“Qafqazinfo” ya daxil olan müraciətdə bildirilir ki, onuncu gündür ki, Güney Azərbaycanın tanınmış milli fəalı Mahmud Fəzli Təbriz zindanında aclıq aksiyasına başlayıb. Mahmud bəyə mənəvi dəstək əlaməti olaraq bu aksiyaya onun həyat və mübarizə yoldaşı Barış xanım da qoşulub. Mahmud Fəzli Güney Azərbaycan Milli azadlıq hərəkatında ən təmənnasız mübarizə sərgiləyən fəallardan biri olaraq artıq bir ildən çoxdur ki, siyasi fəaliyyətə görə ( Yeni GAMOH təşkilatını yaratdıqlarına görə digər dörd MK üzvü ilə bərabər) 9 il azadlıqdan məhrum edilmişdir. Son günlər həbsxanada baş verən özbaşınalıqlara etiraz olaraq o, həbsdə olduğu bir il müddətində artıq ikinci dəfədir ki, aclıq aksiyasına əl atmağa məcbur olmuşdur. Mahmud Fəzlidən öncə məhbəsdə başqa bir Güneyli işçi haqları müdafiəçisi Şahrux Zamani də Kərəcdəki Rəcaişəhr zindanındakı haqsızlıqlara etiraz olaraq aclıq aksiyasına üz tutmuşdur ki, onun səhhəti hal hazırda daha ağır durumdadır.
Əziz soydaşlarımız!
Təəssüflər olsun ki, totalitar rejimlərdə insan faktoruna önəm verilmədiyi üçün bu kimi vətəndaş etirazları da çox zaman cavabsız qalır. Bu ana qədər Sizlərə qarşı sərgilənən münasibət də bundan fərqli olmamışdır. Ona görə ÜMİD partiyası olaraq məzlum millətimizin dəyərli sərmayələri olan Siz şərəfli soydaşlarımızdan Azərbaycanımızın gələcəyi naminə bu aksiyaya son qoymanızı rica edirik. İnanırıq ki, zəfər sonunda haqqındır!
Son xəbərlər
Son Xəbərlər