Pakistan XİN rəhbəri Şah Mahmud Kureşi Rusiyanın rəsmi İslamabad və Dehli arasındakı gərginliyin azaldılmasında vasitəçi olmağına razılıq verib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Pakistan KİV-i məlumat yayıb.
“Rusiya Xarici işlər naziri Sergey Lavrov vasitəçilik təklifi etdi. Mən Hindistanın mövqeyi barədə məlumatlı deyiləm. Lakin demək istəyirəm ki, Pakistan Rusiyanın sülhlə bağlı danışıq təklifini qəbul etməyə hazırdır”, -deyə Kureşi söyləyib.
Qeyd edək ki, Pakistan fevralın 27-də Kəşmir üzərindən uçan Hindistanın “Mirage-2000” və “MiQ-21” tipli iki hərbi təyyarəsini vurub. İki pilot əsir götürülüb, onlardan biri ağır vəziyyətdədir. Hindistan Hərbi-Hava qüvvələri isə hava sahəsini pozan Pakistana məxsus “F-16” qırıcı təyyarəsini vurub.
Xatırladaq ki, iki ölkə arasında gərginlik bu il fevralın 14-də mübahisəli Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan hissəsində - Cammu Kəşmirdə hərbçiləri daşıyan maşın karvanına edilən terror hücumundan sonra artıb. Terrakt nəticəsində 45 nəfər ölüb. Hücuma məsuliyyəti Pakistanda yerləşən və Məsud Azharın rəhbərlik etdiyi “Caiş-e-Muhammad” adlı təşkilat öz üzərinə götürüb. Bundan sonra Hindistan Pakistanı terror qruplaşmasını dəstəkləməkdə təqsirləndirib. Rəsmi İslamabad isə ittihamları qəbul etməyib.
Son xəbərlər
Son Xəbərlər