“Özümü bəxti gətirən ifaçı hesab edirəm”

ozumu-bexti-getiren-ifaci-hesab-edirem
Oxunma sayı: 638

Birdən-birə üç yeni mahnısını dinləyicilərə təqdim etməyə hazırlaşan Lətifə artıq bir mahnısını onların ixtiyarına buxarmağa hazırlaşır. “Qafqazinfo”nun məlumatına görə, ifaçı sözləri Sona Arifə, musiqisi xalq artisti Faiq Sücəddinova məxsus olan “Başımın tacı” adlı mahnı Yaşar Baxış tərəfindən aranjeman olunur və ilin son gününə qədər ərsəyə gələcək.

Lətifənin mərhum atası, tanınmış incəsənət xadimi Akif Fətəliyevlə bir vaxtlar möhkəm dostluq edən Faiq müəllim, ötən ay müğənninin “Prima” adlı albomunun təqdimatında iştirak edərkən söz vermişdi ki, onların çox uğurlu yaradıcı əməkdaşlıqları başlayacaq.

Sözünü tutan xalq artisti vokal imkanlarını yüksəl qiymətləndirdiyi Lətifə üçün real hit olacaq bəstə yazıb. Əməkdaşımızla söhbəti zamanı Lətifə böyük sənətkara təşəkkürlərini belə ünvanladı: “Faiq Sücəddinov kimi bəstəkarın etibarını qazanmaq xoşbəxtliyi hər sənətçiyə nəsib olmur. Təşəkkür edirəm ki, mənə etibar etdi. Mahnı ürəyimi, ruhumu oxşayır. Nədənsə, içimdə qəribə rahatlıq var. Özümü bəxti gətirən ifaçı hesab edirəm. Əminəm ki, bu mahnı 2013-cu ilin ilk hiti olacaq. Faiq müəllimin yazdığı digər iki mahnını da yeni ildən sonra lentə aldıracağam”.

Lətifənin yaradıcılığındakı yeniliklər bununla yekunlaşmır. O, sənəti üzrə İtaliyada ustad dərsləri almağı da qarşısına məqsəd qoyub: “Dünyanın ən tanınmış və peşəkar vokal müəllimlərindən dərs almaq gerçəkləşdirəcəyim arzular sırasında ən realıdır. Yalnız zirvəyə doğru addımlamaq yolunda qarşımdakı bütün maneələri dəf etmək üçün özümdə çox böyük güc hiss edirəm”.