Parisin mərkəzində Xocalı soyqırımı anıldı - Fotolar

parisin-merkezinde-xocali-soyqirimi-anildi-fotolar
Oxunma sayı: 826

"Xocalı faciəsi erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir. Bu faciəni, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdikləri vəhşilikləri və dəhşətləri dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq qarşımızda duran ümdə vəzifədir.

Bu məqsədlə 2009-cu ilin fevralında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası fəaliyyətə başlayıb və uğurla davam edir".

"Qafqazinfo" xəbərf verir ki, bu fikirləri Parisin 4-cü rayonunda yerləşən Notre-Dame les Blancs-Manteaux kilsəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə Fransadakı səfirimiz Rəhman Mustafayev deyib. O, “Xocalıya ədalət!” kampaniyası haqqında ətraflı məlumat verərək, bu kampaniya nəticəsində Xocalı soyqırımının bir çox ölkələrin parlamentləri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən tanındığını qeyd edib.

Bildirib ki, faciənin əsl beynəlxalq hüquqi və siyasi qiymətləndirilməsi, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir:

“Demokratiyanın beşiyi deyilən Fransa, Xocalıda törədilən bu cinayətlərə etinasız qalmayacaq və bu cinayətlərə hüquqi və siyasi qiymət verəcək. Fürsətdən istifadə edərək, Xocalı genosidinin qurbanlarının xatirələrinin anılması üçün Prezidenti Emmanuel Makrona məktub ünvanlamaq təşəbbüslərinə görə bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Assosiasiyalarına təşəkkür edirəm”, - deyə səfir R.Mustafayev diqqətə çatdırıb.

O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları xatırladaraq qeyd edib ki, münaqişənin həlli həvalə edilmiş ATƏT-in Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqını məyus edib. Münaqişənin həlli istiqamətində Fransanın üzərinə xüsusi məsuliyyət düşdüyünü vurğulayaraq diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının üzvü, böyük Avropa ölkəsi statusuna uyğun olaraq ondan obyektivlik, fəal səy göstərməsini gözləyirik. Paris suverenlik, sərhədlərin toxunulmazlığı, insan hüquqları prinsiplərini digər ölkələrə olduğu kimi Azərbaycana və onun vətəndaşlarına da tətbiq etməlidir.

Fransadakı səfirliyimizin və UNESCO yanında daimi nümayəndəliyimizin Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı birgə təşkil etdiyi tədbirdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov və Fransada yaşayan, Xocalının Kosalar kəndində anadan olmuş və 14 yaşında doğma yurdundan didərgin düşmüş Mirzəyev Şahsuvar çıxış edərək Xocalı soyqırımı zamanı erməni silahlı qüvvələrinin dinc sakinlərə qarşı törətdiyi cinayətlərdən söz açıblar.

Anım tədbirinin sonunda Timur Abdikeyev, Vurğun Vəkilov (piano) və Ağarəhim Quliyev (fleyta) “Laçın”, “Sarı gəlin” Xalq mahnılarımızı, eləcə də Fikrət Əmirov, Arif Məlikov, Tofik Quliyev, Sergey Rahmaninov, Andre Kaple, Qara Qarayev, Fərhad Bədəlbəylinin əsərlərini ifa ediblər.