“Oxçuçayın çirklənməsi Araz çayının keyfiyyətinə təsir göstərir”

oxcucayin-cirklenmesi-araz-cayinin-keyfiyyetine-tesir-gosterir
Oxunma sayı: 1396

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Ali Məhkəmənin Baş prokuroru Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, səfər zamanı  Ermənistanın sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətlər müzakirə olunub.

Baş prokuror türkiyəli qonaqlarla söhbətində Oxçuçayın çirklənməsinin Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa təsir göstərdiyini deyib.

Kamran Əliyev bildirib ki, Naxçıvanda olduğu müddətdə türkiyəli həmkarları ilə bir sıra məsələlər müzakirə edilib. Ən çox müzakirə olunan məsələ isə Ermənistanın sərhədyanı bölgədə törətdiyi ekoloji cinayətlərdir:

“Araz çayının hansı səviyyədə çirkləndirilməsi məlumdur və son zamanlar orada zavodun inşası ekoloji cinayətin törədilməsinə gətirib çıxarıb. Bunu Prezident Qoşulmama Hərəkatında da dilə gətirdi və Ermənistanın hansı cinayətlər törətdiyini bir daha diqqətə çatdırdı. Bu zavodun inşası həm Türkiyə, həm də Azərbaycan üçün böyük problemlər yaradır və biz bunu beynəlxalq aləmə ekoloji cinayət kimi çatdırmışıq”.

“Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir”, - deyə Baş prokuror əlavə edib.