Ötən il 85 803 nəfər... - “Ümumdünya Qan Donoru Günü”dür

oten-il-85-803-nefer
Oxunma sayı: 775

Hər il dünya 14 iyun tarixini “Ümumdünya Qan Donoru Günü” kimi qeyd edir. 

 "Qafqazinfo"ya daxil olan məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair Qətnaməsi qəbul edilib. 

Elə bu məqsədlə bu gün Mərkəzi Qan Bankında tədbir keçirilib. Tədbiri giriş sözü ilə B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva açıb. Təmənnasız donorluq haqqında söz açan Z.Əlimirzəyeva qeyd edib ki, istənilən böhran və fövqəladə hallar zamanı hər kəsin özünə verdiyi ilk sual belə olur: “Mən nə edə bilərəm? Necə kömək edə bilərəm?”. Buna görə də bu il şüar kimi belə sual seçilib: “Siz nə ilə kömək edə bilərsiz?”  

Daha sonra çıxış edən Mərkəzi Qan Bankının müdiri Pərvanə Hacıyeva 2016-cı ildə qan xidmətinin fəaliyyəti haqda söz açıb. 

Onun sözlərinə görə, 2010-cu ildən 2016-cı ilə qədər ölkəmizdə könüllü donorların sayı 84.5 % artıb, belə ki, əgər 2010-cu ildə Respublika üzrə 46 530 nəfər donorluq edərək qan vermişdirsə, 2016-cı ildə bu rəqəm 85 803 nəfər olub.