“Qafqazinfo” xəbər verir ki, “Media forum” saytına açıqlamasında Elxan Şahinoğlu deyib ki, Özbəkistan bir neçə il öncə xarici siyasətdə hərbi bloklara qoşulmamaq və neytral siyasət yürütmək haqqında qərar qəbul edib: “Özbəkistan məhz bu qərara əsaslanaraq MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edib. Daşkəndin bu qərarı Moskvanın qıcığına səbəb olsa da, İslam Kərimov fikrindən daşınmadı. Özbəkistan prezidenti daha öncə GUAM-ı (o zaman GUÖAM – red.) tərk etmək haqqında qərar vermişdi. Əslində Özbəkistan əvvəlcədən də GUAM-a həvəssiz üzv olmuşdu, bu təşkilatın toplantılarına qatılmır, müzakirələrdə iştirak etmirdi.
Türkdilli dövlət başçılarının sammitləri siyasi və hərbi blok formatı daşımasa da, Özbəkistan prezidenti bu toplantılara da qatılmır. Bu da ondan irəli gəlir ki, Daşkəndin Ankara ilə münasibətlərində soyuqluq hökm sürür. Özbəkistanla Türkiyə arasında ikitərəfli münasibətlər 1999-cu ildə pozulub. Həmin il Daşkənddə bir neçə terror aksiyası törədildi və bu terror aksiyalarında Özbəkistan hakimiyyəti özbək müxalifətinin Türkiyədə siyasi sığınacaq tapmış təmsilçilərini günahlandırdı. Daşkənd həmin şəxslərin onlara təhvil verlməsini tələb etsə də, Ankara buna razılaşmadı. Bundan sonra da münasibətlər soyudu, Türkiyənin iş adamları Özbəkistandan çıxarıldı, onlara məxsus şirkətlər qapandı, Özbəkistanda Türkiyə televiziya kanallarının yayımı dayandırıldı. O vaxtdan Daşkənd Ankaranın təşəbbüskarı və ya iştirakçısı olduğu tədbirlərdə, o cümlədən türkdilli dövlət başçılarının sammitlərində iştirak etmir.
Əlbəttə, yaxşı olardı ki, türkdilli dövlətlərdən hansısa biri irəli çıxıb Özbəkistanla Türkiyəni barışdırsın. Məncə, bu rola daha çox Azərbaycan iddia edə bilər. Çünki Azərbaycanın Türkiyə ilə yanaşı Özbəkistanla da sıx münasibətləri var. Necə ki Ankara Bakı ilə Aşqabad arasında münasibətlərin normallaşmasında mühüm rol oynamağa başlayıb, eləcə də Bakı Ankara ilə Daşkənd arasında vasitəçiliyini təklif edə bilər”.
Son xəbərlər
Son Xəbərlər