Özbəkistanla əməkdaşlıq müzakirə olunub

ozbekistanla-emekdasliq-muzakire-olunub
Oxunma sayı: 681

İqtisadiyyat naziri Şahin Mustafayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri Sardor Umurzakovla görüşüb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, görüşdə Şahin Mustafayev Azərbaycan və Özbəkistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyətini vurğulayıb. İqtisadiyyat naziri Özbəkistanın TDƏŞ-də təmsil olunmaq qərarının Şura üzvü olan ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrin inkişafı baxımından rolunu qeyd edib.

Bildirilib ki, hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-a yaxın şirkət fəaliyyət göstərir. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 46%-dən çox, bu ilin 8 ayında isə 63% artıb. Azərbaycan və Özbəkistan arasında möhkəm müqavilə-hüquq bazası yaradılıb, müxtəlif sahələri əhatə edən 110-dan çox sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əməkdaşlığın genişləndirilməsində əlverişli platformadır.

İqtisadiyyat naziri ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, turizm, ticarət, investisiya və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Qeyri-neft sektorunun ölkə iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Şahin Mustafayev iş adamlarının ölkəmizdə fəaliyyəti üçün yaradılan əlverişli şərait, sənaye parklarında və məhəllələrində rezidentlərə tətbiq edilən güzəştlər barədə məlumat verib, Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan İqtisadiyyat naziri Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.