“Özümüzü yandıracağıq…”- - Metropolitenə etiraz+Fotolar+Video

ozumuzu-yandiracagiq-
Oxunma sayı: 3654


“Bakı Metropoliteninin Dərnəgül elektrik deposunun tikintisi üçün Binəqədi rayonu 7-ci mikrorayon xarici dairəvi küçəsi 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb. Ancaq müəyyən səbəblərdən tikinti dayandırılıb”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, elektrik deposunun tikintisinin dayandırılmasına səbəb orada məcburi köçkün və digər mülki şəxslərin yaşamasıdır. Onun sözlərinə görə, siyahıya alma zamanı orada 83 məcburi köçkünün yaşadığı və cəmi 217 yaşayış sahəsi olduğu müəyyən olunub. 

N.Paşayev bildirib ki, yerli sakinlərə hər kvadrat metrə görə 720 manat kompensasiya ödənilib və onlar evlərini tərk etməyə razı olublar. Lakin 6 ailə köçməkdən imtina edib. Bu gün Metropoliten evlərini tərk etmələri üçün həmin ailələrə son xəbərdarlıq edib. Metropoliten sözçücü bildirib ki, həmin 6 ailəyə də digərləri kimi Mehdiabadda məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillər ayırıb, lakin onlar köçməkdən imtina edirlər. Narazı sakinlər isə jurnalistlərə deyirlər ki, bura şəxsi yaşayış evləridir, onlara verilən mənzillər isə müvəqqəti sığınacaqdır. İcra hakimiyyətinin nümayəndəsi isə bildirib ki, həmin sakinlərin yaşadıqları evlər qanunsuz evlərdir. Sakinlər buna etiraz edərək qeyd ediblər ki, necə qanunsuz ola bilər ki, bu evləri tikmişik və neçə illər həmin mənzillərdə yaşamışıq. 

Allahverdi Doluxanov adlı etiraz edən sakin isə deyir ki, onun evə dair rəsmi sənədləri var: “Bİzə deyirlər ki, siz evinizə nə qədər xərc çəkmisinizsə onun kompensasiyasını ödəyəcəyik, amma bunu rəsmi şəkildə edən yoxdur”.

***

Etiraz edən 6 ailə bildirib ki, onlara indiyə qədər kompensasiya verilməyib. Eyni zamanda sakinlər bildiriblər ki, onlara evlərinin dəyərində pul ödənilsin başqa yerdə ev ala bilsinlər. Lakin heç bir halda Mehdiabaddakı mənzildə yaşamayacaqlar. Sakinlərdən biri isə etiraz edərək məcbur şəkildə evlərindən çıxarılacaqları halda benzin töküb özünü yandıracaq. 

Qeyd edək ki, hazırda ərazidə polis əməkdaşları var.

***

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin müdiri Sənan Hüseynov jurnalistlərə bildirib ki, vaxtilə Bakı Metropoliteninə məxsus ərazini zəbt etmiş 32 məcburi köçkün ailəsindən 26-sına Komitə tərəfindən Mehdiabad qəsəbəsində tikilmiş evlərdə mənzil verilib: "Ərazini tərk etməyən 6 ailəyə də həmin qəsəbədə mənzillər ayrılıb. Dövlət Komitəsi bu ailələrə kompensasiya verilməsinin əleyhinə olmayıb, onlar bununla bağlı bütün məhkəmə instansiyalarını keçiblər, lakin məhkəmə məcburi köçkünlərə kompensasiya verilməsini hüquqi hesab etməyib. Bakı Metropoliteninin ərazisində plana uyğun olaraq müvafiq dövlət tədbirləri həyata keçirilməlidir. Dövlət Komitəsinin üzərinə məcburi köçkünlərə mənzil ayrılması düşür ki, həmin mənzillər də artıq ayrılıb, lakin bu ailələr köçmək istəmirlər".

Günel Türksoy