“Təhsilin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsinə yönəlmiş sorğuda iştirak edən hər 3 şəxsdən biri müəllimlərin peşəkarlıq səviyyəsini əsas amil hesab edib”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı bu günlərdə keçirilən sorğunun nəticələri ilə bağlı danışarkən deyib.
Nazir qeyd edib ki, 50 mindən artıq insanın hər il müəllimlik ixtisasına müraciət etməsi və bu müraciətlərin 5-6 il əvvəlki dövrlə müqayisədə 3 dəfə artması bu sənətə olan həvəsin artmasını göstərir.
“Biz istərdik ki, müəllimlərimizi köhnə deyil, müasir modellə hazırlayaq. Bununla bağlı Pedaqoji Universitet rəhbərliyi ilə də danışıqlarımız olub. Müəllimlərə dəstək mexanizmi də çox önəmlidir, pandemiya dövrü müəllimlik peşəsinin nə qədər çətin olduğunu valideynlərə də göstərdi. Sertifikasiyanın keçirilməsi müəllimlərin peşəkarlığı baxımından çox vacib olacaq. Pandemiyaya görə bu proses təxirə salınsa da, düşünürəm ki, müəyyən ardıcıllıqla bu işi görə bilərik”.
Qeyd edək ki, 15 mart tarixindən etibarən keçirilən sorğu çərçivəsində 10 812 rəy qəbul edilib. Sorğuda iştirak edənlərin fikrincə, keyfiyyətli təhsilin müəllimlərin peşəkarlıq səviyyəsindən asılılığı 33,3 faizdir. Bundan əlavə, məktəbin maddi-texniki təchizatı 17,3 faiz, valideyn amili 15,2 faiz, məktəb rəhbərlərinin fəaliyyəti 10 faiz, məktəbdə psixoloji mühit 8,2 faiz, dərsliklər 5,5 faiz təsir edir.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər