Partiya ictimaiyyətə müraciət etdi

partiya-ictimaiyyete-muraciet-etdi
Oxunma sayı: 708


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan müraciədə bildirilir ki, yarandığı gündən icra hakimiyyətinin əlavəsinə çevrilmiş bələdiyyələrin yerli idarəetmədən uzaq formal fəaliyyət göstərdiyi şəraitdə artıq dördüncü dəfədir ki, ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək: “Seçkilərin saxtalaşdırılması, zəruri qanunvericilik bazasının olmaması, mövcud qanunların icra edilməməsi, hakimiyyət orqanlarının üzərilərinə götürdüyü öhdəlikləri yerinə yetirməmələri nəticəsində bələdiyyələr yerlərdə real gücü olmayan əhəmiyyətsiz qurumlara çevrilib. Ölkədə azad, şəffaf və ədalətli seçkilərin keçirilməməsi yerli idarəetmə orqanlarının normal formalaşmasına imkan vermir. Ölkəmizdəki bütün seçkilər, o cümlədən bələdiyyə seçkiləri, kütləvi qanunsuzluqlarala keçirildiyindən bələdiyyələr icra hakimiyyətlərinin maraqları əsasında formalaşır.

Seçkilər bütün mərhələlər üzrə kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Seçki qanunvericiliyi yarıtmaz, seçki əraziləri qanuna zidd, seçki komissiyaları bir qrupun nəzarətində, seçici siyahılarıgercəklikdən uzaq, qeyri-demokratik seçkiqabağı mühit, total saxtakarlıqla müşahidə edilən seçki günü, şikayətlərin obyektiv araşdırılmaması, ümumiyyətlə tamamilə icra hakimiyyətlərinin maraqları çərçivəsində və nəzarətində keçirən seçkilər son iyirmi ilin acı gerçəkliyidir.

KXCP yerli idarəetmə orqanlarının demokratik yollarla formalaşması, 2014-cü il bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün:

- Hakimiyyət orqanlarını: Seçki Məcəlləsində beynəlxalq təşkilatların tövsiyyələrinə uyğun olaraq islahatlar aparılması, seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılması, seçici siyahılarının nəhayət dəqiqləşdirilməsi, seçkiqabağı demokratik mühitin yaradılması, seçki günü saxtakarlıqların qarşısının alınması, seçki şikayətlərinin obyektiv araşdırılmasının təmin edilməsi və icra hakimiyyəti orqanlarının seçkilərə qanunsuz müdaxilələrinin qarşısının alınması üçün zəruri tədbirlər görməyə çağırır.

-Siyasi partiyaları, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, ümumiyyətlə cəmiyyətin bütün təbəqələrini yüksək fəallıqla 2014-cü il bələdiyyə seçkilərinə qoşulmağa çağırır”.