Ötən ay 3 226 vergi ödəyicisi qanunvericiliyi pozub

oten-ay-3-226-vergi-odeyicisi-qanunvericiliyi-pozub
Oxunma sayı: 651

2012-ci ilin fevral ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkarlanması, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 3 226 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib. Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, 1687 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 346 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu və valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satıldığı və ya dəyişdirildiyi, 192 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 619 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.
Operativ nəzarət tədbirləri zamanı 224 vergi ödəyicisi tərəfindən 454 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 123 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 35 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 499 ədəd mal olduğu aşkarlanıb.

Yuxarıda qeyd olunan faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.


Nigar Məmmədli