona görə qubadlılılar da bundan istifadə edəcəklər”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident bildirib ki, Qubadlı rayonunun iqtisadi inkişaf planı ayrıca hazırlanmalıdır:

“Çünki infrastruktur layihələri təsdiq edilib. Sosial infrastrukturla bağlı Baş planda bütün məsələlər əhatə olunacaq - məktəblər, xəstəxanalar və digər sosial obyektlər, yaşayış binaları. Qubadlı şəhərində yaşayış binaları tikiləcək.

Sovet vaxtında daha çox fərdi evlər idi. Bir neçə beşmərtəbəli ev var idi. Bir-iki evin qalıqları qalıb. Ancaq Qubadlı şəhər kimi inkişaf etməlidir. Əlbəttə ki, düzgün planlaşdırma aparılarkən burada insanların rahat yaşaması üçün bütün şərait yaradılacaq.

İqtisadi inkişafa gəldikdə, əlbəttə, rayon ictimaiyyəti də burada çox fəal iştirak etməlidir - həm bərpa işlərində, eyni zamanda, Qubadlının düzgün inkişaf konsepsiyasının işlənməsində. Çünki rayon böyük potensiala malikdir, zəngin təbiəti, təbii sərvətləri var. Qubadlı rayonu ərazisindən iki böyük çay keçir, Bazarçay düz şəhərin ortasından keçir. Həkəri çayı nəinki Qubadlının, bütün Azərbaycanın, bizim böyük sərvətimizdir.

Çünki biz bu çaylardan məhrum idik. Həkəridən də, Bazarçaydan da, Bəsitçaydan da, Tərtər çayından da məhrum idik. Ermənilər bizi məhrum etmişdi. Bu, böyük sərvətdir. Özü də indiki şəraitdə ki, su resursları dünyada gələcəkdə əsas yəni, yaşayış üçün əsas resurs kimi artıq tanınır. Ona görə düzgün planlaşdırma aparılmalıdır, iqtisadi inkişaf, hansı sahələr inkişaf edəcək. Əlbəttə ki, biz bura yerli, xarici investorları cəlb edəcəyik. Yəni böyük planlarımız var, konseptual yanaşma mövcuddur. Ancaq bundan sonra dəqiq planlaşdırma aparılmalıdır və əminəm ki, Qubadlı sakinləri fəal iştirak edəcəklər.

Mən sizi bu gün dəvət etmişəm ki, bu tarixi günü birlikdə qeyd edək. Bu, doğrudan da Azərbaycanın tarixində əbədi yaşayacaq bir gündür. 25 Oktyabr – Zəfər günü, Qubadlının azad olunması günüdür. 27 ildən sonra biz işğala son qoyduq, düşməni öz torpağımızdan qovduq. Müzəffər Azərbaycan Ordusu öz şərəfli missiyasını şərəflə yerinə yetirdi. İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi.

Göstərdi ki, biz heç vaxt o vəziyyətlə barışmaq fikrində deyildik. Əgər qubadlılılar digər keçmiş köçkünlər kimi, hər il böyük ürəkağrısı ilə işğal günündə yığışırdılarsa, bundan sonra artıq o tarix tamamilə silindi, ancaq 25 oktyabrda hamımız bayram edəcəyik. Sizi bir daha təbrik edirəm”.