Pakistanda “Azərbaycanda Xocalı soyqırımı” adlı seminar keçirilib

pakistanda-azerbaycanda-xocali-soyqirimi-adli-seminar-kecirilib
Oxunma sayı: 655

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kompaniyasına dəstək olaraq keçirilən tədbirdə Pakistanın tanınmış ictimai-siyasi xadimləri, senatorlar, Müasir Dillər, Preston, Milli Müdafiə, Qaide Azim, Fatma Cinnah, Zülfüqar Əli Bhutto Universitetlərinin, Diplomatik Akademiyanın rəhbər və müəllim heyəti, Pakistanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Asiya Sivilizasiyaları Cəmiyyətinin sədri professor Z.A.Qureshi Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və Azərbaycanın daha 7 rayonunun işğal olunduğunu vurğulayıb, işğal nəticəsində 1 milyon insanın öz ata-baba yurdundan didərgin salındığını, 20 min insanın öldürüldüyünü qeyd edib. Z.A.Qureşi 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində mülkü əhaliyə qarşı törədilmiş soyqırımı bu münaqişənin ən qanlı və faciəli səhifəsi adlandırıb.

Azərbaycanın Pakistandakı Səfiri Daşqın Şikarov çıxış edərək, Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı haqqında geniş məlumat verib. Səfir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəklədiyinə, Pakistan Senatı tərəfindən Ermənistanın Azərbaycana təcavüzü və Xocalı soyqırımını ittiham edən qətnamənin qəbul edilməsində göstərdiyi prinsipiallığa görə Pakistan Senatı və xalqına bir daha dərin minnətdarlığını bildirib.

Tədbirin sonunda üzərində “Xocalı Soyqırımına Ədalət” sözləri yazılmış köynəklər geyinən bir qrup gənc Milli Müasir Dillər Universitetinin Rektoru general Masud Hasan və Səfir D.Şikarovla şəkil çəkdirib.