“Pandemiyada bütün qızıllarımı satdım”

pandemiyada-butun-qizillarimi-satdim
Oxunma sayı: 2892

Əməkdar artist Gövhər Rzayeva pandemiya vaxtı bütün qızıllarını satdığını etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Günün sədası” verilişində danışıb. Onun sözlərinə görə, qarmon sənətinin əziyyəti çoxdur, amma qazancı azdır: “Hər toya da getmirəm. Əzizlərimin toyuna gedirəm, bilirəm ki, əziyyətimə dəyər”.

Rzayeva bildirib ki, pandemiya vaxtı maddi sıxıntıları olub:

“Toy olanda hamı qazanırdı. Çox əziyyət çəkdim. Nə qızılım var idi, hamısını satdım. Oturursan evdə, qapı döyülür, qaz, işıq pulu istəyən gəlir. Yeyib-içmək var, qadın üçün çox əziyyətlidir. Həm kişiyik, həm qadın, özümüzü idarə edirik. Mən heç kimə demirəm, utanıram. Guya desəm, kömək edəcəklər? O vaxt kömək ediləcək ki, mənə artıq lazım olmayacaq. Bir ayağım gorda olanda yardım olunacaq, nəyimə lazımdır? Özümə deyirəm ki, görünüş varlı, cibi boş, yazıq Gövhər”.