Özünü yandırmaq və barmağını kəsmək

ozunu-yandirmaq-ve-barmagini-kesmek
Oxunma sayı: 1209

Fərid Hüseyn

Fiziki əzab insanı mənəvi əzabdan xilas edə bilərmi? Fiziki əzab mənəvi əzabı və iztirab hissini necə unutdurur?

Lev Tolstoy bir sıra əsərlərində fiziki əzabı, ağrını mənəvi xilas kimi göstərir. “Dirilmə” romanının qəhrəmanı Nexluyudov katorqaya könüllü gedir və o buna tam razıdır. Çünki orda əzablarına baiskar olduğu qadınla birgə zülm çəkəcək, rahat güzəranı məşəqqətə, dözülməzliyə çevriləcək, ancaq “günahının payını alıb” məntiqi ona ruhi dinclik gətirəcək. Və o bununla – cəzasını alması ilə, əzaba və cəhənnəmə özünü bu dünyada öyrəşdirməklə rahatlıq tapacaq.

Bəzən insan günahların cəngində qalanda mazoxistləşir, özünə əzab verərək sakitləşir. İnsanın özünün özündən qisas günü var. O gün qiyamət günü kimi qaçılmazdır. Qiyamət günündən cənnətə gedən yol ləyaqətlə yaşamaqdırsa, özünü bağışlamağın yolu da ömrü xeyrə xidmətdə keçirməkdir. Şər əməllər şeytanlar ortaqlıqdır. Necə ki cinayəti sifariş verən icraçını bağışlamır, gec-tez məhv edir, sirrin hardan qaynaqlandığını silib-süpürür, eləcə də şeytanın sifarişi ilə reallaşdırdığımız şər, bizim nə vaxtsa axırımıza çıxır. Bu vaxt insan özünə ölüm, yaxud zəlillik arzulayır. Vicdanlı insan çox zaman etdiklərinin əvəzində cəzalandırılmasını sonraya saxlamaq istəmir, o cəhənnəmi uzaqda görməkdən xoflanır, o cəhənnəmi tutub özünə tərəf çəkir. 

Lev Tolstoy bu mövzuya – insanın özünə fiziki əzab, işgəncə  verərək sakitləşməsinə, şər iş görəndən sonra özünə cəfa və cəza arzulaması məsələsinə dönə-dönə müraciət edib: “İblis” povestində qəhrəman Yevgenin həzli günlər yaşadığı qadından əl çəkə bilmir, qadını yaşadığı vilayətdən uzaqlaşdırmaq istəyir, rahiblə bağlı bir əhvalatı xatırlayır və özünə fiziki əzab verir: “O, bir rahib haqqında oxuduqlarını xatırladı. Həmin rahib müalicə etmək üçün əlini bədəninə vurmalı olduğu qadının cazibəsinin qarşısında dayanmaq üçün o biri əlini tavaya qoyaraq, barmaqlarını yandırmışdı. O, bunu xatırladı. “Bəli, mən məhv olmaqdansa barmaqlarımı yandırmağa hazıram”. Otaqda heç kimin olmadığını yoxlamaq üçün ətrafa boylandı, kibrit yandırdı və barmağını oda tutdu.  “Hə, indi onun haqqında fikirləş görüm” – istehza ilə özünə müraciət etdi. Onun barmağı ağrıdı, hisdə qurumuş barmağını kənara çəkdi, kibriti yerə atdı və öz-özünə güldü. “Bu nə axmaqlıqdır. Bunu etməyə ehtiyac yoxdur. Onu görməmək üçün tədbir görmək lazımdır – ya özüm çıxıb getməliyəm, ya da onu uzaqlaşdırmalıyam. Hə, uzaqlaşdırmalıyam. Ərinə pul təklif etmək lazımdır ki, başqa şəhərə, yaxud kəndə köçsün. Bilsələr, indi də bunun haqqında danışacaqlar.  Nə olsun, bu həmin təhlükədən ki, yaxşıdır. Hə, yaxşısı budur”.

“Sergi ata” povestində də qəhrəman şəhvət qurbanı olmamaq üçün özünə fiziki əzab verir. Sergi ata 6 illik tərki-dünyalıqla özünü hər cür günahdan qorusa da, kilsədə dindar həyat keçirsə də bir gün onun qapısını bir qadın döyür. Çox tərəddüddən sonra qəhrəman qapını açır. Qadın bir azdan bəhanə ilə onu yanına çağırır, şəhvətin əsirinə çevrilməyin astanasında olduğunu görür Sergi ata. Lev Tolstoy həmin səhnəni belə təsvir edir: “Baltanı əlinə götürərək, sol əlinin şəhadət barmağını kötüyün üstünə qoydu, baltanı qaldırdı və barmağını ikinci oynaqdan aşağı hissədən vurdu. Barmaq eyni qalınlıqda odunun qırılmasından daha asan qopdu, çevrildi və şappıltı ilə əvvəlcə kötüyün lüləyinə, sonra isə döşəməyə düşdü. 

O, bu səsi ağrı hiss etməzdən əvvəl eşitdi. Amma ağrının olmadığına təəccüblənməyə heç macal tapmamışdı ki, göynədici ağrı və axan qanın istisini hiss etdi. O, cəld kəsilmiş oynağı cübbəsinin ətəyi ilə qapadı və onun baldırına sıxaraq geri qayıdıb otağa daxil oldu və qadının qarşısında dayandı, gözlərini aşağı dikərək, sakitcə soruşdu:

– Nə istəyirsiniz?

Qadın onun rəngi qaçmış sifətinə və titrəyən sol yanağına baxdı və birdən utandı O cəld ayağa qalxaraq kürkünü qapdı, ona büründü. 

–    Mənim ağrılarım var idi... soyuqlamışam... mən... Sergi ata... mən...

O, sakit, nəşəli, işıqla parlayan gözlərini qaldıraraq ona  baxdı və dedi:

– Əziz bacım, niyə öz ölüsüz qəlbini məhv etmək istəyirdin? Günahlar dünyaya daxil olmalıdır, amma vay o adamın halına ki, günah onun vasitəsilə daxil olur... Tanrının səni bağışlaması üçün dua et.

Qadın onu dinləyir və ona baxırdı. Birdən axan maye səsi eşitdi. O diqqətlə baxdı və onun əlinin qanının cübbə boyunca axdığını gördü. 

–    Siz əlinizə nə etmisiniz? – o eşitdiyi səsi xatırladı, lampanı götürərək dəhlizə qaçdı və döşəmənin üstündə qanlı barmağı gördü. Sergi atadan da daha çox rəngi qaçmış vəziyyətdə geri qayıtdı, ona nə isə demək istədi, amma o, sakitcə anbara getdi və arxasınca qapını bağladı. 

–    Məni bağışlayanı, – qadın dedi, öz günahımı necə yuya bilərəm?

–    Çıx get”.

Beləcə Sergi ata xilas olur, qadınla şəhvətli dəqiqələr keçirmir. Mənəvi pozğunluqdan onu fiziki əzab, özünə xətər yetirməsi xilas edir. Fiziki əzab mənəvi itkilərdən özünü saqındırmaq üçün bir vasitədir, ancaq tam mənada xilas deyil və Tolstoy bunu dönə-dönə nəticə kimi göstərir. Ona görə də Sergi ata günahdan – qadından uzaq qalsa da başa düşür ki, o, fikrən həmin qadın haqqında düşünürdü, əgər barmağını kəsməsəydi, islanmış paltarı bədəninə yapışan (bu görkəmin qadını min qat daha cazibədar göstərirdi) xanımdan imtina edə bilməyəcəkdi. Və əgər illərlə Allaha olan inam, dua, ruhi kamillik, keşişlik, atalıq bir qadın bədəni qarşısında fikrən məğlub olursa, ruhu dualarla bəslənən insanın nəfsi qadın görəndə acırsa və bütün “yedik”ləri yox olursa, onda, deməli, həmin kəs üçün şəhvət duadan, qadın Allahdan daha üstündür. Ona görə də Sergi ata qadına toxunmayaraq hisslərinə qalib gəlsə də məğlubdur və kilsədən uzaqlaşmaqdan başqa çarəsi yoxdur.

Bəs insan öz canı bahasına belə günahdan uzaqlaşırsa, əlini tavada yandıraraq, barmağını kəsib atırsa və yenə də mahiyyətcə xilas ola bilmirsə, onda xilası harada axtarmaq lazımdır, əlacın, mədədin ünvanı haradır, insan hara pənah aparmalıdır? Bu çətin suallar, imtahanlı  yaşayış üçün Tolstoy çox ağır bir seçim yolu göstərir. Həmin seçimi gerçəkləşdirmək çox çətindir. Bu, İsa Məsih yoludur və bəşəriyyətə min illərdir bəlli olan o yolu getmək çətindir. Tolstoy ömrünün bir hissəsini həmin mərtəbəyə yüksəlməyə canatımlarda keçirib və tam mənada istəyinə çata bilmir. 

Bəs o yol nədir? O yola çıxış necə ola bilər?  “Kreyser sonatası”nın girişində “İncil”dən bir stat var: “Mən isə sizə deyirəm, o kəs ki qadına tamah salır, ona ehtirasla baxır, o adam artıq öz qəlbində zinakarlıq etmiş olur”. (Matfeya V, 28).

Zina yalnız fiziki fakt deyil, əqildə də zina etmək mümkündür. Əgər sən xəyalında qadınla şəhvətli dəqiqələr, həzli saatlar keçirirsənsə, belə bir şeyi təsəvvür edirsənsə artıq zinakarsan. Çünki insan ideyasının təqibçisidir. Əgər beyində fikir yaranıbsa, sən o düşüncəni təqib edəcəksən və bir dəfə özünün saqındırsan da, başqa dəfə günah toruna düşəcəksən. İnsan xəyallarını yaşayır... 

Deməli, insan öz qarşısını fikrən almalıdır, daxilən pis işlərdən uzaq olmalıdır. İdiot fikirlərin qarşısını almaqla növbətisinin önünə kökük diyirləmiş olursan. İnsan özünü özüylə mübarizəyə yox, Allaha itaətdə keçirməlidir. Əks halda canı – “cinlər məskəni” daim əzablar içində qıvrılacaq, heç zaman rahatlıq tapmayacaq. Tolstoyun göstərdiyi yol kamillik yoludur və orda irəliləmək hər adamın işi deyil. Tolstoy özü də tam mənada o yolun yolçusu ola  bilmədi... O, fikrən xilas olmaq istəyirdi... O daha bu dünyadakı əməllərindən, günahlarından yenə də eyni yerdə – bu dünyada düşünmək istəmirdi... Ona görə də başqa bir dünyada yaşamağı seçdi...