Yəqin ki, heç bir ölkənin parkında bizim parklardakı qədər “otgüdən” yoxdur. Parklarda , şəhərin gözəgəlimli yerlərində yaradılmış “çəmən”lər, “otlaq”ları deyirəm. Peşmansan, çömbəlib ot üstündə oturasan, qəfildən polis geyimində biri yaxınlaşır, əvvəlki vəziyyətə qayıtmağımızı, yaşıllıq zolağını tərk etməyimizi tələb edir. Bu “otgüdən”ləri qınamıram, tapşırıq belədir. Heç kəsin icra hakimlərinin otlaqlarını, qazonunu ayaqlamağa ixtiyarı yoxdur. Vəhşi də deyilik ki, qəsdən ot ayaqlayaq. Bəs bu çəmənlik nəyə gərəkdir?
Azdan –çoxdan gəzdiyimiz, gördüyümüz əcnəbi parklarında camaat hara gəldi sərilir, ot üstündə piknik edir. Hətta İranda lap maraqlıdır. Yay aylarında yol kənarındakı yaşıllıqlarda çadır qurub təbiət qoynunda gecələyənlər var. Yoxsulluqdan deyil, keflərindən.
Bizim parkın yaşıllığına daxil olanda, qaravulçu “ora girməyin” deyəndə, adam özünü otyeyən dördayaqlı kimi hesab edir. Dəfələrlə bunun üstündə mübahisə etmişəm və qarşımdakına çəməndə oturmaq arzumu çatdıra bilməmişəm. Oğlumun bircə dəfə park gülünü qoparması ilə lap işə düşmüşdüm. Uşaq anasının saçını güllə bəzəmək istəyirdi, peşman oldu. Ana-bala münasibətini də beləcə pozarmışlar. O qədər də düşüncəsiz deyilik ki, uşağımıza park gülünü dərməyə icazə verək. Bir iş idi, oldu da. “Otgüdən”lə mübahisənin sonunda, “skoç” tapıb gülü yenidən yerinə yapışdırmaq belə istədim. Bizim təbiət “xəstə”lərimiz. Kişilərin otlağını əzmişik, əzməz olaydıq. O otlaq ki, hər birimizin şərikli ərazisi olmalı idi.
İndi bu “otgüdən”lərin, rayon icra hakimi qaravulçularına necə başa salaq ki, arada bir dünya insanlarına baxın. Biz yaşıllığa oturmaq, sərilmək, piknik etmək qadağalarına tabe olmağa cəhd edilirik. Uşaqlar yaşıllıqda oynamaq, ağac arxasında gizlənmək adətlərini yavaş-yavaş unudurlar. Parka gəl, dik-dik gəz, yorulanda skamya tapmasan, ayaqların şişsin, amma yaşıllıqda oturma. Baxırsan, nə boyda parkda bir neçə skamya qoyulub. Parkın adına gələn skamyalar “böyüklərin” villasının həyətini bəzəyib.
O gün yənə parkdaydıq. Eyni vəziyyətlə qarşılaşdıq. Bir qrup uşaq yaşıllıqda oturmaq istədi. Hardansa uzun çəkmələrdə, yekəqarın, yuxulu bir kişi peyda oldu. “A gədələr durun, rədd olun ordan, otları əzirsiz”,- deyəndə isə, içimdən bu mərifətsizi döymək gəldi, əllərim gicişdi. Uşaqlar qalxdılar, “bəs harda oturaq” deyəndə isə, həmin pəzəvəng “kəndivizdə”, cavabını verdi. Bəs yaxşı kəndi olmayan neyləsin? Güya, kəndin, rayonun çəmənində, meşəsində adamı rahat buraxılar ki. Bura filankəsindir, ora qadağalı ərazidir. Görəsən, italiyalı ətiriyyatçı Mariya Gandia G. Lənkəran meşəsini necə gəzib ki, hələ gedib “Lənkəran meşəsi”(“Lankaran forest”) adlı ətir də istehsal edib. Burnuna quzu kəsək Mariya, biz niyə meşəmizin qoxusunu hiss edə bimirik?
Eybi yox, səbirsizliklə Avropa Oyunlarını, hesabımıza Bakıya gələn əcnəbiləri gözləyirəm. Görəsən, öz ölkələrində harada gəldi sərilmək, otlaq, çəmən deməyib hər yerdə uzanmaq adətli əcnəbilərə nə deyəcəklər? Öz vətəndaşına macal verməyən, dil-dil ötən kişilər xariciləri də “otlaq”dan qovacaqlarmı? Bunu əsla edə bilməzlər. Bəlkə elə biz də onların hesabına öz arzumuzu reala çevirə bilək. Ya da “ingilis gədəsi, ora oturmaq olmaz”, deyəni olsa da təəccüblənmərəm, vallah.
Bu arada ingiliscədə “gədə”yə nə deyilir?
Son xəbərlər
Son Xəbərlər