Parlamentin bu gün keçirilən iclasında “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, layihə barədə məlumat verən komitə sədri Ziyad Səmədzadə qeyd edib ki, bu layihə özəl sektorun göstəricilərinin yaxşılaşmasına, sahibkarlıq mühitini daha da sağlam olmasına xidmət edir. Belə ki, bu qanunun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:
2.1.1. dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə - ödənilməmiş borcların 70 faizi silinir;
2.1.2.dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə - ödənilməmiş borcların 50 faizi silinir;
2.1.3. dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə - ödənilməmiş borcların 30 faizi silinir.
Bu qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir. Dövlət əmlakının (müəssisələrinin) satıcısı dövlət əmlakının (müəssisələrinin) özəlləşdirilməsinin başa çatması tarixi haqqında məlumatı həmin tarixdən bir ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir.
Qeyd edək ki, bu qanun 2019-cu il martın 1-dən qüvvəyə minir. Layihə səsə qoyularaq qəbul edilib.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər