Özəl sektorda əmək müqavilələrinin sayı nə qədər artıb? - Nazir açıqladı

ozel-sektorda-emek-muqavilelerinin-sayi-ne-qeder-artib
Oxunma sayı: 1267

1 oktyabr 2019-cu il tarixinə özəl sektorda əmək müqavilələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 min 962 müqavilə və ya 16,5%, bu sektorda əmək haqqı fondu isə 33,4% artıb. 

"Qafqazinfo" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının Bakıda keçirilən XXXII iclasında bildirib.

Nazir vurğulayıb ki, cari il ərzində minimum əmək haqqının 93%, minimum pensiyanın 72%, sosial müavinət və təqaüdlərin orta hesabla 2 dəfə artırılması, 2 yeni növ təqaüdün təsis edilməsi və s. kimi tədbirlər 4 milyon 200 mindən çox vətəndaşın rifahına əhəmiyyətli sosial dəstək verib. 

S.Babayev ilk DOST Mərkəzinə fəaliyyət göstərdiyi 5 ayda 40 mindən çox vətəndaşın müraciət etdiyini, DOST xidmətlərinin keyfiyyətindən tam məmnunluq səviyyəsinin 93%-i keçdiyini, bu ilin sonuna qədər daha iki DOST mərkəzinin açılmasının, 2025-ci ildə isə ölkədə onların sayının 31-ə çatdırılmasının planlaşdırıldığını qeyd edib. 

O bildirib ki, 2018-ci ilin sonlarında istifadəyə verilən, 16 altsistemi, 2 reyestri birləşdirən vahid “e-sosial” portalı  vasitəsilə vətəndaşlar əmək, məşğulluq, əlillik, sosial müdafiə və sosial təminatla bağlı özləri haqqında tam məlumat əldə edə, habelə nazirlik tərəfindən təqdim olunan 100-dən çox xidmət növündən yararlana bilərlər.  “Məşğulluq” altsistemi isə işsiz və iş axtaran vətəndaşların, həmçinin işəgötürənlərin, məşğulluq xidmətlərinin elektron platformada təmin olunmasına imkan verir. İşə qəbul olunanların, habelə işsiz və iş axtaranların qeydiyyatı, avtomatlaşdırılmış iş bankı və Dövlət Məşğulluq Xidməti tərəfindən göstərilən bütün elektron xidmətlər bu altsistemdə əhatə olunur. Oktyabr ayının sonunda Məşğulluq alt sistemi tam istifadəyə veriləcək.

Nazir 1 yanvar 2019-cu ildə ölkədə ilk elektron pensiya təyinatı başlanıldığını və bu günə qədər 14 mindən çox insana e-qaydada pensiya təyin edildiyini deyib. 
38 min işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlərə cəlb olunduğu “İşsizin dostu” proqramı barədə məlumat verən S.Babayev deyib ki, Azərbaycanda icra olunan özünüməşğulluq proqramının əhatə dairəsi ötən il 6 dəfədən çox artıb, 2019-cu ildə isə bu proqram əsasında 10 min kiçik ev təsərrüfatı və kiçik müəssisə yaradılması nəzərdə tutulub.