Orduya demokratik nəzarətin gürcü variantı - Araşdırma

orduya-demokratik-nezaretin-gurcu-varianti-arasdirma
Oxunma sayı: 647

“Gürcüstan Silahlı Qüvvələrində həyata keçirilmiş davamlı islahatlardan sonra “dedovşina” halları qismən yoxa çıxıb, buna baxmayaraq onlar yenə mövcuddur”. Bu barədə “Qafqazinfo”ya Gürcüstan Parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsindən məlumat verilib. Məlumatda o da qeyd olunur ki, “dedovşina” hallarını azaltmaq üçün ən səmərəli alət parlament nəzarəti, QHT nəzarətinin (müdafiə və insan hüquqları sahəsində işləyən QHT-lər) və digər maraqlı oyunçuların daxil olduğu mülki nəzarət vasitəsilə Silahlı Qüvvələri daha şəffaf etməkdir ki, gürcü tərəfi buna nail olub.

Parlamentdən verilən məlumatda o da bildirilir ki, Gürcüstanda Təhlükəsizlik və Müdafiə Komitəsi vasitəsilə parlament nəzarəti kimi Silahlı Qüvvələrə demokratik nəzarətinin forması var. Həmçinin, Gürcüstan Ordusuna mülki nəzarətə aid müxtəlif məsələlərlə bağlı Təhlükəsizlik və Müdafiə Komitəsinin yerli və beynəlxalq QHT-lərlə sıx əməkdaşlığı var.


“Gürcüstan qanunvericiliyinə görə Müdafiə Nazirliyi Gürcüstan Parlamenti qarşısında tam hesabatlıdır. Misal üçün, Təhlükəsizlik və Müdafiə Komitəsinin heyəti və sədri öncədən hər hansı bildiriş olmadan yoxlamaq üçün hərbi hissələrə getmək, qadın, kişi hərbçilərdən müsahibə götürməkdə azaddırlar”, - deyə məlumatda bildirilir.

Gürcüstan Müdafiə Nazirliyindən “”Qafqazinfo”ya verilən məlumata görə isə, Parlamentdəki Etimad Qrupu qapalı büdcə maddələrinin xərclənmə məqsədlərinə nəzarəti həyata keçirir. Müdafiə nazirinin mülki şəxs olması faktı müdafiə sektoruna demokratik nəzarətin vacib mexanizmidir.

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, bu yaxınlarda Gürcüstanda xeyli sayda hərbi qanunların dəyişdirilməsi gözlənilir. “Doktrina” JHAM-ın Gürcüstan Müdafiə Nazirliyinə göndərdiyi sorğuya cavabda bildirilib ki, hazırda Gürcüstanın Müdafiə Nazirliyi Strateji Müdafiə İcmalı (SDR – Strategic Defence Review) prosesindədir. Bu proses Gürcüstan qanunvericiliyində bəzi dəyişikliklərin olacağı gözləntisini verir. Əsas dəyişiklik çağırışçılar və müdafiə haqqında Gürcüstan qanunlarına aiddir. MN bildirir ki, yaxın gələcəkdə hərbi sahədə dəyişdiriləcək 10 qanun sırasında “Hərbi vəzifə və Hərbi xidmət haqqında” qanun; “Müdafiə haqqında” qanun; “Hərbi polis haqqında” qanun; “Hərbi üzərində Nəzarət və Əmlakın ikiməqsədli istifadəsi haqqında” qanun; “Lisenziya və icazələr haqqında” qanun; “Silahlar haqqında” qanun; “Dövlət təzminatı və Dövlət Akademik Müavinətləri haqqında” qanun; “Sosial Dəstək haqqında” qanun; “Dünyasını dəyişənlərin, itkin düşənlərin, ərazi bütövlüyü, azadlıq ə müstəqillik uğrunda ölən və yaralanların ailələrinin sosial müdafiəsi haqqında” qanun; “Hərbi qulluqçuların status haqqında” qanun var. Məlumatda qeyd olunur ki, hazırkı Strateji Müdafiə İcmalı orta müddətli perspektivdə (2013-2016-cı illər) islahat prosesində strateji rəhbər sənəd hesab olunur.

Ümumilikdə, verilən məlumatlardan görünür ki, Gürcüstanın yeni hökuməti təhlükəsizlik və müdafiə sektorunda, xüsusilə də Silahlı Qüvvələrdə islahatları davam etdirməyə ciddi israrlılıq nümayiş etdirir. Lakin bir çox ekspertləri maraqlandıran əsas sual ölkənin maliyyə imkanları ilə bağlıdır. Mövcud hərbi büdcə islahatları davam etdirməyə, qarşıya qoyulan hədəfləri gerçəkləşdirməyə imkan verəcəkmi? Xatırladaq ki, Gürcüstanda 2012-ci ilin müdafiə xərcləri 824 milyon dollar təşkil edib. 2013-cü il üçün müdafiə xərclərinin bir qədər artırıldığı bildirilir. Gürcüstan Parlamentinin müdafiə və təhlükəsizlik komitəsindən verilən məlumata görə isə ölkənin müdafiə büdcəsi bu və digər dərəcədə balanslıdır və beynəlxalq tələblərə cavab verir.

Müstəqil qiymətləndirilmələrə görə, hazırda Gürcüstana dəstək koalisiyasında cəmləşən ölkələrin köməyi nəticəsində rəsmi Tbilisinin hərbi islahatlar proqramının gerçəkləşdirilməsi mümkündür. Xatırladaq ki, dəstək koalisiyasında ən azı 14 ölkənin olduğu bəllidir (ABŞ, İsrail, Türkiyə, Ukrayna, Çexiya, Polşa, Almaniya, Birləşmiş Krallıq, Bolqarıstan, Yunanıstan, Latviya, Fransa, Rumıniya, Litva). Gürcüstan Müdafiə Nazirliyindən verilən məlumata görə, orduda islahatlar prosesi NATO üzvü və tərəfdaş ölkələr tərəfindən dəstəklənir. “Bu gün Alyans Gürcüstan Silahlı Qüvvələrinin inkişafı və NATO uyarlılıq imkanlarına çatması üçün Müdafiə Nazirliyinə müxtəlif tərəfdaşlıq mexanizmləri təqdim edib. Nəticədə Gürcüstan İPAP (Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı) üzrə 4 illik dövrü müvəffəqiyyətlə başa vurub”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevral ayının əvvəllərində Gürcüstanın Müdafiə Nazirliyi 2013-2014-cü illərdə nəzərdə həyata keçiriləcək islahatları nəzərdə tutan “Nazirin Baxışı” (Minister’s Vision) faliyyət planını diplomatik korpusa, vətəndaş cəmiyyətinə və mediaya təqdim etdi. Bu sənəd hazırda Gürcüstan Müdafiə Nazirliyinin rəsmi veb-saytında (mod.gov.ge) yerləşdirilib. Yanvarda müdafiə naziri İrakli Alasaniya bəyan etmişdi ki, onlar Gürcüstan Silahlı Qüvvələrinin çağırış əsasından tam müqaviləli əsas transformasiya edilməsini planlaşdırırlar. O bildirmişdi ki, xidmət müddəti və çağırışçıların sayı azaldılacaq və qarşıdakı 4 il ərzində peşəkar orduya keçid olacaq.

Gürcüstanın Müdafiə Nazirliyindən “Qafqazinfo”ya bildirblər ki, yaxın vaxtlarda məcburi hərbi xidmətin müddəti tədricən 12 aya qədər azaldılacaq və hərbçilər müqaviləli əsaslı xidmətə keçəcəklər. “Biz heç kimi orduya məcburi cəlb etməyəcəyik. Biz mobil, çevik və cəld reaksiya verən orduya fokus etmişik. Bütün bunlar illər ərzində əldə olunan təcrübənin nəticəsidir”, - deyə məlumatda bildirilir.

Cəsur SÜMƏRİNLİ, Tbilisi