Martın 14-ü saat 04:30 radələrində, Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi F.Kərimov küçəsində naməlum avtomobil qəsəbə sakini 1967-ci il təvəllüdlü Tariel Hüseynovu vurub və o aldığı xəsarətdən hadisə yerində ölüb. Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, hadisəni törədən Bakı şəhər sakini Rəşad Eyvazov idarə etdiyi «Niva» markalı avtomobillə birlikdə saxlanılıb.
Martın 4-də Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçədə yaşayan Elmira Məmmədovanın evinə açıq qapıdan daxil olmuş maskalı şəxslər onu tapança və xəncərlə hədələyərək 16 min manat pul alıblar. DİN BCAİ, BMCMİ, Salyan RPŞ, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, quldurluqda şübhəli bilinən Səlyan şəhər sakini Rauf Rəhimov, Balakən rayon sakini Təvəkkül Seyidov, Lənkəran şəhər sakini Rauf Mahmudov, Bakı şəhər sakinləri Tacəddin Qafarov, Kənan Alıyev və Tural Əsgərov tutulublar. Hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.
Martın 4-nə keçən gecə, Bakı şəhər sakini Venera Rüstəmovaya məxsus tikinti şirkətinə məxsus H.Babaşov küçəsində yerləşən yeni tikilidən 3500 metr elektrik kabelləri kəsilərək oğurlanıb. Binəqədi RPİ CAŞ və 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Şahbazov, Əbülfəz Məmmədov, Yardımlı rayon sakini Hidayət Fərəcov və Quba rayon sakini Ələkbər Burəngi tutulublar. Müəyyən olunub ki, onlar noyabrın 4-dən 14-dək, Bakı şəhər sakini Rahib Əsədova məxsus H.Babaşov küçəsində inşa olunan binanın 14-cü mərtəbəsində yerləşən mənzildən, qapını sındırmaq yolu ilə 70 ədəd işıq spotları, ev və məişət əşyaları oğurlayıblar.
Sabunçu RPİ CAŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Nardaran qəsəbə sakini Fərhad Şahbazovdan sandıqçasında 8 ədəd patronu olan 1 ədəd «Makarov» markalı tapança aşkar edilib.
Sabunçu RPİ 12-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Müşfiq Bağırovdan 405 qram marixuana götürülüb.
Sabunçu RPİ 15-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Zabrat qəsəbəsi Axundov küçəsində yaşayan Məhəbbət İsmayılovun yaşadığı evdən 1 ədəd lüləsi və qundağı kəsilmiş tək lülə ov tüfəngi və 26 ədəd patron götürülüb.
Nəsimi RPİ CAŞ-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Fərəc Hüseynov tutulub.
Nəsimi RPİ 20-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini Elman Rzayevdən darağında 1 ədəd patronu olan «FN 1906» markal, 6,35 kalibirli tapança aşkar edilib.
Yasamal RPİ NMB və PPXB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Elşən Aslanovdan 2 kiloqrama yaxın narkotik vasitə olan tiryək götürülüb.
Martın 13-də S.Orucov küçəsində naməlum şəxs Bakı şəhər sakini Yekatirina Paşininanın mobil telefonun əlindən alıb qaçıb. Xətai RPİ 37-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən İmişli rayon sakini Vüsal Hacıyev tutulub.