Parisdə Milli Komissiyanın 25 illi qeyd edildi - Fotolar

parisde-milli-komissiyanin-25-illi-qeyd-edildi
Oxunma sayı: 719

Parisdə UNESKO-nun baş qərargahında qurumun Baş Konfransının 40-cı sessiyası çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənə ilə qeyd edilib. “Qafqazinfo” xəbər verir ki, tədbirdə UNESKO-nun rəhbər nümayəndələri, bir sıra ölkələrin Mədəniyyət nazirləri, daimi nümayəndəliklərin rəhbərləri və əməkdaşları iştirak ediblər.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov giriş sözü ilə çıxış edərək ölkəmizlə UNESKO arasında əlaqələrə toxunub. Ölkəmizin qurumun prinsip və dəyərlərinə həmişə sadiq olduğunu vurğulayıb və bunun UNESKO ilə səmərəli əməkdaşlıq münasibətlərimizlə təsdiqləndiyini bildirib. 

UNESKO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko Baş direktor adından Milli Komissiyanın 25 illiyini təbrik edib. Onun milli səviyyədə deyil, eyni zaman da regional və beynəlxalq səviyyələrdə çox saylı layihələr həyata keçirməklə UNESKO-nun missiyasını dəstəklədiyini diqqətə çatdırıb. 

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov Milli Komissiyanın yaranması tarixindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildə yaradılan Milli Komissiya həmin il Xarici İşlər Nazirliyi yanında fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, 2005-ci ildən Milli Komissiya Azərbaycan Respublikasının Prezidenti yanında statusu ilə fəaliyyətini davam etdirir. O, Milli Komissiyanın 25 illik fəaliyyəti haqqında ətraflı məlumat verib.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva təşəbbüsü və dəstəyi ilə ölkəmizlə UNESKO arasındakı əlaqələrin inkişafına böyük töhfələr verib. Təşkilatla əlaqələrimiz daha intensiv və dinamik olub. UNESKO-nun mədəni irs, mədəniyyətlərarası dialoq, gender bərabərliyi, inkişaf etməkdə olan ölkələrdə qızların təhsili kimi prioritet sahələrində çox saylı layihələr həyata keçirilib.

Azərbaycan Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirə qoşulan həmkarlarını və digər iştirakçıları salamlayaraq, tədbirin önəmini qeyd edib. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə səfir Anar Kərimova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” yubiley medalı UNESKO-nun baş direktorunun xüsusi müşaviri, Ümumdünya İrs Komitəsinin keçmiş rəhbəri Munir Buşenakiyə təqdim olunub.
Munir Buşenaki bu yüksək mükafatla təltif edildiyinə görə şərəf duyduğunu deyib və Azərbaycan hökumətinə təşəkkürünü bildirib.