Ötən il qaçırılan maşın tapıldı

oten-il-qacirilan-masin-tapildi
Oxunma sayı: 646

Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində “VAZ-21011” markalı avtomobil şübhə doğurduğundan ərazidə xidmət aparan Post-patrul Bölüyünün əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, avtomobili idarə edən Bakı şəhər sakini Vüqar Əliyevin sənədləri yoxlanılaraq zəruri dəqiqləşdirilmə aparılması üçün o, avtomobillə birgə 30-cu Polis Bölməsinə gətirilib.

Həmin avtomobilin Bakı şəhərində yaşayan Mirağa Kazımovun ötən il avqustun 12-də qaçırılmış nəqliyyat vasitəsi olması, həmçinin üzərindəki dövlət qeydiyyat nişanlarının isə digər avtomobilə - paytaxt sakini Hacıağa Mirzəyevə məxsus “VAZ-2106” markalı avtomobilə məxsus olması aşkar edilib.

Araşdırma zamanı V.Əliyevin həmin avtomobili qaçırdıqdan sonra üzərində olan dövlət qeydiyyat nişanlarını Türkan qəsəbəsi ərazisində izi azdırmaq məqsədilə naməlum istiqamətdə atdığı da müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanılıb, V.Əliyev şübhəli şəxs qismində tutulub. İstintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.