Dünən Parisin “L’Entrepôt” incəsənt mərkəzində çoxsaylı beynəlxalq mükafatların laureatı, ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin nümayişi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, “Xocalıya Ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən filmin nümayişi 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunub.
Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisi və “Europa Film Akt” (EFA) təşkilatı ilə birgə əməkdaşlıq şəraitində təşkil edilib. Məlumat üçün bildirək ki, EFA hər il keçirilən “L'Europe autour de l'Europe” festivalının təşkilatçısıdır. Festival çərçivəsində Azərbaycan kino sənətinin ən son filmlərinin mütəmadi nümayişi keçirilir.
“Tarix hər zaman mübahisə və təfsir subyekti olub, münaqişənin əsl qurbanları məhz sadə insanlardır” deyən TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin qeyd edib ki, filmin nümayişini keçirməkdə məqsəd çağdaş Azərbaycan tarixinin ən kədərli səhifələri barədə məlumatlılığı artırmaqdır.
“Sonsuz Dəhliz” filmində yer alan şahid ifadələri, Xocalının mülki sakinlərinə qarşı törədilən vəhşiliklər haqqında bəh edən EFA-nın direktoru İrina Biliç qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş qanlı olaylar mövzusu çox vaxt “L'Europe autour de l'Europe” festivalında nümayiş etdirilən filmlərdə də əhatə olunur.
1992-96-cı illərdə Fransanın Azərbaycandakı ilk səfiri olmuş Jean Perrin Xocalı qətliamının fəsadlarını xatırladaraq deyib: “Ermənilər Xocalıda günahsız insanların kütləvi qırğınını törətməklə Azərbaycanı terrorizmə və təzyiqə məruz qoymaq məqsədini güdmüşdülər. Mən Bakıda mərkəzi xəstəxanada qırğından sağ çıxmış insanları ziyarət etdiyim günü ürək ağrısı ilə xatırlayıram. Mən orada gördüklərimi heç zaman unutmayacağam. Xəstəxana yaralılarla, eyni zamanda, döyülmüş, işgəncəyə məruz qalmış, əlləri ayaqları donmuş mülki şəxslərlə dolu idi”.
2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.






Son xəbərlər
Son Xəbərlər