Özgəsinin bayrağını öpənlər

ozgesinin-bayragini-openler
Oxunma sayı: 2031


O, üçrəngli bayrağımızı başının üstünə qaldırıb “Azadlıq” Meydanında keçirilən mitinqlərdə iştirak edəndə, mən orta məktəbin 7-ci sinfində oxuyurdum. Yaşı ona imkan vermişdi ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizədə iştirak etsin. Məndən 7-8 il əvvəl dünyaya gəldiyi üçün onu xoşbəxt adam sayırdım...

Biz 15-16 il öncə tanış olmuşduq. Həmin vaxt o, həmişə simasını qoruyan müxalifət partiyalarının birində məsul vəzifə tuturdu. Bir müddət sonra öyrəndim ki, dostum həmin vəzifədə ictimai əsaslarla çalışır. Bir dəfə bu barədə söhbət düşəndə belə dedi: “Mən həmişə hərəkatçı olaraq qalacağam”.

Müxalifətdaxili ziddiyyətlərdən yorulub, bir müddət kənara çəkilsə də, heç vaxt öz əqidəsindən dönmədi. Çünki dönükləri sevmirdi. Sözübütöv, ləyaqətli adam olduğu üçün onu sevməyənlər az deyildi. Amma bunu heç vaxt özünə dərd etmir, haqq yolunda aram-aram irəliləyirdi.

Həmişə onun maddi problemlərin məngənəsində sıxıldığını görmüşəm. Yox, fərsiz adam deyildi. Mənim əlimdən yazmaqdan başqa heç nə gəlməsə də, onun bacarmadığı iş yox idi. Ancaq yenə bol qazanc əldə edə bilmirdi. O, halal yolla qazanmaq, halal çörək yemək istəyirdi. Amma haramzadələr həmişə onun yolunu kəsirdilər. Buna görə də yaşı 40-ı çoxdan ötsə də, özünə ev-eşik qura bilməmişdi. Onun geniş qəlbi kirayədə yaşadığı darısqal mənzillərə sığmırdı...

Bir il əvvəl eşitdim ki, o, ailəsi ilə birlikdə mühacirətə üz tutub. Çox keçmədən dostumuzun səsi Almaniyadan gəldi. Almaniya hökuməti bu ölkənin qapılarını onun üzünə taybatay açdı. Keçmiş siyasi məhbus olduğu üçün asanlıqla mühacir statusu ala bildi. Bir müddət sonra sosial şəbəkələrdə yeni evinin şəkillərini paylaşdı. Hamıdan çox mən sevindim. Axır ki, onun kirayə pulu ödəməkdən canı qurtarmışdı. İlk dəfə həmin gün onun gedişinə haqq qazandırdım. Əgər o, Azərbaycanda qalsaydı, ömrünün sonuna kimi belə bir evə sahib ola bilməyəcəkdi. Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda gedən mübarizədə yaxından iştirak etmiş, Dağlıq Qarabağda erməni separatçılarına qarşı vuruşmuş bu adama Almaniya dövləti sahib çıxdı. Hansı ki, 70-75 il əvvəl hamımızın babası almanlara güllə atmışdı...

Bu kiçik qeydləri yazmaqda məqsədim indi mühacir həyatı yaşayan dostumu Azərbaycan cəmiyyətinə təqdim etmək deyil. Onun buna ehtiyacı yoxdur. Özünün də dediyi kimi, Azərbaycan cəmiyyəti ona sahib çıxmadı. İki gündən bəri yuxumu ərşə çəkən, mənə əzab verən hadisə barədə yazmaq istəyirəm. İyulun 4-də futbol üzrə Almaniya yığma komandası Fransa millisi üzərində qələbə çalanda ilk təbrik mühacirətdəki dostumdan gəldi. O, sosial şəbəkələrdə Almaniyanın bayrağını paylaşıb, qələbə münasibətilə futbolçuları təbrik etdi. Hansı ki, mən onun Azərbaycan bayrağından başqa hansısa ölkənin bayrağına ehtiram göstərəcəyini ağlımın ucundan da keçirməmişdim.

YAP hökuməti bu barədə yaxşı-yaxşı düşünməlidir. Siyasi mənsubiyyətinə görə insanları bir tikə çörəklə sınağa çəkəndə, onlar başqasının qələbəsinə sevinəcək, özgəsinin bayrağını öpəcəklər...