Özünü yandırma - - Haqsızlığa etiraz, yoxsa spekulyasiya?

ozunu-yandirma-
Oxunma sayı: 2900


Ötən ilin sonunda Qarabağ qazisi Zaur Həsənovun özünəqəsdi ilə başlayan yanğının alovları davam etməkdə və bu hadisələr ölkədə böyük bir rezonans yaratmaqdadır. Həmin olaydan sonra yaşananlar, ona verilən reaksiyalar müxtəlif nəticələr ortaya çıxarıb. Məlum hadisədən sonra daha üç nəfər özünə od vurub. Yevlax sakini Nizami Kərimov, Bərdə sakini Maarif Vəliyev və bu gün Bakıda gənc qadın Məleykə Bayramlı... 

“Qafqazinfo” xəbər verir ki, bu hadisələr ölkədə artıq şok effekti yaradıb. Demək olar ki, hər gün baş verən intiharlar silsiləsinin ardından insanların özünü yandırması ilə bağlı xəbərlər eşidilməkdədir. 

Ölkədə nə baş verir? İnsanlar özünü niyə yandırır? Birdən-birə ölkədə kütləvi haqsızlıqmı baş verib? Yaxud insanlar üzləşdikləri narazılıqlara etiraz etməyi indimi başa düşüblər? Bu şəkildə özünə qəsd nəyə gətirib çıxaracaq? Yoxsa Zaur Həsənov olayına həssas reaksiyalar iştahı iti, maddi və mənəvi imkanı zəif olanları həvəsləndirib? Yəni özünü yandıranlar Zaur Həsənova verilən 100 min manatlıq kompensasiya və 18 yaşınadək uşaqlarına ayda 1500 manat pensiya təqaüdündən ruhlanaraq bu cür şansdan bəhrələnmək fikrindədirlər? 

Bütün hallarda bu dəhşətli hadisələr ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalı və cəmiyyətə təxirəsalınmaz məlumatlar çatdırmaqla tədbirlər görülməlidir. Çünki bir ənənəyə çevrilməkdə olan “atəşfəşanlıq” böyük problemlər yarada bilər. Bu insanların özünü yandırmasında həqiqətən sosial ədalətsizlik olubsa, günahkarlar tapılmalı və millətin qarşısında ən ağır formada cəzalandırılmalıdır. Əks halda bu spekuliyasiyalar aşkarlanarsa, özünü yandıranlarla bağlı ciddi ölçülər götürülməli və bu işlə bağlı cinayət işi başladılmalıdır. Bütün hallarda məsələ cəmiyyət üçün hələlik açıq qalır. Və bununla bağlı cəmiyyətin ətraflı şəkildə məlumatlandırılmasına ehtiyac var.

Son günlər özünüyandırma faktlarının hər biri ilə bağlı cinayət işi açılıb. Maraqlıdır ki, bu cinayət işləri araşdırılarkən baş verən hadisələr arasında bir əlaqə tapılıbmı? Onların səbəblərinin eyniliyi varmı? Bu cinayət işləri birləşdirilibmi? Müstəntiqlər hadisələri necə araşdırırlar? 

Ölkədə dalbadal baş verən bu şəkildə özünəqəsdlərlə bağlı sosioloq Əhməd Qəşəmoğlu da fikirlərini “Qafqazinfo”ya açıqlayıb. Sosioloq bildirib ki, bu daha çox sosial psixoloji mənəvi bir problemdir: “Bir problem baş verir, bu insanlar başlayır özünü yandırmağa. Bu o demək deyil ki, baş verən problemlər indi yaranıb. Onların problemi əvvəldən də var idi. Qazilər təbəqəsi çox həssas bir təbəqədir. Bizim məmurlar o təbəqə ilə işləmək qaydasını yaxşı bilmirlər. Və məmurlarla onların arasındakı xoşagəlməz kiçik münasibət belə onları incidir. Həmin insanları mən tanıyıram. Onlar müharibə şəraitində müəyyən çətinliklərdən keçmiş insanlardır”. 

Onun sözlərinə görə, özünəqəsd hadisələrinin dalbadal baş verməsi də düşündürücüdür: “Birinci olaraq ötən ilin sonunda Qarabağ qazisi Zaur Həsənov özünü yandırdı. Bu hadisə populyarlaşdırıldı. Burada bir həyəcan siqnalı olmalı idi. Məmurların iş üslubu dəyişdirilməlidir. Amma o hadisəni bu qədər populyarlaşdırılmalı deyildik. Psixologiyası zəif, əsəbi olan insanlarda sanki belə nümayişkarənə şəkildə özünü yandırmağa meyl yarandı. Ona görə də vəziyyət xoşagələn halda deyil və bunun qarşısını mütləq almaq lazımdır”. 

Sosioloq hesab edir ki, Azərbaycanda bu sahədə elmi təminat mərkəzlərin fəaliyyət göstərməsinə böyük ehtiyac var: “Belə düşünən insanlara, məmurların onlara qarşı törətdiyi çətinlikləri aradan qaldırmağın yolları izah olunmalıdır. Bu tip mərkəzlərin olmaması gələcəkdə analoji hadisələrin yenidən təkrarlanmasına səbəb ola bilər. Gələcəkdə bu təbəqədən də deyil, digər təbəqələrdən də bu cür hadisələrin ortaya çıxmaması üçün elmi təminat mərkəzləri tezliklə yaradılmalıdır. Bu sahədə mütəxəssislər də yetişdirilməldiir. Həmçinin media da bu tip məsələlərdə həssas olmalıdır. Yalnız faktı vermək xatirinə işləmək düzgün deyil. Elə etmək lazımdır ki, bu fakt cəmiyyətdə ağrı-acılara səbəb olmasın”. 

Qeyd edək ki, “Qafqazinfo”da özünüyandırma faktları ilə bağlı jurnalist araşdırması aparılır, həmin araşdırmada yuxarıda qoyulan suallara cavab verməyə çalışacağıq. Material hazır olan kimi oxuculara təqdim edəcəyik. 

Günel