Xəbər verdiyimiz kimi, Özbəkistan gömrük xidmətinin nümayəndə heyəti ölkəmizdə səfərdədir.
“Qafqazinfo”nun məlumatına görə, nümayəndə heyətinə Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Akmalxuja Mavlonov rəhbərlik edir.
Azərbaycan gömrüyünün təcrübəsini öyrənmək məqsədilə ölkəmizə gələn qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyası, “Azərterminalkompleks” Birliyi və ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinə baş çəkib, sözügedən qurumların fəaliyyəti ilə tanış olublar.
Dövlət Gömrük Komitəsinin Akademiyasında Özbəkistan gömrük xidmətinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Komitənin və Akademiyanın aidiyyəti strukturlarının əməkdaşları, Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Akmalxuja Mavlonov və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Akademiyanın rəisi Qulu Novruzov qonaqlara Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə məlumat verib və iki ölkə arasında mövcud olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Daha sonra “Azərterminalkompleks" Birliyi ilə tanış olan qonaqlar qurumun binasında yerləşən Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Nümayəndə heyəti Birliyin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi ilə də tanış olub.
Səfər Çərçivəsində nümayəndə heyətinin üzvləri ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətilə də tanış olublar.






Son xəbərlər
Son Xəbərlər