“Milli Məclisin rəsmən fəaliyyətə başlamasından 50 gün vaxt keçir. Tərkibinin üçdə biri yenilənən qanunverici orqanda təmsil olunan hər bir adam xalq qarşısında çətin sınaqdan keçib. İndi Azərbaycan və dünya yeni çağırışlarla üz-üzə qalıb”
“Qafqazinfo” xəbər verir ki, bunu deputat, parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O qeyd edib ki, bəşəriyyətin məruz qaldığı qlobal böhrandan sonra çökən iqtisadiyyatlarla birgə dövlətlərin də iflasa uğrayacağını proqnozlaşdırmaq o qədər də çətin deyil: “Ona görə də bütün siyasi elitalar, o cümlədən parlamentlər tarixdə görünməmiş çətin suallar qarşısındadır.
Parlamentin yeni sədarəti işə başlayandan bir az sonra ən azı 6 ölkənin qanunverici orqanı tamam və bir neçəsinin qismən fəaliyyətini dayandırdığı şəraitdə Milli Məclis iki vəzifəni-sürətli bir şəkildə strukturlaşmanı və yeni hüquqi-siyasi vəziyyətə uyğunlaşmaq üçün təcili tədbirləri həyata keçirməli idi. Qısa müddətdə yeni reallıqlara uygunlaşmağa, online platformalarda özünütəşkil etməyə, sənədlərin elektron dövriyyəsinə və deputatların aydın, koordinasiyalı bir şəkildə informasiya məkanına çıxması yeni sədarətin səfərbərlik qabiliyyətini göstərib, əvvəlki idarəçilik ənənələrinə deyil, məhz dəyişikliklərə hazırlığını sübut edib”.
Deputat qeyd edib ki, Milli Məclis sədrinin ötən 50 gündə xarakteri daha çox insanın gözləri qarşısında açılıb, millət vəkilləri ilə qarşılıqlı hörmət və iclasların aparılmasındakı təmkin özünü göstərib:
“Təəssüf ki, bütövlükdə Milli Məclisin daxili interyerində dəbdəbəli görüntünü, biznes klass elementlərini özündə əks etdirən plenar salondakı bütün kresloları dövlətin hazırki siyasi dəyişiklilər dizaynına, məzmununa və yeniliklər fəlsəfinə uygunlaşdırmaq mümkün deyil. Çünki bu xeyli vaxt və xərc tələb edərdi. Bu günlərdə Milli Məclis Aparatının tam tərkibdə buraxılmasına dair imzalanan sərəncam müstəqilliyimizdən keçən son 30 ildə cəsarətli addım olmaqla prezidentin yeni hakimiyyət quruculuğu siyasətinə tamamilə uyğundur. Çünki Parlamentin Aparatı hakimiyyətin kadr bankı funksiyasını yerinə yetirməlidir, administrasiyanın yükünü bölməlidir, hüquqi-siyasi aktların qəbulunda və beynəlxalq əlaqələr sahəsində millət vəkillərinin ən yaxın köməkçilərinə çevrilməlidir.
Ümidvarıq ki, Məclisin Aparatında islahatlar deputatların peşəkar fəaliyyətinə kömək edəcək, hüquqi sənədlərin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcək. Təbii olaraq, islahatlara qarşı gizli iş aparan, informasiya məkanında onu sabotaj və ya şantaj edənlər də tapılacaq. Lakin məqsəd və məram düzgün olanda, uğur qazanılacaq”.
Son xəbərlər
Son Xəbərlər