Parlamentdə “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsi müzakirə olunur

parlamentde-mehkemeler-ve-hakimler-haqqinda-qanun-layihesi-muzakire-olunur
Oxunma sayı: 1899

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliklər Azərbaycan Prezidentinin 2019- cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası məqsədilə hazırlanıb.

Belə ki, layihədə “Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması” adlı yeni maddə əksini tapıb. Həmin maddədə nəzərdə tutulan normaların məqsədi məhkəmələrin eyni xarakterli işlərə baxarkən bir-birinə ziddiyyət təşkil edən qərarların verməsinin qarşısının alınmasıdır. Eyni zamanda, maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların qarşısını almaq məqsədilə Ali Məhkəmə Plenumunun müvafiq izah nəzərdə tutan qərarlarının verilməsi də maddə ilə nəzərdə tutulub.

Layihədə əksini tapmış normalar Ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına yönəlmiş və qanunvericilik təşəbbüsü qaydasında Prezident tərəfindən Milli Məclisə təqdim edilib.

Qanunun 2020-ci il martın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.

Günel Türksoy