“Qafqazinfo” xəbər verir ki, sessiyadan öncə partiya rəhbərliyi və məclis üzvləri Fəxri Xiyabanda Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı ziyarət olunub. Sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyanın gündəliyində qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət və bələdiyyə seçkilərinin müzakirəsi daxil edilib.
Klassik Xalq Cəbhəsi Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərində iştirakıyla bağlı partiyanın təşkilatı məsələlər üzrə sədr müavini Xəzər Teyyublu çıxış etdi. O seçkilərə hazırlıqla bağlı ümumi vəziyyət haqqında müvafiq arayış təqdim etdi. Bildirdi ki, ötən müddət ərzində bələdiyyə seçkiləri ilə bağlı KXCP rayon (şəhər) şöbələrində Zona Əlaqələndirmə Komitələrinin yığıncaqları keçirilib.
Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. O, çıxışına 24 iyun- Türklük günü münasibəti ilə məclis üzvlərini təbrik edərək Əbülfəz Elçibəyin xalqımız və dövlətimiz qarşısında göstərdiyi böyük xidmətləri barədə danışıb. KXCP sədri ölkədə və dünyada baş verən hadisələrə toxunub. Krımın Rusiya tərəfindən işğal edilməsi, İraqda İŞİD ordusunun insanlığa sığmayan işğalçılıq hərəkətlərindən danışıb. Ölkədə bütün sahələrdə qanunsuzluğun, korrupsiyanın baş alıb getdiyini, vətəndaşların hüquqlarının kütləvi şəkildə tapdandığını bildirən M. Mirəlioğlu son zamanlar dini cəriyanlara qarşı mübarizə adı altında hakimiyyətin bəzi təhsil mərkəzlərinin bağlamasının yol verilməz olduğunu bildirdi.
Ali Məclisin sessiyasında İraqda baş verən təhlükəli olaylarla bağlı beynəlxalq təşkilatlara və dövlət rəhbərlərinə müraciət qəbul edilib. Müraciətdə deyilir: “İraq və Suriyada baş verən olaylara beynəlxalq təşkilatların, böyük dövlətlərin, region dövlətlərinin adekvat mövqe sərgiləməmələri, terror təşkilatının insanlığa qarşı törətdiyi dəhşətli cinayətlərə seyrçi mövqe tutmaları ilə terrorun məzhəb və etnik qarşıdurmalara çevrilməsinə biganəlik göstərmələri böyük narahatlıqlar doğurur. KXCP dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, böyük dövlətləri, region dövlətlərini, xüsusi ilə Türkiyə hökümətini baş verən faciələrin genişlənməsinin, terrorun, məzhəb qarşıdurmalarının, regionun əsas etnik qruplarından olan türkmənlərin məhv olmasının qarşısının alınması üçün təxirə salınmaz tədbirlər görməyə çağırır”.
Sessiyada KXCP- nin bələdiyyə seçkilərində iştirakla bağlı hazırlıq işlərinin gücləndirilməsi barədə qərar qəbul olunub.