Ovsyannikova barəsində qiyabi həbs qərarı verildi

ovsyannikova-baresinde-qiyabi-hebs-qerari-verildi
Oxunma sayı: 1784

Moskvanın Basman Rayon Məhkəməsi “Pervıy kanal” telekanalının keçmiş redaktoru Marina Ovsyannikova barəsində qiyabi həbs cəzası verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. 

Məlumata görə, məhkəmə ölkənin İstintaq Komitəsinin vəsatətini təmin edib. Buna uyğun olaraq, Ovsyannikova barəsində saxlanıldığı və yaxud ekstradisiya olunduğu andan 2 ay müddətinə qiyabi həbs olunması barədə qərar çıxarılıb. 

Xatırladaq ki, Moskvanın Basman Rayon Məhkəməsinin qərarına görə, Ovsyannikova oktyabrın 9-na qədər ev dustaqlığında qalmalı idi.

O, Rusiya Silahlı Qüvvələri barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edilərək bu cəzaya layiq görülüb. Bununla belə, keçmiş redaktoru 10 ilə qədər həbs cəzası gözləyir.

Qeyd edək ki, oktyabrın 1-i jurnalistin keçmiş həyat yoldaşı İqor Ovsyannikov bildirib ki, Marina qızını da götürərək ev dustaqlığından qaçıb. 

M.Ovsyannikova bu il martın 14-də “Vremya” xəbərlər proqramının canlı efiri zamanı Ukraynada hərbi əməliyyatlar əleyhinə plakat açıb. Bundan sonra o, 30 min rubl məbləğində cərimə olunub və Almaniyaya işləməyə gedib.

İyulun əvvəllərində Ovsyannikova yenidən Rusiyaya qayıdıb. Avqustun əvvəli jurnalist evində axtarış aparıldıqdan sonra saxlanılıb. Bu dəfə isə o, iyulun 15-də etiraz piketi keçirməkdə təqsirləndirilib.