“Qafqazinfo” xəbər verir ki, Aydınbulaq kənd orta məktəbinin işçisi Sevda Allahverdiyeva Milli.Az-a müraciət edərək işlədiyi təhsil ocağında hüquqlarının pozulduğunu iddia edir: “25 il ərzində rayon ərazisində müxtəlif kitabxanalarda işləmişəm. Əvvəllər tarix müəllimi işləyən Elçin Vəliyev direktor təyin olunan kimi 3 il təcrübəyə malik olan tarix müəllimini öz dərs saatı özünə qalsın deyə kitabxanaya təyin etdi. Elçin Vəliyev direktor təyin olunandan iki gün sonra ərizə ilə müraciət etdim. Cavab verdi ki, bu işi həmin adama 4 ay əvvəl söz verib. Ona iki gün əvvəl direktor təyin olunduğunu xatırladanda isə dedi ki, hara istəyirsən şikayət et. Bütün ərizə və şikayətlərim cavabsız qaldı. Ailə vəziyyətim ağır olduğundan həmin adamdan pul alıb işi planlı şəkildə həyata keçiriblər. İxtisas sahibi mənəm, həm də pedaqoji təhsilim var. 6 saat dərslə dolanmaq mümkün deyil. Təsil Nazirliyindən də cavab verildi ki, bu işlərə direktor baxır”.
"Direktor mənə deyir ki, başımı böyütmə"
Şikayətçi qeyd etdi ki, kitabxana ixtisası olmayan şəxsin təyin olunmasını onun məcburi köçkün olması ilə əsaslandırırlar: “Həmin adamı qaçqın kimi təqdim edərək bunu əllərində əsas tuturlar. Fermerdilər, amma adlarını qaçqın qoyublar. O, qaçqındırsa, dolana bilmirsə, dərsimin 4-5 saatının ona verilməsini təklif etdim. Həmin adamın Xanlarda evləri var. Bu razılığa getsəm də, alınmadı. Bu gün də məktəbdə mənimlə prinsipiallıq edir, 6 saat dərs verəcək, amma mənə deyir ki, başımı böyütmə”.
Direktor Elçin Vəliyev isə Milli.Az-a açıqlamasında vurğuladı ki, bu işdə heç kim özbaşına hərəkət etmir. Təhsil şöbəsinin müdiri də son danışıqda bu məsələnin həll edildiyini deyib. Direktorun sözlərinə görə, kitabxana müdiri bir qaçqın oğlan təyin olunub: “Uzaqdan gəlir, təxminən 5 kilometr yol qət edir məktəbə kimi, 3 uşağı var. Hər iki şəxsin dərs saatı eynidir, sadəcə, bu insan 5 kilometr gəlməməsi üçün kitabxana müdiri təyin olunub. Burada qərəz yoxdu. Siz hansı əsasla mənə zəng edib haqq-hesab edirsiniz? Şikayətlərə təhsil şöbəsi, icra hakimiyyəti və Təhsil Nazirliyi baxır”.
Məktəb direktoru: "Sizin haqqınız çatmır"
E.Vəliyev daha sonra şikayəti araşdırdığımız üçün iradını da bildirdi: “Görünür, yaşça cavansan. Mənim 28 yaşım var, cavan oğlanam. Məktəb rəhbərliyinə savadımla gəlmişəm, əziyyət görən biriyəm. Gəlin yerində araşdırın, mənə haqq verib qayıdacaqsınız. Hər ikisinin 11 saat dərsi var. Oğlanın stajı azdır. Şikayətləri varsa, məhkəmənin qapısı açıqdır. Bu işə məsləhətləşdirilib qərar verilib. Direktor özbaşına qərar vermir. Belə məsələləri saytınıza yazmayın. Xırda məsələdir, həm də sizin haqqınız da çatmır təhsil sahəsində olan işi yazmağa”.
Şəki şəhər Təhsil Şöbəsinin müdiri Südabə İsmayılova Milli.Az-a bildirdi ki, Sevda Allahverdiyeva iki il əvvəl ona müraciət edərək köməklik edilməsini istəyib: “Çünki Sevda əvvəl başqa rayonda ailə qurmuşdu. Sonradan rayona qayıtdı və məndən iş istədi. Aydınbulaq kənd orta məktəbinin əvvəlki direktoru ilə danışaraq ona iş verilməsini xahiş etdim. O biri müəllimlədən dərs saatı götürülərək işlə təmin etdik. Məktəbdə texniki işlərlə bağlı əmr vermək direktorun işidir, kənd icra nümayəndəsinin səlahiyyətindədir. Yeni təyin olunan kitabxana müdirinin atası da təhsil naziri Mikayıl Cabbarov rayonda vətəndaşlarla görüşəndə onun qəbulunda olub və problemini deyib. Nazirin tövsiyəsi olub ki, məcburi köçkünlərə köməklik edilsin”.
Son xəbərlər
Son Xəbərlər