“Oturub kabinetdə vətəndaşla istədiyi formada danışır” - Yenilənib

oturub-kabinetde-vetendasla-istediyi-formada-danisir
Oxunma sayı: 5080

Müğənni Pərvin Lətifov “Ata Sığorta”dan şikayətçidir. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi instaqram səhifəsində videoaçıqlama yayaraq şirkətdə hörmətsizliklə üzləşdiyini iddia edib. 

Pərvinin sözlərinə görə, məkanda rəhbər şəxslərdən biri onunla kobud danışıb: “Fevralın 10-u maşınımı əziblər. Bu, normal haldır, qəza ola bilər. Dövlət Yol Polisi gəlib, sənədləşdirib. Qarşı tərəfin sığortası “Ata Sığorta”dandır. Sənədlərimlə birgə dəfələrlə ora getmişəm. Növbə gözləmişəm, məndən qabaq 18-20 nəfər olub. Axırda dedim ki, rəhbərlə görüşmək istəyirəm. Çünki hər dəfə gəlirəm, vaxtımı alırlar. Adını bilmədiyim şəxs polisə deyir ki, yola ver, getsin!”

Pərvin Lətifov əlavə edib ki, daha sonra səlahiyyətli bildiyi şəxsin otağına daxil olaraq dəfələrlə növbələrdə qaldığını deyib:

“Zorla otağına girdim, elə bil ki, şirkətin sahibi odur, nə istəsə edə bilər. Dedi ki, nə istəyirsən? Mən də vəziyyəti başa saldım. Söylədim ki, növbədə oluram, saatlarla vaxtım gedir. Mənə dedi ki, bir az tez gəl dəəə. Bu, onun birinci tərbiyəsizliyidir. Problemi aradan qaldırmaq əvəzinə tərbiyəsizlik edir. Sonra deyir ki, gözləyirsən gözlə, gözləmirsənsə, get nə istəyirsən et. Buranın müdiri, sahibi mənəm.

Sadəcə olaraq, “Ata Sığorta”nın rəhbərliyindən xahiş edirəm. Onsuz da maşınımı düzəltdirirəm, onların puluna ehtiyacım yoxdur. Amma sığortaya pul vermişik, niyə də olmasın? Maşınıma böyük bir zərər dəyməyib. Xahiş edirəm ki, bu adamı ortaya çıxarsınlar. Görək bu qanunla işləyir, ya özünün “küçə qanunları” ilə?... Əgər belədirsə, biz də “küçə qanunları”na müvafiq davranaq. İnsanlar nə qədər əziyyət çəkirlər. Qadın, uşaq… İşi, xəstəsi, uşağı olanlar gözləyir. Bu da oturub kabinetdə vətəndaşla istədiyi formada danışır. Müəssisənin içərisində nəsə demək olmur. Son sözüm budur ki, çalışın ki, sığorta ilə heç bir iş görməyəsiniz”. 

“Qafqazinfo” mövzu barədə “Ata Sığorta” ilə əlaqə saxlasa da, şirkətdən şikayət barədə açıqlama verilməyib. 

***

P. Lətifov “Qafqazinfo”ya açıqlamasında problemin həll olunduğunu söyləyib: “Həmin insan şirkətin vəzifəli şəxsi deyilmiş, sadəcə olaraq kimisə əvəz edirmiş. Əsas rəhbərliyi mənimlə əlaqə saxladılar, problemi aydınlaşdırmaq üçün görüşə çağırdılar. Həmin adamla bağlı da lazımı tədbirlər gördülər”.