Pakistan qırıcıları Prezidentin təyyarəsini müşayiət etdi - Video - Yenilənib

pakistan-qiricilari-prezidentin-teyyaresini-musayiet-etdi
Oxunma sayı: 10462

Prezident İlham Əliyev bu gün Pakistana işgüzar səfərə yollanıb.

“Qafqazinfo” xəbər verir ki, Pakistanın hava məkanında Prezidentin təyyarəsini ölkənin Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri müşayiət edib.

Bu barədə məlumatı isə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “X” hesabında paylaşıb.

Qeyd edək ki, Pakistan mediası İlham Əliyevin iyulun 11-12-də Pakistanda səfərdə olacağını yazıb.

***

Azərbaycan Prezidentinin Mətbuat Xidməti də səfərlə bağlı məlumat yayıb.

Bildirilib ki, İlham Əliyev Pakistan İslam Respublikasında səfərdədir.

Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlət başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açılıb.

Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşılayıb.

Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşüblər.

***

Pakistan İslam Respublikasında dövlət səfərində olan Prezident İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb. Əvvəlcə rəsmi foto çəkdirilib.

Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.

Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olunub.