Öz təşəbbüsü ilə yaltaqlananlar

oz-tesebbusu-ile-yaltaqlananlar
Oxunma sayı: 1682


Yaltaqlanmaq dəbdir, olsun ki. Yaltaqlıqdan yarıyanlar da olub, sözüm onda yox. Adam var ki, periodik yaltaqlanır, adam var daim. Yaltaqlıq kiminin cavanlığına düşür, kiminin qocalığına. 

Bütün növ yaltaqlara rast gəlmək olur, neynək. Fəqət məsələ ondadır ki, bir də görürsən elə adam yaltaqlanır ki, onun sözünün heç bir əhəmiyyəti yoxdur. Yaxud da yaltaqlanmağın məqamını tuta bilmirlər. Yaltaqlıq əksərən ölkəmizdə tələb olunmur, bir çoxları öz daxili ehtiyacını ödəmək üçün yaltaqlanır. Ondan heç kəs tələb eləmir ki, yaltaqlan, bizim haqqımızda ağzın köpüklənə-köpüklənə, pencəyinin birinci düyməsini ikinci ilgəyə ilişdirib təriflər yağdır. Sadəcə adamlar öz təşəbbüsü ilə yaltaqlanırlar.

 2 il öncə şəhid Mübariz İbrahimovla bağlı doğulduğu rayonda müsabiqə keçirilirdi. Qiraət müsabiqəsinin münsiflər heyətində Cəlil Cavanşir, Kənan Hacı və mən təmsil olunurduq. Çıxış üçün söz veriləndə həmkarlarım məni irəli verdilər. Çıxış edib müsabiqəyə fəaliyyət müddətində uğurlar arzu edəndən sonra Əbülfəz Elçibəyin ruhunu bir dəqiqəlik sükutla yad etməyi xahiş etdim, insanlar məmnunluqla qalxdılar. Çünki həmin gün Ə.Elçibəyin doğulduğu gün idi. Nitqimi bitirib əyləşmək istəyəndə məni  bir nazirliyinin əməkdaşı (sonra bildim ki, həmin tədbirə o məsul şəxs imiş) kənara çəkib dedi ki, məni işdən qovacaqlar, sən niyə Ə.Elçibəyin ruhunu yad elədin. Dedim, ay qardaş, hakimiyyət Ə.Elçibəyi daim hörmətlə anıb, H.Əliyev dəfnində iştirak edib, haqqında qiymətli fikirlər deyib, prezident İlham Əliyevsə ona eks-prezident statusu verib. Yəni hakimiyyət eks-prezidentə heç bir düşmənlik mövqeyində deyil. Kəsəsi, nə düşündüsə, sonra bir az toxdadı bu “məsul şəxs”. Ancaq qəlbinin dərinliyində Bakıdan “xəbər” gözləyirdi. Deməli, bu adam elə bilir ki, rayonda keçirilən ənənəvi bir müsabiqəni izləyirlər, orda olanlar “yuxarılara” çatdırılır, onlarsa bunu cəzalandıracaq. Əsl Corc Oruell situasiyasıdır. 

Ölkədə yaltaqlanmaq, mövqe qazanmaq, olduğu yeri qorumaq üçün min cür belə işlər görürlər. Sabah belə bir müsabiqə keçirilsə və o Heydər Əliyevin doğum gününə təsadüf etsə, yenə də eyni addımı atar, bir dəqiqəlik sükutla, ehtiramla yad edərik. Yəni, yaltaqlanmaq naminə kimlərisə düşmən seçmək heç birimizə yaraşan hərəkət deyil və bu cür şeylər kimsədən tələb olunmur. Təəssüf ki, bu gün çoxları öz təşəbbüsləri ilə yaltaqlanır...