Çox ümumi bir yazı olacaq. İmkan dairəsində hər bir xırda detalın ucundan tutub qəribçiliyə salmayasınız.
Azərbaycan kinosu yeni inkişaf mərhələsinə qədəm qoydu. Nəhayət.
Pis-yaxşı artıq kinoteatrlarda öz filmlərimizin posterlərinə rast gəlmək çox xoşdur. Mənim kimi bir çoxlarının böyük arzusu idi yəqin bu mənzərə.
Son 10 ildə lentə alınmış, lakin kütləvi tamaşaçı üzü görməmiş bir çox ekran əsərlərinin haqqına girmək olmaz. “Cavid ömrü”, “Cavadxan”, “40-cı qapı”, “Küçələrə su səpmişəm”, “Ovsunçu” və adlarını çəkmədiyimi bir çox təqdirəlayiq filmlərimiz var.
Amma Azərbaycan tamaşaçısının kinoteatra kütləvi axını son bir neçə ildə özünü göstərməkdədir. Bu səbəbdən indi –indi hansı oyanışdan söhbət edə bilərik.
Yadımdadır, bir ara kinoteatrlarda filmlərin Azərbaycan dilinə dublyaj edilərək təqdim edilməsi məsələsi gündəmə gəlmişdi. Bu xəbəri eşidən hər kəs (kinoya gedən də, getməyən də) ağız-burun əymişdi. Az qala hamı, təxminən belə deyirdi: “Sən canı, bizimkilərin dublyajına baxanda adamın əti tökülür”
Kinoteatrlarımızın rusdilli nümayişi davam etdirməsi onu göstərdi ki, hələlik bu keçidə hazır deyillər. Lakin tezliklə bu da olacaq. Mütləq olacaq.
Əmin danışmağımın səbəbi isə bu gün “made in Azerbaijan” filmlərinin kinotarlardakı yeridir, seansların saatıdır, insanlardakı maraqdır. Etiraf edək ki, bir çoxumuz nə vaxtsa yerli filmlərin kinoafişlərdə boy göstərəcəyinə inanmırdıq. Amma pis-yaxşı bir ənənə formalaşdı. Əskikləri ilə, səhvləri ilə, texniki boşluqları ilə də olsa, bir rels çəkildi və qataraların hərəkəti başladı.
“Moskva da birdən-birə qurulmayıb”, - deyib şablon ifadələrlə beyninizi və göznüzü yormaq istəmirəm. Bu misalı təsəlli naminə çəkmirəm. Ona görə çəkirəm ki, gördüyümüz qüsurlar, bizi öz kinomuzdan soyutmamalıdır. Dünyanın ən böyük kinosənayeləri belə-belə formalaşıb. Ən ibtidai formalarla. Razıyam, gecikmişik, amma “heç vaxt”dansa, gec yaxşıdır.
Martin Skorsezenin “Hugo” filminə baxın, ya da, Luk Bessonun keşməkeşli karyerasına bir nəzər salın. Məmə haqq qazandıracaqsıznız.
Hələlik kinomuz sponsorlardan asıldır. Bununla barışmaq məcburiyyətindəyik. Amma bu asılılığı bilirsiz kim həll edəcək? - Biz, siz, tamaşaçılar. Kinoya getməklə. Uşaqlarımızı da kinoya aparmaqla. Öz kinomuza sövq etməklə.
Ola bilər, hələlik yalnız gülmək üçün gedirik. Amma vaxt gələcək düşünəcəyik, günlərlə təsirində qalacağıq, eyni kinoya 3 dəfə, 4 dəfə gedib baxacağıq. Məni çox optimist insan hesab etməyin, amma buna inanıram.
Yetər ki, təzə film çəkəndə birincidəki səhvlərimizi nəzərə alaq, hər yeni ekran əsərində daha da peşəkarlaşaq. Bu işi yalnız pul qazanmaq üçün yox, həmdə sevdiyimiz üçün görək.
Kinotetrlarımızın sayı da azdır. Məncə, bir müddət sonra tələbata uyğun olaraq yeniləri də açıqlacaq. Bu haqda daha geniş yazacam.
Və sonda. Yeni nəsil kinomuzun möhrünü “Əli və Nino” vuracaq. Bu filmin başqa səviyyəli yapımlar üçün ilham mənbəyi olacağına inanıram. Səbirsizliklə gözləyirəm.
Son xəbərlər
Son Xəbərlər