Ölkənin əmək bazarında bir qrup insanlar standart normalara uyğun işlə təmin olunub (xüsusən dövlət idarələri, xarici şirkətlərdə işləyən yerli işçilər), onların əmək hüquqları müəyyən çərçivədə tənzimlənir, bir qrupun durumu isə sual altındadır.
İkinci halda əmək münasibətlərində daha çox işçinin haqlarının pozulması halları baş verir. Halbuki əmək hüququ işçi ilə işəgötürən arasındakı münasibətin tənzimlənməsində əsas hüquq olmalıdır. Bu, ölkə Konstitusiyasının 35-ci maddəsində də əksini tapıb. Maddədə qeyd olunur ki, hər kəsin əmək qabiliyyəti əsasında sərbəst sürətdə özünə peşə, məşğuliyyət, iş yeri tapmaq hüququ var. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst şəkildə bağlanır. Hər kəsin təhlükəsiz və sağlam şəkildə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan əmək haqqı almaq hüququ var.
Maddədə əsas məsələ olan işsizliyin aradan qaldırılması üçün dövlətin bütün imkanlardan istifadə etməsi də vurgulanıb. Əmək hüququnu təmin edən normalar digər əsas mənbədə Əmək Məcəlləsində də əksini tapıb. 1991-ci il iyulun 1-dən qüvvəyə minən qanunlar toplusu- əmək müqaviləsi, iş və iştirahət vaxtı, əmək intizamı, əməyin mühafizəsi və diğər məsələləri tənzimləyir. Bu günə qədər məcəllədə 200-ə qədər əlavə və dəyişikliklər edilib. Bu həm Beynəlxalq Əmək Təşkilatının normalarına uygun olaraq, həm də yerli mütəxəsislərin təklifləri əsasında olunub.Yerli ekspertlərin təklifləri davam etməkdədir. Hazırda bu məsələ gündəmdədir.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlının fikrincə, təşkilatın irəli sürdüyü təkliflər işsizliyin aradan qaldırılması, işdə əlil olan şəxslərin yenidən işlə təminatı, hamilə və analıq məzuyyəti olan qadınların əmək hüquqlarının müdafiəsi ilə bağlıdır. Əmək münasibətlərini nizamlayan əsas sənəd-əmək müqaviləsidir.
Qeyd edildiyi kimi, konstitusiyada müqavilənin bağlanmasının icbari olmadığı əksini tapıb. Amma öz əmək hüququnu bilən işçinin bu müqavilənin bağlanmasını tələb etmək haqqı var. Əmək müqaviləsi 15-18 yaşlarındakı şəxslər üçün bağlandıqda onların valideynin razığının alınması mütləqdir. İstənilən əmək müqaviləsi bağlanan gündən qüvvədədir. Daimi iş yeri olanlarla müvəqqəti əmək müqaviləsinin bağlanması da, ekspertlərin narazı qaldığı məqamlardan biridir.
İşsizlər və pərakəndə əmək bazarı
Ölkədə əmək münasibətləri ilə bağlı problemlər arasında işsizlik və qeyri-formal məşğulluq əsas yer tutur. Bu gün Azərbaycanada məşğul əhalinin sayı 4 milyon 375 min nəfərdir. Təkcə 1milyon 381 min adamın əmək münasibətləri qanunla tənzimlənir, başqa sözlə, əmək müqaviləsi, pensiya, sığorta təminatı var. Məşğul olan əhalinin qalan hissəsi 69%-in gələcəyi sual altındadır. Ola bilsin ki, həmin qrup arasında vaxtiylə işləyənlər üçün sosial fond üçün yığım(2006-cı ilə qədər olan hissə həmrəylik sistemi ilə var) gedib. Hazırda isə pensiya üçün yığım dayandığından və sığorta təminatı olmadığından həmin qrup üçün gələcəkdə əngəllər var. Həmin insanlar sosial sığorta hadisələri zamanı müavinət almaqdan imtina oluna bilərlər.
Bu gün qeyri-leqal (qeyri –formal) əmək bazarının sahəsini azaltmaq üçün dövlət islahatlar keçirsə də, hələ də bu sektorda böhran hökm sürür. Dünya təcrübəsində rəsmiləşdirilmiş məşğulluq 70-80% olsa da, Azərbaycanda hələlik bu göstərici 30%-dir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2006-2015-ci illəri əhatə edən məşğulluq strategiyası iki mərhələdə həyata keçirilib və dövlət proqramı uğurla icra olunub. Proqramın reallaşması nəticəsində işsizliyin səviyyəsi 2006-cı ildə 7,4 faiz olduğu halda bu gün artıq 4,9 faiz təşkil edir. Hazırlanan yeni konsepsiyanın(2016-2020) əsas məqsədi isə məşğulluq siyasətinin formalaşdırılması, demoqrafik yükün nəzərə alınması, infrastruktur layihələrində dövlət investisiya xərclərində məşğulluq amilinin formalaşdırılmasının nəzərə alınması, işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun fikrincə, bu gün işsizliklə mübarizədən danışılır, ən əvvəl onu deyək ki, əmək qanunvericiliyində hələ də boşluqlar var, yaxud orada ciddi dəyişikliklərə ehtiyac var. “Nəzərdə tutulan məşğulluq konsepsiyası isə ölkənin demoqrafik şəraitindən tutmuş, əmək bazarında baş verən dəyişikliklərə qədər hər şeyi nəzərə almalıdır. Əgər ölkədə demoqrafik artım varsa, deməli bu əmək bazarına daha çox insanın daxil olmasına gətirib çıxarır. Təəssüf ki, əmək bazarı işlə təmin edə biləcək qədər iş yerləri yarada bilmir.”Ekspertin fikrincə, məşğulluq konsepsiyası təkcə iş yerlərinin artırılması yox, həm də keyfiyyətli işçi kadrların hazırlanması, işsizliyə görə müavinət sisteminin təkmilləşdirilməsi kimi məsələləri də əhatə etməlidir.
“İşsizliklə bağlı sığorta sisteminin formalaşması haqqında qanunvericiliyin hazırlanmasını biz çoxdan təklif edirdik, nəyəsə nail olmuşuq. İşsizliyə görə müavinət Dövlət Sosial Müdafiə Fondunun vəsaitindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti vasitəsi ilə realizə olunur. Ona görə də hökumət işsizlikdən sığorta fondunu artırmaq barədə düşünür. Bununla bağlı “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi hazırlanıb.” S.Məmmədovun sözlərinə görə, yeni layihədə işləyən vətəndaşların və işəgötürənlərin sosial ödənişlərinin artırılması nəzərdə tutulur. “Yeni layihədə işsizlik üçün sosial müavinətlərin ödənilməsinə ayrılan vəsaitin məbləğinin təxminən 82 milyon manata çatacağı gözlənilir. Hazırda bu göstərici 5 milyon manat təşkil edir. Mütəxəsisin fikrincə, işsizlik məsələsi ciddi problem kimi qalır. İşsizliklə mübarizə davam etsə də, konkret həll edilməmiş məqamlar var. Məsələn, torpaq payı olan şəxslər və onların əmək qabiliyyətli olan ailə üzvləri məşğul sayılırlar. Halbuki, onlar faktiki olaraq torpaqdan səmərəli istifadə etmir və işsizdir. Eyni zamanda, gizli məşğulluq da var. Zavod, fabrik və müəssisələrdə işləyən xeyli insanlar var ki, adı qeydiyyatda olsa da, uzun müddətdir ki, məzuniyyətə gediblər. Onlar da faktiki olaraq işsiz hesab olunmalıdır. Son dövrlərin iqtisadi durumu ilə bağlı əmək bazarına təzyiqlər var. İş yerlərində müəyyən ixtisarlar gedir. Qeyri-formal əmək bazarına müraciət edənlərin sayı xeyli artıb.
Ümumilikdə, əmək bazarında müəyyən gərginliklərin olduğunu bildirən S.Məmmədov ali və peşə təhsilinin istehsalla əlaqələndirilməli olduğunu vurğulayıb: "Əsasən aqrar sahənin, qeyri-neft sektorunun inkişafı ilə bağlı proqnozlaşdırılır ki, yaxın dövr ərzində 15 minə yaxın yeni iş yeri açıla bilər. Mövcud iş yerlərindən səmərəli istifadə olunmalı və təhsil məsələsinə diqqət yetirilməlidir. Bu baxımdan peşə təhsilinin gücləndirilməsi vacibdir. Peşə təhsili tənzimlənmədiyinə görə ixtisaslı fəhlələr bizdə xaricdən dəvət olunur. Hazırda Azərbaycanda bu sahədə vəziyyəti qənaətbəxş deyil. Bundan başqa, ali təhsilin istehsalla əlaqəsi genişləndirilməlidir. Gənclərin məşğulluğunun təmin olunması üçün onların peşə yönümü orta məktəblərdən müəyyən olunmalıdır. Dünya praktikasında orta məktəbi bitirən şagirdin artıq iki peşə seçmək və dərhal işə başlamaq imkanı var. Azərbaycanda da bu sistemin tətbiqinə üstünlük verilməlidir. Əlilliyi olan şəxslərin işlə təminatına imkan verilməlidir.” Ekspertin sözlərinə görə, qeyri-formal əmək bazarının hüdudları daraldılmalıdır. Qanunvericilik, vergi güzəştlərinin tətbiqi və s. üsullarla qeyri-formal əmək bazarının sıxışdırmaq olar. İlk növbədə buna əməl olunsa, əmək bazarındakı tarazlıq bərpa olunacaq”.
Qeri-formal əmək bazarının qadınları
Ölkədə belə təəssürat yaranıb ki, qadınların iş tapması kişilərə nisbətən daha asandır. Problem ondadır ki, işsizliyin aradan qaldırılmasında kiminsə alitəhsilli, təcrübəli kadr olması da kara gəlmir. Təəssüf ki, ticarətlə məşğul olanların içərisində ali təhsilli az deyil. İndi qeyri-formal əmək bazarı dedikdə, ən çox kişilərin əsas məşğul olduğu tikinti sahəsi, nəqliyyat sektoru, qadınlarınsa işlədiyi iaşə-xidmət sahələridir. Təkcə paytaxın bir neçə yerində fəaliyyət göstərən “Qul bazar”larını müşahidə etməklə qeyri-formal əmək bazarı iştirakşılarının bir qismini izləmək olar. Bu yolla iş tapılması və həmin iş yerlərində əmək münasibətlərinin suallar doğurması isə hər kəsə məlumdur. Qeyri-formal əmək bazarında işəgötürən istədiyi vaxt işçini vəzifəsindən azad edə bilər. Misal üçün , hər hansı şadlıq evində və ya tikinti sahəsində 10-larla insanın əmək fəaliyyətinin səmərəsi yalnız müdiri nə dərəcədə qane edəçək qədərdir. Bu “qane”də insanların əməyinin mənimsənilməsi faktlarına isə mütləq rast gəlirik. Misal üçün, şadlıq evində işləşən aşbaz qadınlar, həm də restoranın təmizlik işlərində də iştirak edirlər, eyni hal satıcı qadınlar üçün də tətbiq olunur. Çox təəssüf ki, adıçəkilən sahələrdə normal əmək münasibətlərindən danışmaq olmaz. Belə müəsisələrdə ən sadə qanunlar pozulur. Misal üçün, biri həftəlik iş saatı(40 saatdan artıq ola bilməz) və gündəlik iş saatının(tam iş vaxtı 8 saat) çox olması ilə bağlıdır. İşçinin əməyində mənmsənilmə halları müşahidə olunur. İşəgötürən ilə hər hansı əmək müqaviləsi olmadığından nəticədə işçi uduzur.
Bu gün qeyri-formal əmək bazarındakı iş elanlarına nəzər yetirsək, orada daha çox 18-30 yaşlarında qadınlar tələb olunur. Xüsusən, satıcı, xidmətçi, xadimə, ofisiant, aşbaz vəzifəsini içra edəcək xanımlar istənilir. Azərbaycanda bu iş yerləri “çox aşağı”vəzifə sayılır və bu işi görənlər sadəcə pul qazanmaq üçün müraciət edirlər. Daha çox günəmüzd işləyənlərin əmək təhlükəsizliyi, sağlamlığının qorunması kimi məsələlər sual altındadır. Qəhrəmanım Südabə xanım iki il əvvəl işlədiyi şadlıq evində xarab ətçəkənin “qurbanı “olub. Qəfil işə düşən ətcəkən sağ əlinin barmağını sıradan çıxarıb. Təəssüf ki, bu vəziyəti “ehtiyyatsızlıqdan baş verib” qiymətini alıb.
Halbuki, iş şəraitinin təşkilinə və avadanlıqlara görə, işəgötürən məsuliyyət daşıyır. Aşbaz iş prosesində xəsarət alırsa, yaxud yol süpürən xadiməni maşın vurursa təqsir özündə ölur. Problem ondadır ki, qeyri-formal məşğulluqda (daimi və ya müvəqqəti) iştirak edən işçilərdən peşəkərlıqla bağlı sərt tələb də yoxdur. Halbuki, inkişaf etmiş ölkələrdə bu sahədə işə götürüləndən peşə hazırlığı, kurs təhsili tələb olunur, işəgötürən onunla əmək müqaviləsi bağlayır. Hər adam satıcı, afisiant ola bilməz. Ofisiant, kulinar gigiyenik qaydalara əməl etməkə ətraf üçün də məsuliyyət daşıyır. Xadimə, təmizlik işlərinə baxanlar, bizdəki kimi daha çox yaşlı və ya işindən “utanan”qadınlar olmurlar. Xadimə istifadə etdiyi kimyəvi təmizləyicilərin tərkibinə qədər bilməlidir.

Qeyri-formal məşğulluqla mübarizə mümkündürmü?
Mütəxəsislər qeyri-formal əmək bazarındakı işçilərin gələcəkdə təminatı üçün qeyri-dövlət pensiya fondlarının da yaradılmasını təklif edirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov məsələyə belə aydınıq gətirib. Ekspertin fikrincə, əmək bazarının sivil formada qurulması vacibdir. Stabil məşgulluq siyasəti olmadan əmək bazarını qurmaq olmaz. Əsas məsələ ölkədəki məşğulluq fəaliyyətinə sistemli nəzarətdir. Misal üçün, bu gün ölkədə əhalinin əmək qabiliyyətinin səviyyəsi, hansı sahələrdə nə qədər insanın çalışdığı, peşəkarlıq səviyyəsi barədə dəqiq göstəricilər yoxdur. Bu səbəbdən də qeyri-formal əmək bazarının sahəsi genişlənib və nəzarətdən çıxıb. Halbuki bu Statistika Komitəsinin işidir. Hansı sənət, peşə sahələrində artım və boşluğun olduğu yalnız bu yolla öyrənilməlidir ki, gələcəkdə əmək bazarında stimul da yaransın. Bu gün öz peşəsi üzrə işləməyən 100-lərlə insan var, bəzən ali təhsillisi ticarət və ya fəhləliklə məşğul olur. Vaxtiylə peşə məktəbləri var di, bu da öz işinin peşəkarı olanları yetişdirirdi.
Peşə məktəblərinin ləğvi də əmək bazarına pis təsir göstərdi, hər il işsizliyin səviyyəsinin azaldığı deyilir, amma müşahidələr bunun əksini göstərir. Qeyri-formal əmək bazarındakı vəziyyətə toxunan ekspert onu da vurğulayıb ki, əmək münasibətlərinin tənzimlənməməsi işçilərin hüquqlarını pozur, sığorta təminatının olmaması, iş saatınn çoxluğu, işçinin istirahət saatının təşkil olunmamsı halları baş verir, insanlar da bu haqsızlıqlar səbəbindən tez-tez iş yerlərini dəyişməli olurlar. Bir də əmək bazarında işçinin əmək müqaviləsi ilə işləməsi də əsas məsəldir. İndi əmək qabilliyyətli insan məlumatsızlıqdanmı, işini itirmək qorxusundamı özü əmək müqaviləsini tələb edə bilmir. İşçinin əməyi leqallaşdırılsa, bu gələcəkdə pensiya təminatına da təsir etmiş olar. İşçi bilsə ki, onun peşəkarlığı gələcəkdə onun təminatına təsir göstərəcək, onda bu işçi arasında da rəqabəti artıracaq, beləcə işin keyfiyyəti də yüksələcək. Beynəlxalq təcrübəyə nəzər yetirsək, kənd təsərrüfatı sahəsində belə, tutaq ki məhsulun(mövsümü olsa belə) yığımında iştirak edən işçilərin də sayı və əmək hüquqları var. Bizdə isə kiçik sahibkar məhsulun yığımı, qablaşdırması, logistikası ilə də özü məşğul olur. Azərbaycanda kiçik və orta sahibkarlıq qeydiyyatdan keçsə də, onlarda məşğulluq səviyyəsi qeydiyyata düşmür. Belə sahibkarlar bir işçisi olan müəsisə kimi qeydiyyata alınır. Bu vergidən yayınma halıdır və əmək bazarına mənfi təsir göstərən gizli məşğulluğu formalaşdırır. İşsizliklə, qeyri-formal əmək bazarrı ilə mübarizədə bu məsələlərin dərindən tədqiqi vacibdir.