Özbəkistana səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.
“Qafqazinfo” xəbər verir ki, Komitə sədri ilk olaraq tərəfdaş qurum olan Özbəkistanın Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanovla görüşüb.
O, görüş zamanı həmkarına Özbəkistana dəvətə, uğurlu əməkdaşlığa və dost ölkədə Azərbaycan icmasının fəaliyyəti üçün yaradılmış şəraitə, dəstəyə görə təşəkkür edib.
Komitə sədrinin növbəti görüşü Özbəkistan Ali Məclisi Senatının sədr müavini Sadiq Safayevlə baş tutub.
F. Muradovun Daşkənd şəhər meri Şavkat Umurzakovla da görüşü keçirilib. Görüş zamanı şəhər meri Komitə sədrinin Daşkənd şəhərinə səfərindən şad olduğunu qeyd edib və ona uğurlar arzulayıb.
Komitə sədrinin digər rəsmi görüşü Özbəkistanın mədəniyyət və turizm naziri, Xalq artisti Ozodbek Axmedoviç Nazarbekov ilə keçirilib. Nazir Komitə sədrini salamlayaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərindən sonra Daşkənd şəhərində növbəti görüşündən məmnunluğunu ifadə edib. Qeyd edib ki, Azərbaycan və özbək diasporlarının xarici ölkələrdə də bir-birinə dəstəyi və əməkdaşlığı bizim xalqların birliyini, dostluğunu daha da artırır.